Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Yelisey monastırı

Müqəddəs Yelisey kompleksi - Azərbaycanın keçmiş Ağdərə rayonu ərazisində monastır kompleksi.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, iri baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır.Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılıb, başqa yerlərə aparılımışdır.[1]

Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökmdarı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. Həmin kompleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.

Moisey Kalankatlının əsərində Müqəddəs Yelisey məbədinin tikintisi haqqında məlumatlar vardır. Tarixçi, Müqəddəs Yeliseyin Albaniya hökmdarı III Vaçaqanın zamanında quru cəsədinin əldə olunması barədə danışaraq qeyd edir ki, "müqəddəs Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey (keşiş) Stefan onun başını Urekan kəndində torpağa tapşırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra qardaşlığına köçürdülər və bu yer indi Cirviştek adlanır".[2]

Monastırın planı

Güman etmək olar ki, əvvəllər burada müqəddəs Ners-Mihra qardaşlığının kilsəsi tikilmiş, kilsə onların adını daşımışdır. "Uzun müddətdən sonra Vaçaqanın burada uca sütun tikdirdiyi" nəzərə alınarsa, ehtimal etmək olar ki, buradakı ilkin tikili təxminən V əsrə aiddir.

Moisey Kalankatlının məlumatlarından belə nəticəyə gəlmək olar ki, Cirviştek monastırı erkən alban xristian tikililərindən biri olmuşdur.

Monastırın köhnə foto şəkli

Kompleksin hal-hazırda mövcud olan qalıqları (baş kilsə, yeddi zəng qülləsi, bir sıra yaşayış və təsərrüfat binaları, habelə güclü müdafiə divarları) daha sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar arasında elələri də vardır ki, burada qədim tikililərin mövcud olması fikrinin xeyrinə dəlillər verir. Baş kilsənin divarında həkk olunmuş yazıda deyilir: "Mən, arxidyakon Serob bu müqəddəs guşədə əvvəlki özül üzərində müqəddəs apostolun [kilsəsini] tikdirdim".

Bu ilkin tikilinin tədqiqi məqsədilə baş kilsənin Şərq divarı yanında arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları və məişət əşyaları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Müqəddəs Yelisey məbədi də 8,7 metr uzunluğunda olmuş üçnefli bazilika idi. Məbədin şərq tərəfi nalşəkilli səcdəgah absidası ilə başa çatırdı. Bazilikanın yan neflərinin sonlarında keşiş cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX - X əsrlərdə dağıdılmışdır.


Tarix: 09.03.2013 / 23:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Kilseler
loading...