Azərbaycanda «maskulinizm» sözünü tək-tük insanlar bilir. O da hərəkat adı kimi yox, psixologiyaya, sosiologiya kimi elmlərə aid termin kimi.
Elə Qərbdə də onun haqqında danışmaqdan çox susmağa üstünlük verirlər. Bununla belə Maskulinizm- yəni kişi hərəkatı son iyirmi ildə güclənməyi və ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb. Təbii ki, söhbət Şimali Amerika və qismən də Avropadan gedir.
Əslində Kişi hərəkatı, feminizmin ikinci dalğasının yüksəlişi ilə, demək olar ki, eyni vaxtda yaranıb. Lakin yaxın dövrlərə qədər ona o qədər də əhəmiyyət verilmir, bu fenomen kinayədən başqa heç bir hiss doğurmurdu.
Maskulinizmlə bağlı nəzərəçarpacaq dəyişikliklər keçən əsrin səksəninci illərdə başlayıb. Həmin dövrdə əksər qərb ölkələrində, ilk növbədə də ABŞ-da maskulinizmin müxtəlif cərəyanlarını təmsil edən yeni-yeni təşkilatlar yarandı, onların hər birinin öz lideri oldu, hərəkata qoşulanların artdı. İnternetin də inkişafı nəticəsində gizli sükut divarı («Lace Curtain») yarıldı.
Feminizm kimi kişi hərəkatı da bir neçə qola bölünür- mühafizəkarlar, liberallar, mifopoetik qol və atalıq təşkilatları. Adətən, qollar öz aralarında əlaqə saxlamırlar və mövqecə bir-birindən çox uzaqdırlar. Mühafizəkarlar, hərəkatın ən gənc qolu olsa da, qısa müddət ərzində məşhurlaşmağı bacarıb.
Onların sayı yarim milyonu keçdi
Bu qola daxil olan ən böyük təşkilat «Promise Keepers»-dir. Təşkilat, 1990-cı ildə Kolorado Universitetinin keçmiş futbol məşqçisi Bill Makartni tərəfindən yaradılıb və cəmi beş il sonra yarım milyondan çox kişi ora üzv yazılıb! 1997-ci ildə «Promise Keepers», yüz minlərlə insanın iştirak elədiyi yürüşlə Ağ Evin önündən keçərək bütün Amerikaya öz varlığını xəbər verib. «Promise Keepers» — dini-mühafizəkar təşkilatdır. Məqsədi — feminizm və liberalizmin dağıdıcı təsirinə qarşı mübarizə aparmaq, ənənəvi dəyərləri qorumaqdı.
Mühafizəkarların ikinci böyük təşkilatı «Milisiya»dı. Onun da sıralarında yarım milyona yaxın kişi var. İdeya baxımından «Promise Keepers»-ə yaxın olsa da, ondan fərqli olaraq «Milisiya» — silahlı kişilərin yığnağıdı. Təşkilatın konsepsiyası sadədi: əsl amerikalı dəyərləri təhlükə altındadı, hakimiyyət satqın adamların əlindədi, ölkəni onlardan müdafiə eləmək, amerikalı dəyərlərini qorumaq üçün tezliklə silahdan istifadə eləmək lazım gələcək.
Mühafizəkar qolun populyarlığı doxsanıncı illərdə baş vermiş neomühafizəkar inqilabla izah olunur. Bu hadisə Amerikada o qədər ciddi əks-səda doğurmuşdu ki, Klinton administrasiyası onun təsiri altında qadın üçün analığın və ailənin daha vacib olduğunu etiraf etmiş, üstəlik, BMT-nin «bütün dünyada qadın üçün yeganə alternativ işdir» direktivini təsdiqləməkdən boyun qaçırtmışdı.
Promise keepers
Tənbəl maskulinistlər
Kişi hərəkatının mifopoetik qolu digərlərindən heç bir ictimai işlə məşğul olmamağı ilə fərqlənir. Onun əsas fəaliyyəti kişilərdə əcdadlarının qəhrəmanlıq ruhunu oyatmaq, keçmişdə kişilərin daha ləyaqətli və şərəfli olduqları haqqında danışmaqdan ibarətdi. Amerikalı yazıçı, tərcüməçi və naşir Robert Blay (1926) mifopoetiklərin ideoloqu, onun «Dəmir Con» (1990) adlı məşhur kitabı isə manifesti hesab olunur. Əsər, doğulandan yetkinlik həddinə qədər kişilərin keçdikləri müxtəlif mərhələləri, həmçinin ibtidai kişilik anlayışını araşdırır.
Maskulin ATAlar
Maskulinizmin ən böyük və ən qədim qollarından biri də Atalıqdı. Bu qola daxil olan təşkilatlar, ABŞ-da kişiləri öz övladları üzərində qəyyumluq hüququndan məhrum eləyən qərarların qəbulu ilə eyni dövrdə yaranmağa başlayıb. Zamanla problem daha da kəskinləşdikcə təşkilatların sayı artıb. Hazırda, demək olar ki, bütün qərb ölkələrində bu tip təşkilatlar fəaliyyət göstərir.
Biz ətlik mal deyilik!
Və nəhayət, maskulinizmin liberal qolu. Hərəkatın qədim qollarından sayılsa da, üzvləri o qədər də çox deyil, amma digərlərindən fərqli olaraq, aydın konsepsiyaya və ideologiyaya sahibdir – həyatın bütün sahələrində kişilərin hüquqlarının qorunması. Bu qola aid təşkilatların siyahısına «Azad Kişilər Milli Koalisiya»sı, «Kişilər uğrunda Milli Konqres» daxildir. Amerikalı yazıçı Uorren Farrel liberal qolun qeyri-rəsmi ideoloqu hesab olunur. Farrel ictimai karyerasına möhkəm əqidəli feminist kimi başlayıb. Yazıçının «Azad kişi» adlı ilk kitabı (1974) kişilərin feminizmi dəstəkləməli olduqlarından bəhs edirdi. Farrel yeganə kişidi ki, «Qadınlar üçün Milli Təşkilat»ın Nyu-Yorkdakı rəsmi filialına üç dəfə sədr seçilib. Lakin tədricən, Farrelin baxışları dəyişir. Müəllif, «Kişilər niyə belədirlər?» (1986), «Kişilərin hakimiyyəti haqqında nağıl» (1993) və «Kişilər haqqında yeddi ən böyük əfsanə» (1997) əsərlərində saysız-hesabsız faktlarla kişilərin hakimiyyətə malik, imtiyazlı sinif olduğu barədə ənənəvi təsəvvürləri təkzib eləməyə çalışır: «Ölümün əlli beş əsas səbəbi var və hamısında kişilər daha tez ölürlər – bu, kişilərin üstünlüyü haqqında təsəvvürlərə nə dərəcədə uyğundu? Qadınların müdafiə və yardım axtarmağa ixtiyarları olduğu halda, kişini ətlik heyvan kimi müharibəyə göndərirlər – bu necə hakimiyyətdi ki, hətta öz həyatını qorumağa belə səlahiyyət vermir?»… Hazırda U.Farrel kişi hüquqlarının beynəlxalq səviyyədə qorunması sahəsində çalışır və yazıçılıq fəaliyyətini davam etdirir.
Yuxarıda sadalanan böyük qollarla yanaşı maskulinizmin xırda və az əhəmiyyətli qolları da mövcuddur: məsələn, orduya çağrılmağa qarşı hərəkat (səfərbərlik haqqında qanunun qüvvədə olduğu qərb ölkələrində aktualdı), məcburi atalığa qarşı hərəkat, boşanma prosesində kişilərə qarşı diskriminasiya ilə mübarizə aparan təşkilatlar və s.
Maskulinizmin hazırkı vəziyyəti
maskulinizmİndi isə bir neçə kəlmə də maskulinizmin hazırkı vəziyyəti haqqında… Bir tərəfdən kişinin cəmiyyətdəki rolu və yeri haqqında özünə möhkəm yer eləmiş stereotiplər hərəkatın sürətlə inkişaf etməyinə mane olur. Kobud desək, kişilər zəif olduqlarını boyunlarına almaq istəmirlər. Digər tərəfdən isə KİV sahibləri, biznesmenlər, ictimai və siyasi xadimlərin əksəriyyəti feministləri dəstəkləyir. Məhz, KİV-in səyləri nəticəsində ictimaiyyətdə «bütün siyasi və sosial problemlərin təqsirkarı, imtiyazlı sinfin nüümayəndəsi olan ağ kişi» obrazı yaradılıb. Bu obrazın fonunda kişilərin öz hüquqları uğrunda mübarizə aparması gülünc görünür.
Və bütün bunlar elan olunmamış senzura şəraitində baş verir: kişi fəalların nəhəng informasiya vasitələrinə əlləri çatmır, əksər nəşriyyatlar müxtəlif bəhanələrlə onların kitablarını nəşr eləmək istəmir. Feministlər və onların xeyirxahları kişi fəalları universitetlərə buraxmamaq üçün əllərindən gələni edirlər. Kütləvi informasiya vasitələrində kişilərə qarşı kompaniyalar aparılır, onlar iblis kimi təsvir edilirlər.
O Maskulinizmin axırı nə oldu?
Bəs kişi hərəkatı bu illər ərzində nələrə nail olub? Uorren Farrel deyir: «bir var, qadın yardım istəyir, bir də var, kişi». Bu cümlə kişi hərəkatının qarşısında duran birinci əngəli, əsas problemi dəqiq xarakterizə edir. Bu baxımdan maskulinizmin qismən nail olduğu əsas bir şey var: total senzuraya baxmayaraq özlərini tanıtmağı, amerikalılara, avropalılara kişilərin müdafiəsiz olmadıqlarını göstərməyi bacarıblar. Bunu, kişi saytlarına daxil olanların sayı sübut edir. Lakin hələlik real işlər yoxdu. Hərçənd, atalıq hüququ üzrə təşkilatların fəalları ABŞ-da uşaqlar üzərində müştərək qəyyumluq barədə qanunun qəbuluna nail olublar. Uzun illik mübarizədən sonra təkbaşına qəyyumluq haqqına sahib olan kişilərin sayı artıb. Bu təşkilatların səyi nəticəsində Amerika tarixində ilk dəfə olaraq məhkəmə, kişini aliment ödəməkdən azad eləyən qərar çıxarıb.
Birləşmiş ştatların bir neçə universitetində hərəkatın nümayəndəlikləri açılıb, bir neçə şəhərdə kişilər üçün ilk böhran mərkəzləri yaradılıb. Hərəkatın fəalları seksual təhrik (Sexual Harassment) və cinayətlərdə ittiham olunan kişilərin məhkəmələrində iştirak edirlər. Və nəhayət, bəzi ştatlarda kişilərin hüquqlarının pozulduğu və onlara qarşı müxtəlif diskriminasiya formalarının mövcud olduğunu etiraf edən məhkəmə prosesləri başlayıb.
Ancaq yuxarıda sadalananlar kişi hərəkatının əhəmiyyəti və müasir qərb dünyasına təsiri barədə aydın mənzərə yaratmır. Yəqin ki, bu təsirin ən vacib və obyektiv sübutu feministlərin maskulinzmin varlığını qəbul etməsidi. Belə ki, 1996-cı ildə ABŞ-ın əsas feminist təşkilatı — «Qadınlar üçün Milli təşkilat» kişi hərəkatı tərəfindən gələn təhlükə haqqında elan verdi və bütün feministləri düşmənlə amansız mübarizəyə səslədi. Həmin andan etibarən KİV və internetdə kişi hərəkatının kütləvi diffamasiyası kampaniyası başladı.
Tarix: 28.11.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 280 Bölmə: Kişiler haqqında