Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlarımız kimi seçir: Qasımı, yoxsa Robertonu?

Gecədən xeyli keçmişdi, onsuz da mən həmişə gec yatıram, uzanıb televizora baxırdım. Gördüm, qapı döyülür. Gözlükdən baxdım ki, aşağı mərtəbədəki qonşumdu, əlində də torbaya oxşayan bir şey tutub. Onu əvvəllər də tanıyırdım, sadəcə olaraq, bizim binaya keçənil köçmüşdülər. Hərdən o bizə gəlir, olur, mən onlara gedirəm, ancaq belə gecə vaxtı yox ki... Nə isə, əynimə bir şey geyinib qapını açdım: ”Ayə, Qasım, keç içəri.”
Uşaqları oyatmamaq üçün sakitcə mətbəxə keçdik. Ta, qonaqdı, gəlib, gəlib. Mənim soruşmağım düzgün olmazdı, bildim ki, nəsə bir iş var, qoy özü desin. “Bir şey yemək istəyirsənmi?- dedim,- bəlkə bir, yüz-yüz vuraq?” Qasım qanıqara halda:”Yemək-zad istəmirəm, ancaq yüz olar”- dedi.

Yarımçıq arağı stolun üstünə qoydum. Xırdaca badələri, bir də pendir-çörək, göyərti tapdım. “Götür görək!”- ev yiyəsi kimi səsləndim. Ağzını kağızla siləndən sonra Qasım açıldı:”Ayə, qardaş, heç soruşmursan bu gecə vaxtı nəyə gəlmişəm. Baxdım ki, dərdimi səndən başqa heç kimə deyə bilməyəcəm. Qardaş, bir vaxtlar bizim bu arvad beynimi yeyib-tökdü ki, mən həyət evində yaşamıram, mütləq binaya köçməliyik. Deyirdim, a balam, burda qonşularnan isnişmişik, özümüz də kənd adamlarıyıq, adamın bir ayağı torpaqda olsa yaxşıdı... Xeyri olmadı, yeyib-içdiyimi burnumdan gətirirdi. Axırda, özün bilirsən, evi satdım, borc-xərc, bir az da üstünə qoyub bax, buranı aldım. Dünən işdən çıxıb evə gəlirəm. Zəngi basdım, gördüm içəridən deyir ki, kimdi? Mən də dedim, görmürsən kimdi? Gözlükdən baxır axı. Hə, dedi ki, mən səni tanımıram. Dedim, ağız, camaata sarı ağzımı açdırma, qapını aç! Gördüm, qapını açdı, ancaq zənciri taxıb. Dedim, ağız, dəli olmusan? Bu nədi? Deyir, mənə sənin kimi kişi lazım deyil. Dedim, bə, nətəri kişi istəyirsən? Nə desə yaxşıdı? Deyir, mənə Roberto Karlos kimi dəyərli, sevgi qədri bilən, fiquralı kişi lazımdı”.
- Roberto Karlos kimdi əə? - soruşdum.
- Ayə, tanımırsanmı, - dedi - seriallardakı kişiləri deyir, dana.

Qasım bir-iki dəfə udqunandan sonra əhvalatın dalını danışdı: ”Dedim, deyəsən sənin başına hava gəlib. O qədər seriallara baxır, bəlkə də dəli olub, nə bilim? İndi başa düşürəm ki, bu binaya köçməyi də seriallarda gördüyü evlərə görə imiş. Uşaqlar da onun ağzına baxıb deyirlər ki, bizə sənin kimi ata lazım deyil. Fikirləşdim ki, qonum-qonşu eşitməmiş gedib ayrı yerdə gecələyim, sabaha qədər yəqin ağılları başlarına gələr. Hara gedim, hara getməyim, fikirləşə- fikirləşə küçədə hərlənirdim. Ağlıma gəldi ki, dəmiryol vağzalında gözləmə zalı var. Boş adamam, düz burdan vağzala piyada getmişəm. Getdim gördüm zalda üç dənə alkaş oturub. Skamyaların birində də mən oturdum. Yatamı bilərəm? Alkaşlar o üzümə hərləndilər, bu üzümə hərləndilər, axır ki, biri yaxınlaşıb dedi, ağsaqqal, görürəm qatar gözləyirsən, bəlkə bir araq içək, başımız qatışsın. Dedim, mən içən deyiləm. Dedi, nə olar, bəlkə alasan, biz içək? Gördüm əl çəkməyəcəklər, çıxardıb 5 manat verdim. Baş-başa verib məsləhətləşəndən sonra aralarından birini araq dalınca göndərdilər. Bir də gördüm, göndərilən tayı, budu ha, əlində iki araq zala girdi. Bayaq pul alan yenə mənə yaxınlaşdı: ”Ağsaqqal, qonaq ol!”- dedi. Dedim, siz vurun, mən sonra baxaram.

Sabah işə getməliyəm, bir-iki dostnan təmir işi götürmüşük. Hirsimdən dəli olmuşam, yata bilmirəm. Alkaşlar da küncdəki skamyada içə-içə mübahisə eləyir. Özü də, vağzalda qalan alkaş dəstəsini mən Rusiyada görmüşdüm, əvvəllər bizdə belə şey yox idi. Demək, dünya dəyişir. Gördüm, yata bilməyəcəm, getdim alkaşların yanına. Dedim, deyəsən, mənim qatarım hələ gəlmir, mənə də süzün. Sevinmiş, kirli bir stəkana araq süzüb mənə uzatdılar. Bir saqqallısı gülə-gülə dedi, ağsaqqal, iç, çoxdandı heç bizim də qatar gəlmir. Nə isə, arağın üstündən mənə bir tikə peraşki uzatdılar. Peraşkini tutan əlin uzun, kirli dırnaqları vardı. İstəmədim, sərdikləri qəzetin üstündən nə vaxtsa doğranmiş bir dilim bürüşük limon götürdüm. Bir dəfə də içəndən sonra qılığıma girib məndən 3 manat da aldılar... Beləcə, sabahı vağzalda açdım. Bayaq da gəldim ki, arvad doğurdan qudurub, qapını aralayıb ağzına gələni danışır. Gedib bir az şəhərdə hərləndim, sonra da dedim, gedim görüm dərdimi qonşuya deyə bilərəmmı.”

- İndi nə deyir bəs?- məni lap hirs götürdü.
- İndi də deyir ki, sən mənə heç vaxt “sevirəm” deməmisən. Nə bilim, mənim sevgimə cavab verməmisən, evləndiyimiz günü heç vaxt qeyd eləməmisən. Səni görəndə sevgi hisləri keçirə bilmirəm. Nə bilim, indiyə qədər sevgisiz yaşamışam, indən sonra həyatımı başqa cür qurmaq istəyirəm. Mənə bir dəfə də olsun gül bağışlamamısan... Belə-belə şeylər danışır. Baxdım ki, bunun ciddisidi, saçını da tamam ayrı cür düzəldib. Deyir, artıq mən sevdiyim adamla yaşayacam. Deyirəm, kimnən yaşamaq istəyirsən?. Deyir, hələ ki, o insanı tapmamışam, ancaq indən belə axtaracam. Dedim, ay yazıq, bu seriallar sənin başını xarab eləyib. Onlar aktyorlardı, milyonların içindən seçirlər onları. Eləliyə qalsa sən də heç Mariana deyilsən... Yenə qapını çırpdı üzümə. Qonşulardan abırlanıram, qapı ağzında çox da dava eləyə bilmirəm. Zəng eləyəndə də telefonu götürmür.

- Desən, a kopaqqızı, sənə gül alıb bağışlasam qonum-qonşu nə deyər mənə? Deməzlərmi, bu sarsaq hardan gəlib? Bircə o qalmışdı, həyətdə cavanlar “pıxx!” eləyib bizə barmaq eləsin... İndi nə eləmək istəyirsən? - soruşdum.
- İndilikdə istəyirəm qarajın açarını verəsən,- dedi,- gecəni orda gecələyim. Ayıbdı, gecəni sizdə qalsam sabah yoldaşın deməzmi, öz evini qoyub bizdə niyə gecələyir, düzdümü? Sonra, istəyirəm sabah elə sənnən gedib onu başa salaq ki, ay bədbəxt, o Robertodan əl çək!

Ortalıqda arağımız da qurtarmışdı. Birdən yadıma düşdü bizim evdə də seriallara baxırlar. Fikirləşdim ki, bu yoluxucu xəstəlik bizə keçməmiş Qasımı burdan tez aralamaq lazımdı. Mismardan asılmış ucu kəndirli açarı götürüb onunla həyətə düşdüm.


Tarix: 28.11.2014 / 13:00 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Kişiler haqqında
loading...