Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın süni süd qarışığı ilə qidalandırılması

Əfsuslar olsun ki, elə hallar da olur ki, uşaq, bəzən özünün, bəzən isə anasının sağlamlığında olan bir sıra patoloji pozulmalara görə ana südü ilə qidalandırıla bilmir.

Bu halda uşağa donor südü verilə bilər. Lakin donor südü də uşağa əks-göstərişdirsə və ya donor südü tapmaq mümkün deyilsə, bu halda uşağa süni süd qarışıqlarından biri təyin olunur.

Uşağın qidalandırılması üçün lazım olan süni süd qarışığı onu nəzarətdə saxlayan həkim-pediatr (və ya doğum evində həkim-neonatoloq) tərəfindən seçilməlidir. İmkan daxilində, süd qarışığı uşağın qida rasionuna, miqdarı tədricən artırılmaqla, kiçik paylarla daxil edilməlidir.

Süni süd qarışığını qəbulundan sonra uşağın dərisində səpgilər əmələ gəldikdə, uşaqda gəyirmə, qarnında köp, güclü sancılar olduqda, uşaqda qəbizlik və ya əksinə duru nəcis ifrazı müşahidə edildikdə, bu haqda mütləq pediatra məlumat verin. Çünki, ola bilər ki, seçilmiş süd qarışığı uşağa uyğun gəlməsin. Bu zaman onu yenisi ilə əvəz etmək lazım gəlir. Lakin həkimlə məsləhətləşmədən, bunu, özünüz etməyə tələsməyin.

Bəli, yuxarıda sadalanan əlamətlərin əksəriyyəti süd qarışığının uşağa uyğun gəlməməsi səbəbindən baş verə bilər. Ancaq sancılar, gəyirmə, ishal və s. bu kimi əlamətlər, tamamilə təbii ana südü ilə qidalandırılan uşaqlarda da yarana bilər. Bu səbəbdən, uşağın süni qidalandırılması zamanı bir süd qarışığını digəri ilə əvəz etmək lazım gəldikdə, bunu mütləq pediatrla məsləhətləşdikdən sonra etmək olar.

Süni qidalandırılma zamanı süd qarışığını seçərkən, uşağın fərdi dözümlülüyünü və zövqünü də nəzərə almaq lazımdır. Elə hallar da olur ki, uşaq hər hansı bir süd qarışığına qarşı allergik reaksiya (səpgilər, ishal və s.) verir, digər (bəzən tərkibi təxminən eyni olan) qarışığa isə heç bir mənfi reaksiya vermir. Bu halda süd qarışığını həkimin köməyi ilə eksperiment yolu ilə seçmək lazım gəlir.

Elə də olur ki, hər hansı bir qida, uşağın "ağız dadına” uyğun gəlmir. Uşağı heç bir zaman güclə yedizdirmək olmaz. Əgər sizin təklif etdiyiniz süd qarışığından uşaq inadla imtina edirsə, həkimə bu barədə məlumat verərək, süd qarışığının digəri ilə əvəzlənməsinin lazım olub-olmaması barədə onunla məsləhətləşin. Yadda saxlayın ki, bizim hər birimizin, hətta ən kiçik körpənin belə, fərdi ağız dadı olur.

Əgər uşaq, hər hansı bir süni süd qarışığını yaxşı qəbul edirsə, onu səbəbsiz olaraq dəyişmək olmaz.

Bir süd qarışığının digəri ilə əvəzlənməsinə yalnız aşağıdakı hallarda icazə verilir:

- həmin süd qarışığına qarşı fərdi dözümsüzlük olduqda (əsasən, özünü allergik reaksiyalar şəklində büruzə verir – səpgilər, nəcis ifrazında olan pozulmalar və s.).

- uşaq, birinci pillə süd qarışığının, ikinci pillə süd qarışığı ilə dəyişdirilməsinə icazə verilən yaş həddinə (6 aylığında) çatdıqda. Bu zaman, əgər uşaq, birinci pillənin hər hansı bir süd qarışığını yaxşı qəbul edirdisə, növbəti pillədə ona veriləcək yeni süd qarışığının da həmin seriyadan və eyni istehsalçıdan olması daha yaxşı olardı (məsələn, "qidanın adı”-1, 6 ayından sonra – "qidanın adı” -2).

- uşağa, müalicəvi süd qarışığının verilməsinə tələbat yarandıqda (yalnız həkim təyinatı ilə verilə bilər!).

- müalicəvi süd qarışıqlarının qəbulundan, adaptasiya olunmuş süd qarışıqlarının qəbuluna keçərkən (müalicəvi süd qarışığının təyin edilməsini tələb edən patoloji vəziyyət aradan qaldırıldıqdan sonra).

Süni süd qarışığının dəyişdirilməsi tədricən və müəyyən olunmuş qaydalar əsasında aparılmalıdır. Bu qaydalar əsasən aşağıdakılardır:

- Əvvəlcə köhnə və yeni qida qarışığını körpəyə eyni zamanda vermək lazımdır. Bu zaman qidanın əsas - 2/3 hissəsi onun həmişəki qidası, digər 1/3 hissəsi isə qidalanmaya daxil edilən yeni süd qarışığı olmalıdır (hər biri ayrı-ayrı butulkalarda olmaqla).

- Yeni qidalanmaya keçirilmənin 3-cü və 4-cü günlərində köhnə və yeni qidaların miqdarı bərabərləşdirilərək eyni həcmdə olmaqla verilir.

- Yeni qidalanmaya keçirilmənin 5-ci və 6-cı günlərində uşağa verilən köhnə qidanın həcmi 1/3-ə, yeni qidanın miqdarı isə 2/3-yə çatdırılır.

- Qidalanmanın 7-ci günündə isə uşağı tamamilə yeni qidaya keçirmək olar (uşaqda heç bir allergik reaksiya olmadığı halda).

Tanış olmayan qidaya uşağın orqanizminin adaptasiya etməsi, adətən, bir neçə gün ərzində (orta hesabla 7 gün) baş verir. Belə ki, yeni qida qəbulunun təxminən 2-3-cü günlərində uşağın mədə-bağırsaq sistemində müəyyən pozulmalar (qarında ağrı, nəcisin konsistensiyasının dəyişməsi) yarana bilər. Adətən, 4-5-ci günlərdə hər bir şey normallaşır və bu hal keçib gedir. Yeni qida qəbulunun 6-7-ci günlərində uşaqda səpgi, yanaqlarında nahamarlıq, qızartı əmələ gələrsə, diareya (ishal) və ya qəbizlik baş verərsə, bu halda mütləq həkimlə məsləhətləşmək lazımdır. Bu, yeni qida qarışığının uşaq orqanizminə uyğun gəlməməsi nəticəsində baş verə bilər.

Aşağıdakı hallarda yeni qida qarışığını uşağın rasionuna daxil etmək olmaz:

- uşaq xəstə olduqda;

- uşağın dişləri aktiv şəkildə çıxmağa başladıqda;

- peyvənddən əvvəlki bir neçə gün və ondan sonrakı 1 həftə ərzində;

- yeni əraziyə (və ya digər iqlim zonasına), yeni mənzilə köçdükdə;

- yeni əlavə qidalandırılma (sıyıqlar, püre və s.) ilə eyni zamanda olmaqla.

Bir çox hallarda bəzi analar öz məntiqlərinə və düşüncələrinə əsasən, uşağın qəbul etdiyi süd qarışığını hər hansı bir "daha yaxşı və xeyirli" olan digər süni süd qarışığı ilə bir gün ərzində əvəz edirlər. Bir müddət keçdikdən sonra belə analar yenidən daha yaxşı süd qarışığı "tapır" və hər şey yenə təkrar olunur. Ən yaxşı halda uşaq orqanizmi belə "eksperimentlərə" heç bir mənfi reaksiya verməyə bilər. Lakin bəzən uşaqda belə "təcrübələrin" nəticəsində allergik reaksiya inkişaf edir və ya onun həzm sistemində hər hansı bir pozulma yaranır. Belə "eksperimentlərə" heç bir halda yol vermək olmaz.


Tarix: 05.01.2015 / 16:46 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Körpəyə qulluq
loading...