1.Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir qadın Aişənin (r.a) yanına gəldi. Aişə (r.a) ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları (saxladığı) bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (s.a.s) gəldikdə Aişə (r.a) ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.
2.Aişə (r.a) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
3.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Həsən ibn Əlini (r.a) öpdü. Bu vaxt Əqra ibn Habis (r.a) onun yanında oturmuşdu. Əqra (r.a) dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (s.a.s) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
4.Nomən ibn Bəşir (r.a) rəvayət edir ki, atası onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (s.a.s) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə (edər)”. Peyğəmbər (s.a.s) dedi: “Elə isə belə etmə!”
5.Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.
6.Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İnsanlara rəhm etməyən kimsəyə Allah rəhm etməz”.
7.Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs insanlara rəhm etməsə, Allah da ona rəhm etməz”.
8.Aişə (r.a) rəvayət edir ki, bir dəstə bədəvi Peyğəmbərin (s.a.s) yanına gəldi. Onlardan biri dedi: “Ey Allahın elçisi! Siz uşaqları öpürsünüz! Allaha and olsun ki, biz onları öpmürük”. Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”
9.Əbu Osman rəvayət edir ki, Ömər (r.a) bir kişiyə iş tapşırdı. Kişi dedi: “Mənim filan qədər övladım var, amma onlardan heç birini öpməmişəm”. Ömər dedi: “Qüdrətli və əzəmətli Allah qullarından yalnız qayğıkeş olanlara rəhm edir”.
10.Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah rəhməti yüz hissə etdi. Doxsan doqquzunu Özündə saxlayıb bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır”.
Tarix: 25.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Hedisler