Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN ƏDƏBLƏRİ(II-HİSSƏ)

11. Dua edənin ən birinci özündən başlaması
Ubeyy ibn Kaabdan (radiyallahu anhu) rəvayət olunur ki;

“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) bir kəsi xatırlayıb ona dua etmək istədiyi zaman özündən başlayardı.”[1]

Dua edənin özündən başlaması haqqında “Qurani-Kərim”də çox yerlərdə varid olmuşdur. Necə ki, Allah-təala səhabələrdən sonra gələnlər barəsində buyurmuşdur:


وَالَّذِينَ جَاؤُوا مِن بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَّحِيمٌ?


“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər (tabeinlər) belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”[2]
Əgər insan özü və başqaları üçün dua etmək istəyirsə ən birinci özündən başlamalı, yalnız başqası üçün dua etmək istəyirsə özünə dua etmədən ona etdiyi dua ilə kifayətlənə bilər.
Necə ki, keçən hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) özünə dua etmədən Ubeyd Əbu Amirə dua etdi.

12. Duanı bir neçə dəfə təkrar etmək
Abdullah ibn Məsuddan rəvayət olunur ki;
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) üç dəfə dua və üç dəfə istiğfar etməyi xoşlayardı.” [3]

13. Davamlı olaraq hər bir zaman dua etmək
Dua etməyin mühüm ədəblərindən biri də duanı yalnız çətin hallarda deyil, hər bir zaman, yəni sağlam, varlı, xoşbəxt və s. olarkən etməkdir. Çünki şən və xoş anlarda dua etmək çətinlik və müsibətlərdə edilən duanın qəbul olmasına səbəb olur. Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur;
“Kim Allah-təalanın onun duasını şiddətli və çətinlik anında qəbul etməsini istəyirsə xoş anlarında çoxlu dua etsin.”[4]
Lakin müşriklər yalnız çətin anlarında Allah-təalaya üz tutaraq dua edər, xoş anlarında isə Allahı unudaraq onlara nə bir xeyir verə bilən, nə də bir zərər verə bilməyən daşlara, ağaclara və s. yalvararaq kömək istəyərdilər.
Allah-təala onlar barəsində buyurmuşdur:

“İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”[5]
Həmçinin Allah-təala xoş, gözəl və əmin-amanlıq anlarında Onu unudaraq mal-dövlətinə, cah-cəlalına, vəzifəsinə və s. arxayın olub çətinlik və bədbəxtlik üz verən zaman isə Onu ötəri yad edənlər barəsində buyurmuşdur:


وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاء عَرِيضٍ?


“İnsana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərərək təkəbbürlük edər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).”[6]
Həmçinin, buyurmuşdur:


فَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ بَلْ هِيَ فِتْنَةٌ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ.قَدْ قَالَهَا الَّذِينَ مِن قَبْلِهِمْ فَمَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ?


“İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” - deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi (əzabı onlardan dəf edə bilmədi).”[7]
Başqa bir ayədə isə buyurmuşdur:


وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ?


“İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.”[8]
Abdullah ibn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) ona buyurmuşdur:
“Allahı xoş anında (ibadət, dua və s. edərək) tanı ki, Allah da səni çətin anında tanısın.” [9]
Dahhək (rahiməhullah) demişdir: “Allah-təalanı xoş anlarınızda xatırlayın ki, O da sizi çətin anlarınızda xatırlasın. Necə ki, Yunus (aleyhissəlləm) Allahı xoş anlarında Ona ibadət edərək və s. xatırlayardı. O vaxt ki, balıq onu uddu Allah-təala onu balığın qarnından sağ-salamat xilas edərək belə buyurdu:


فَلَوْلَا أَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ. لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ?


“Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.”[10]
Həmçinin Firon yer üzündə fitnə-fəsad törədər və Allaha ibadət etməyərək Onu xatırlamağı unutmuşdu. O vaxt ki, dənizdə boğulmağa başladı dedi: “İndi Allaha iman etdim” Lakin Allah-təala onun imanını qəbul etməyərək belə buyurur:


آلآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ الْمُفْسِدِينَ?


“İndimi? (Ölüm qabağı, bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!”[11]
Kim Allahı xoş və firavan günlərində tanımazsa Allah-təala da onu ağır günlərində nə dünyada nə də ki, axirətdə tanımaz”[12]
Əbu Dərda (radiyallahu anhu) demişdir; “Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin.”[13]

14. Sevgi, qorxu və ümid ilə yalvararaq dua etmək
Allah-təala öz peyğəmbərlərini öyərək belə demişdir:


فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ?


“Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (dünyaya uşaq gətirməyə) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə dua edirdilər. Onlar Bizə müti idilər.” [14]
Həmçinin mömin qullarını öyərək buyurmuşdur:


تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ?


“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.” [15]

15. Dua edərkən əzm edərək qətiyyətlə istəmək
Yəni dua edərkən “Allahım, istəyirsən məni bağışla”, yaxud “Allahım, istəyirsən mənə rəhm et” deməməlidir. Əksinə qətiyyətlə “Allahım, məni bağışla və mənə rəhm et” deməlidir. Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Heç kəs “Allahım, istəyirsən məni bağışla”, “Allahım, istərsən mənə rəhm et” deməsin. İstədiyini əzm (qətiyyətlə) etsin. Çünki Allahı məcbur edən yoxdur.”[16]
Bəziləri zənn edirlər ki, Allah –təalaya duada “et” deyib müraciət etmək Allaha əmr vermək olduğu üçün ədəbsizlik sayılır. Lakin bu heç də belə deyildir. Çünki bəzən yuxarı təbəqənin aşağı təbəqəyə “et” deyə müraciət etməsi əmr, aşağı təbəqənin yuxarı təbəqəyə “et” deyə müraciət etməsi isə xahiş sayılır.

16. Müsəlmanlar üçün dua etmək
Dua edərkən mühüm məsələlərdən biri də, başqa müsəlmanlar üçün dua etməkdir. Şübhəsiz ki, hər kəs başqasının onun üçün dua etməsini istəyir və buna sevinir. Həmçinin, müsəlman özü üçün istədiyi xeyri başqaları üçün də istəməlidir. Kim belə edərsə, Allah-təala onun üçün müsəlman qardaşlarının dua etməsinə kömək olar.
Əbu Dərdadan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Müsəlman bir kişinin öz (müsəlman) qardaşı üçün onun xəbəri olmadan gizlicə etdiyi duası qəbuldur. Onun (dua edənin) başı üzərində bir mələk vardır ki, hər dəfə qardaşı üçün xeyir dua etdiyi zaman ona vəkil olunmuş mələk deyər: “Amin və sənə də onun mislində.” [17]
Nəvəvi (rahiməhullah) bu hədisin şərhində belə demişdir: “...Sələflərdən bəziləri özü üçün dua etmək istədiyi zaman həmin duanı müsəlman qardaşı üçün edərdi. Çünki insanın müsəlman qardaşı üçün gizlicə etdiyi duası hədisdə göstərildiyi kimi həm öz duasının, həm də başqası üçün etdiyi duanın qəbul olmasına səbəb olur.”[18]
Əgər insan müsəlmanların halına baxarsa, onların müxtəlif çətinliklərdə olduqlarını görər. Şübhəsiz ki, hər bir çətinlikdə olanın müsəlman qardaşlarının onun üçün xeyir-dua etməsinə ehtiyacı vardır. Müsəlmanlardan elələri də vardır ki, fitnə-fəsad və döyüş içərisində yaşayırlar. Artıq düşmənləri onları məğlub etmiş, haqsız yerə qanlarını axıtmışlar. Qadınlarını ərsiz, uşaqlarını yetim qoymuş və mallarını əllərindən almışlar. Müsəlman ümmətinin haqsız yerə zülm olunmaları hər bir müsəlmanı kədərləndirməli və narahat etməlidir.
Necə ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Möminlərin bir-birinə olan sevgisinin, rəhmətinin və şəfqətinin misalı bir cəsədə bənzəyir. Əgər cəsəddən bir üzv ağrılardan şikayət edərsə digər üzvləri yuxusuzluq və qızdırma ilə narahat olar.”[19]
Ona görə də hər bir iman sahibi müsəlman qardaş və bacılarının çəkdikləri ağrılara şərik olmalı və Allahdan səmimi qəlblə onların qəm-kədərlərinin yox olmasını, düşmənlərinin məğlub edilməsini və aralarında əmin-amanlığın bərqərar olmasını istəməlidir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) müsəlmanlara bir müsibət baş verdiyi zaman qunut tutar, onlar üçün Allahdan kömək, düşmənləri üçün isə həlak və məğlubiyyət diləyərdi.


--------------------------------------------------------------------------
[1] - Əbu Davud,3984, Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 4723.
[2] - 59) “əl-Həşr” - 10.
[3] - Əbu Davud, 1524.
[4] - Tirmizi, 3382; Albani həsənləşdirmişdir. “Sahihu-l-cəmi” 6290.
[5] - 39) “əz-Zumər” - 8.
[6] - 41) “Fussilət” - 51.
[7] - 39) “əz-Zümər” - 49-50.
[8] - 10) “Yunus” - 12.
[9] - Əhməd, 1/293, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi” 2961.
[10] - 37) “əs-Saffat” - 143-144.
[11] -10) “Yunus” - 91.
[12] - İbn Rəcəb, “Nuru-l-iqtibəs”, səh. 43.
[13] - “Musannəfu Abdi-r-Razzəq”, 11/180.
[14] - 21) “əl-Ənbiyə” - 90.
[15] - 32) “əs-Səcdə” - 16.
[16] -Buxari, 6339; müslim, 2678.
[17] - Müslim, 2732-ci hədis.
[18] - “Şərhu sahihi Muslim”, 17/51.
[19] -Buxari,5665- ci hədis, Müslim, 2586- cı hədis.


Tarix: 07.05.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 606 Bölmə: Dualar
loading...