Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun Həsənin islahatçılıq fəaliyyəti

Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətini gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi.

Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də deyilir:

"Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı... O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə" də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan "Qanunnamə'ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi".

Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20) alınmağa başlandı. Buradan belə bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10 həcmində alınmırdı. Digər vergilərin də həcmi dəqiqləşdirildi. Məsələn, torpaq vergisi azaldılaraq məhsulun həcminin 1/6-i qədər oldu.

Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi.


Tarix: 13.01.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...