Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzümdil mahalı

Tarixi
Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780-730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi…. Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim. 45 və yaxud 44 şəhəri mən bir gün ərzində fəth etdim. Möhkəmləndirilmiş hökmdar şəhəri Libliu [ni] şəhərini döyüşlə aldım". [1]. Üzümdil mahalı Səfəvi-Osmanlı savaşları dövründə Təbriz əhalisinə ev sahibliyi etmiş, mehmannəvazlıq borcunu yerinə yetirmişdi. I Şah Təhmasib (1524-1576) ordugahını mahalın Eşkənbər dağı deyilən ərazisində qurmuşdu. Osmanlı sultanı II Süleyman (1520-1566) 1548-ci ildə Qızılbaş məmləkətinə üçüncü yürüş etmişdi. Qızılbaşlar osmanlıların üstün təzyiqi nəticəsində şahın qərargahına, Eşkənbərə çəkilmişdilər. [2]. I Şah Təhmasib öz ünlü təzkirəsində yazır ki, əmirlər, camaat və qoşun əhli qərarlaşıb Eşkənbərdən Əhərə getmək istədik. [3]. Mahalın böyük kəndlərindən olan Vərziqan əhalisi əsasən bağçılıqla, bostançılıqla məşğuldur. Kənd əhalisi bağ-bostandan yığdıqları meyvələri, qovun-qarpızları Əhərə, Təbrizə daşıyıb satır, güzəran keçirirdi. Ünlü Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyar sonralar yazırdı:

Vərziqandan armud satan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib, armudlardan alardıq...

[4]. Üzümdil mahalının əhalisi köçəri və oturaq əhalidən ibarət idi. Köçəri əhali yaylaq-qışlaq güzəranı keçirən Hacıəlili eli idi. Hacıəlili eli XVIII yüzilin önlərində oymaq kimi Şahsevən elinə bağlı idi. Qarabağın Arazbar qəzasında qışlayırdı. Arazbar qəzası Araz çayının hər iki yaxasında qərar tuturdu. Oymaq Amadili, Aslandüz, Aşağı Bala Nürkü, Əbülfətan, Məhəmmədcəlil adlı kəndlərdə məskunlaşmışdı. [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000] 1722-ci ildə başlayan Osmanlı yürüşü nədəniylə oymaq əhalisi Arazbardan qaçıb, Qaradağda, Üzimdil mahalının ərazisində məskunlaşdı. Şahsevən elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Köçərkən Arazbar qəzasındakı Qaraxanlı və Mədətli kəndinin camaatı da ona qoşuldu.

Hacəlili oymağını Qaradağa hakim Əbdürrəzzaq xan dəvət etmişdi. Hacıəlili eli Qaraxanlı, Yağbəstili, Mədətli, İnallı, Müqəddəm-Qara, Çaxırlı, Kəngərli, Qarabağlı, Gəncəli, Qacarlı, Zeynallı, Təmirli, Pirəlili oymaqlarından ibarət idi. Hacıəlili elinin başçılarından Alı bəy, oğlanları Balı bəy və Zalı bəy xanlığın ictimai-siyasi həyatında mühim rol oynamışdılar. Mirzə bəy Qurban bəy oğlu əvvəlcə Əbdürrəzzaq xana, onun ölümündən sonra Məhəmmədkazım xana xidmət etmişdi. Hacıəlili elinin başçılarından Əsədulla sultan Qaradağ xanlığının adlı-sanlı sərkərdələrindən idi.


Tarix: 12.01.2015 / 23:53 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Azərbaycan xanlıqları
loading...