Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XIII-XV yüzillərdə memarlığın inkişafı

Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq məktəbi abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.

XV yüzilin sonu – XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.


Tarix: 13.01.2015 / 02:01 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycan xanlıqları
loading...