Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər.
Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir. İori və Alazan çaylarının qovuşuğunda orta əsrlərdə Olom toponimi vardı.
Albaniya toponimlərinin çoxu Musa Kalankatlının Alban tarixində qeyd edilmişdir. Lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki qismə ayırırlar: Albaniyada yaşamış tayfaların adlarını əks etdirənlər; yerin müsbət və mənfi relyef formalarını bildirən sözlərdən ibarət adlar. Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Medz-Arank, Medz-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. aid edilir. Bu toponimlərin Albaniyada yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Kol (Kul), Çol (Çul), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfalarının adlarını əks etdirir. Albaniyanın Lpink, Lubnas, Hereti və Xeni toponimləri isə Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.
Tarix: 09.01.2015 / 17:34 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan toponimləri