Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım Qafarova

Həyatı

Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır.

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir. Bundan başqa "Heç cür qana bilmirəm", "Bir gün sizinlə", "Bir başqa gecə" və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanmışdır. O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülmüşdür. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülmüşdür. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilmişdir.

Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.

9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişmişdir. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunmuşdur.
Filmoqrafiya

Şirbalanın məhəbbəti (film, 1991)
Kənddən gələn var (film, 1997)
Kənddən gələn var-2 (film, 1997)
Yuxu (film, 2001)
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: prodüser
Qayınana (film, 2011)


Tarix: 06.07.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 435 Bölmə: Azərbaycan coğrafiyası
loading...