Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əjdər İbrahimov

Həyatı

1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci Dünya Müharibəsinin iştirakçısı olub. 1952-ci ildə Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-ci illərdə Bakı kinostudiyasında işləyib. 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib. Azərbaycanın xalq atisti fəxri adına və Dövlət Mükafatına layiq görülüb.

Onun böyük ürəyi- Bu sərlövhə görkəmli kinorejissor, Azərbaycanın xalq artisti, Türkmənistanın əməkdar incəsənət xadimi Əjdər İbrahimovun 1958-ci ildə lentə aldığı filmin adından götürülmüşdür. Söz yox ki, öz filmi üçün bu adı Əjdər müəllim təsadüfən seçməmişdi. O, insanları böyük ürək, qəlb sahibi görmək istəyirdi, Əslində özü də geniş qəlbə malik yüksək istedad sahibi idi.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil almışdı. Uşaqlığının və gəncliyinin keçdiyi Türkmənistan mühiti onun xarakterində müəyyən izlər qoysa da, o bütün ruhu, qəlbi ilə azərbaycanlı idi. Azərbaycan nağıllarını oxuyurdu, muğamlarımıza qulaq asırdı. Azərbaycanla bağlı hər şeylə maraqlanırdı. İlk dəfə səhnədə öz sözünü on üç yaşı olanda demişdi. Özü yaşda bir yeniyetmənin rolunu oynamışdı. Səhnədə oynaya-oynaya Aşqabaddakı Teatr Məktəbini bitirmişdi. Ancaq böyük sənətə qədəm qoymamış müharibə başlanmışdı. O müharibənin son günlərinə qədər böyük cəbhə yolu keçdi.

Müharibə Əjdər müəllimin qəlbində dərin iz buraxmışdı. Qəlbində, ruhunda kök salmış bu ağrılı duyğuları əks etdirmək ehtiyacı duyurdu. O, teatr təhsili alsa da, bu hissləri, narahat düşüncələrini kinoya gətirmək istəyirdi. Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil oldu.

Moskva mühiti, institutda böyük sənətkarlarla qarşılaşması Əjdər İbrahimovun dünyagörüşündə yeni bir aləm yaratmışdı. 1952-ci ildə gənc rejissor yenidən Aşqabada — "Türkmənfilm"ə qayıtdı. Burada isə ona yalnız sənədli filmlər çəkməyə icazə verirdilər. "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş vermişdi.

Ancaq həmişə Əjdər müəllimi Vətən torpağı özünə çəkməkdə idi. O, istəyirdi ki, Azərbaycana gəlsin, burada bədii filmlər çəksin. 1954-cü ildə o, bu arzusuna qovuşdu və Bakıya gəldi. Bakıda isə bu dövrdə kino sənətinin yüksəliş dövrü başlayırdı.
Yaradıcılığı

Elə həmin il Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyir.

Ancaq Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdıra bildi. "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə quruluş vermək Əjdər İbrahimovla İlya Qurinə həvalə olunmuşdu. Nazim Hikmətlə Anna Begiçevanın birgə yazdığı ssenari əsasında çəkilmiş bu ekran əsərində Şərq ölkələrindən birində sülh və istiqlaliyyət uğrunda aparılan mübarizədən bəhs edilirdi.

1958-ci ildə isə Əjdər İbrahimov sərbəst şəkildə öz böyük filmini — "Onun böyük ürəyi"ni yaratdı. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Əjdər İbrahimov bu filmlə təsdiq etdi ki, onun rejissor kimi imkanları olduqca böyükdür.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş etdilər. Əjdər İbrahimovun Vyetnamla bağlı fəaliyyəti ayrıca bir tədqiqatın mövzusudur. Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün uşaqlar topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasına fəal iştirak etdi. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradıldı.

Bakıya qayıtdıqdan sonra o burada "İyirmialtılar" filminin istehsalına başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaratdı. Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən bu film kinomuzun qiymətli nümunələrindən biri kimi bu gün də ekranlarımızda nümayiş etdirilir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır. Bu böyük sənətkar bütün ömrünü yaradıcı fəaliyyətə həsr etmiş, müxtəlif ölkələrdə çalışıb kino sənətinin inkişaf tapmasında xüsusi xidmət göstərmişdi. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmamışdı.

Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Ssenarist Marqarita Maleyevanın həyat yoldaşıdır.

Kitabları

Əjdər İbrahimov bir neçə kitabın da müəllifidirː

"Vyetnamda gördüklərim" (1964);
"Günəş ağlayır" (1971);
"Döyüşən Vyetnamın kino sənəti" (1968);
"Tai qəbiləsindən olan qız" (1970).

Adlar və mükafatlar

SSRİ Xalq Artisti
Azərbaycan SSR-in Xalq Artisti (1966)
Azərbaycan Əməkdar İncəsənət Xadimi
Türkmənistan Əməkdar İncəsənət Xadimi (1959)
SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni
"Xalqlar Dostluğu" Ordeni
"Şərəf Nişanı" Ordeni
Vyetnam Demokratik Respublikasının Əmək Ordeni

Əlavələr

1940-cı ildə Aşqabad teatr texnikumunu bitirmişdir.
Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunu bitirmişdir. (1952)
1952-1954-cü illərdə "Türkmənfilm"də çalışmışdır.
1954-1959 Bakı kinostudiyasında işləyib.
1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib.Vyetnam kinosunu yaradanlardan biridir.
1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib.
Yazıçı kimi bir neçə kitabın müəllifidir.
Moskvada yaşamışdır.
Əjdər İbrahimov Sovet kinosunun klassiklərindən idi.
Jurnalist və ssenarist Marqarita Maleyevanın həyat yoldaşı olmuşdur.
Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
2005-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında rejissor haqqında "Narahat Adam" adlı sənədli film çəkilmişdir.

Filmoqrafiya

Firuzə (1953)
Xəzərin Şərqində (1953)
Bəxtiyar (film, 1955)
Görüş (film, 1955)
Bir məhəllədən iki nəfər (film, 1957)
Onun böyük ürəyi (film, 1958)
İyirmialtılar (film, 1966)
Ulduzlar sönmür (film, 1971)
Ürək Məsələləri (1973)
Qayınana (film, 1978)
Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
Qəribə adam (film, 1979)
Narahat adam (film, 1985)

Haqqında çəkilən filmlər

Narahat adam (film, 2005)


Tarix: 06.07.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 407 Bölmə: Azərbaycan coğrafiyası
loading...