Həyatı
aprel 1972-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur[1]. Orta məktəbi bitirmiş və 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Leytenant Şmidt adına zavodda işləmişdir. 1990-cı ildə hərbi xidmətə yollanmış, əvvəlcə Almaniya Demokratik Respublikasında, sonra isə Moskvada xidmət keçmişdir. Daha sonra Bakıya qayıtmış və könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1992-ci ildə Bakı şəhəri ətrafındakı hərbi hissələrdən birində xidmət etmişdir. Xocalı, Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə ona kiçik leytenant rütbəsi verilməklə Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilmişdir. 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Meyiti iki gün döyüş zonasında qalandan sonra götürmək mümkün olmuşdur. 13 fevral 1994-cü ildə Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Atası Miryusif 1989-cu ildə Xocalı rayonunun Meşəli kəndinin müdafiəsində həlak olmuşdur.
Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş kiçik leytenant Orucov Rafiq Miryusif oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Fərraş kənd klubuna Rafiq Miryusif oğlu Orucovun adı verilmişdir.
Tarix: 27.01.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri