Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şıxbabalı türbəsi

Quruluşu
Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də vardır. Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.

Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.

İkiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir.

Bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır.


Tarix: 22.01.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanın müharibələri‎
loading...