Qarabağlıların çoxu kimi Səlim bəy də gözəl avazla oxuyur, həm yaxşı qarmon çalır, həm də poeziyaya və xalq yaradıcılığına böyük həvəs göstərirdi. O, folklor nümunələrini — atalar sözlərini, zərb-məsəlləri, nağılları, bayatıları, tapmacaları və s. toplayır, dövri mətbuatda dərc etdirirdi. Qohum-əqrəba, dost-tanış arasında "Səlim qağa", "Səlim dadaş" kimi müraciət olunan Səlim bəy mətbuat və elm aləmində "Bəy Behbudov", ya da "Behbud bəy Behbudov" kimi tanınır, bədii yazılarını isə bəzən "Bəy Behbud" təxəllüsü ilə imzalayırdı. Yaxın qohumlarından tibb elmləri doktoru Şəmsi Behbudov xatırlayır ki, Səlim bəy onun atası Mirzəli bəyə və əmilərinə göndərdiyi məktubları nəzmlə yazırdı. Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, ədəbi-bədii nümunələrinin toplanılması sahəsində mühüm xidmətləri olan məşhur folklorçu alim Salman Mümtazın 1932-ci ildə bədii nəsrimizin banisi İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsinin yeganə nüsxəsini Xan qızı Xurşidbanu Natəvanın nəvəsi Xasay xan Usmiyevin yaxından köməkliyi ilə Azərbaycan Dövlət Muzeyində tapıb üzə çıxarması ədəbiyyat aləmində sensasiyaya səbəb olmuş və yeniliyə çevrilmişdi. Salman Mümtaz bu əsəri kitab halında çap etdirmək üçün 1933-cü ilin sonlarında "Azərnəşr"in ədəbi irs şöbəsinə təqdim eləmişdi. O zaman nəşriyyatın direktoru vəzifəsində çalışan Məmməd Cuvarlı ədəbiyyat tariximiz üçün böyük əhəmiyyət kəsb edən 60 səhifəlik bu kiçik əsərin ədəbi dəyərini başa düşərək onun nəşrinə icazə vermişdi. Əsas məsələ isə hekayənin tərcüməsi idi. Onu elə bir mütəxəssis dilimizə çevirməliydi ki, həm fransız dilini dərindən, incəliyinə qədər bilsin, həm də əsərdəki milli Azərbaycan ruhunu, koloriti saxlasın. Belə tərcüməçini isə o vaxtlar, necə deyərlər, əldə çıraq axtarırdılar. Salman Mümtazın ağlına gələn ilk mütərcim isə yaxından tanıdığı, savadına və qabiliyyətinə dərindən bələd olduğu Səlim bəy Behbudov oldu. Tərcümə barədə danışıb, razılaşandan sonra hekayəni ona verdi. Redaktorluq isə Əsəd Axundova həvalə olundu. Salman Mümtaz "Ədəbiyyat" qəzetinin 1936-cı il 11 mart tarixli nömrəsində "Yüz il bundan əvvəl Azərbaycan nasiri" adlı məqaləsində bu tərcümə barəsində belə yazırdı: "Mənim tövsiyəmə görə hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa və sətirləri qaralamaqla mənə mühəvvəl edildi". Nəhayət, gərgin zehni əməkdən və ədəbi redaktədən sonra əsərin tərcüməsi nəşriyyata təqdim olundu və hekayə qısa müddətdə işıq üzü gördü. "Rəşid bəy və Səadət xanım"ın fransızcadan tərcümə olunub, nəşr edilməsi Səlim bəy Behbudovu ədəbi ictimaiyyət arasında istedadlı bir mütərcim kimi də tanıtdı və onun adı "Azərnəşr"in tərcüməçiləri siyahısına həmişəlik yazıldı. Çətin və mürəkkəb əsərlərin dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən bu istedadlı tərcüməçi "Azərbaycanca-fransızca-rusca lüğət" üzərində işləməyə başladı. Tərtibçiyə bu işdə bir qadın mütəxəssis də kömək edirdi. Bu fundamental iş hələ başa çatmamış nəşriyyatın bədii ədəbiyyat şöbəsi fransız mahnı janrının mahir ustası kimi şöhrətlənmiş, mahnılarında əsas yeri siyasi satira tutan fransız şairi Pyer Jan Beranjenin "Seçilmiş şeirlər" toplusunu plana saldı və tərcüməni Səlim bəyə tapşırdı. Kitabın redaktoru isə o vaxtlar hələ gənc şair olan Məmməd Rahim idi. Ciddi tərcümə və bədii redaktədən sonra görkəmli fransız şairinin əsərləri azərbaycanlı oxucuların ixtiyarına verildi. Kitabda tərcüməçinin ad-familiyası belə yazılmışdı: "B. Behbudov". Və bu tərcümə də Səlim bəyə böyük şöhrət gətirdi. O, "Azərnəşr"lə müqavilə əsasında əməkdaşlığını bir müddət davam etdirdi, müxtəlif səpkili əsərləri ana dilimizə çevirdi... Böyük Vətən müharibəsi ərəfəsi idi. Səlim bəy nədənsə "Azərnəşr"lə əlaqəsini kəsmişdi və daha tərcümə işləri ilə məşğul olmur, yalnız orta məktəbdə dərs deməklə kifayətlənirdi.
Tarix: 23.01.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 182 Bölmə: Azərbaycanın müharibələri