Bir günlük tələbə
Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub.
Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb.
Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.
Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir. Burada onlar xüsusi təyinatlı batalyonun tərkibinə verilir. Bir müddət səhra və dağ şəraitində ağır təlimlər keçirlər: "Təlimlər çox ağır idi. Təlimlərimizi Baş Qərargahın yüksək rütbəli zabitləri özləri bilavasitə izləyir, nəzarətdə saxlayırdılar. Mənimlə bir yerdə olan iki azərbaycanlıdan biri özünə silahdan atəş açaraq intihar etmək istədi. Ancaq ölmədi. Onu yaralı halda komandir şəxsi heyətin qarşısında güllələdi. Təlimlərə dözə bilməyib qaçanlar da olurdu. Təbii ki onlar da müharibə şərtlərinə uyğun mühakimə olunur və güllələnirdilər".
A. Hüseynov səhra təlimlərindən əlavə alman dilini də az zamanda öyrənir. 1943-cü ilin yayında onları öncə Moskvaya gətirirlər. Burada xüsusi təyinatlılar dəstələrə bölünür və cəbhənin müxtəlif istiqamətlərində diversiya əməliyyatlarının təşkilinə cəlb olunurlar. A. Hüseynovun daxil olduğu dəstə ilk dəfə döyüş üçün təyyarə vasitəsi ilə Ukraynanın qərbinə atılır. Burada indiki Ukrayna və Belarusun bəzi rayonları ərazisində infrastrukturu sıradan çıxarır, almanların cəbhəyə əsgər və texnika daşıyan eşelonlarını partladırlar. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, baş serjant A.Hüseynov xüsusi təyinatlı dəstənin komandiri təyin olunur, ona vaxtından əvvəl zabit rütbəsi verilir. Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) tərkibinə daxil olun bu dəstələrdən birinə komandirlik edən A. Hüseynova DTK sədri Lavrenti Beriya tərəfindən xüsusi təşəkkür təqdim olunur.
1944-cü ilin noyabrında A. Hüseynovun dəstəsi də daxil olmaqla 17 "otryad" yenidən formalaşdırılır. İtkilərin yeri doldurulur, dəstələrə öncə 15 gün istirahət verilir. Daha sonra Şimali Qafqazda onlar yenidən, şəhər döyüşləri üçün təlimlər keçməyə başlayırlar. 1945-ci ilin fevral ayında xüsusi təyinatlı bir neçə batalyon artıq mühasirə vəziyyətində olan Berlin civarına dislokasiya olunur.
A.Hüseynov deyir ki, onların batalyonunda ən aşağı rütbəli döyüşçü serjant olub. Batalyona Moskvadan xüsusi göstəriş olmadan cəbhədə vəziyyət necə olur-olsun döyüşə girməmək tapşırığı verilir. Buna görə də batalyon ön cəbhədəki hissələrdən bir qədər arxada saxlanılır, yalnız hər gün zabit heyəti kəşfiyyat məlumatları əsasında xəritə üzərində təlimatlandırılır: "Burada biz sovet ordusunun itkilərinin şahidi idik. Berlin güclü müdafiə olunurdu. Stalinqraddan da güclü müdafiə təşkil olunmuş, istehkamlar, DOT-lar yaradılmışdı. Müttəfiqlərimiz olan ingilis və amerikanlar almanları əsasən artilleriya və aviasiya atəşi ilə yormaq, itkiləri artırmaqla təslimçiliyə sövq etmək istəyirdilər. Buna görə də onlar açıq döyüşə girmirdilər. Lakin sovet qoşunlarına hər nə bahasına olursa-olsun, Berlini tezliklə almaq tapşırığı verilmişdi. Əslində Berlində hər bina, hər küçə, hər metr torpaq uğrunda qanlı döyüş gedirdi. Almanlar sona qədər döyüşür, təslim olmamaq üçün hətta özlərini öldürürdülər. Artıq bizdə olan məlumata görə, onlar 12-15 yaşlı uşaqları da döyüşlərə cəlb edirdilər. Bu uşaqlar sovet ordusuna çox ağır zərbə vururdular. Aprel ayının 14-də almanlar bizim ordunun bir batalyonunu aldadıb Berlin metrosunun tunelinə salmış, sonra da giriş-çıxışı bağlayıb, onları zəhərli tüstü ilə məhv etmişdilər. Amma əmr əmr idi. Geri çəkilmək olmazdı".
Aprelin 19-da Hitlerin uşaqlardan yaratdığı bölük bunkerin yaxınlığındakı bağda sovet ordusunun motoatıcı rotalarından ikisini tam şəkildə məhv edir.
Aprelin 26-da A.Hüseynovgilin iki batalyonunun zabitləri qərargaha çağırılır. Moskvadan gəlmiş Popov familiyalı polkovnik onları təlimatlandırır və sabahı "Bunker" əməliyyatına start verilir.
Tarix: 23.01.2015 / 15:48 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanın müharibələri