Həyatı
Bəhruz Allahverdi oğlu Nuriyev 1970-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.
1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.
Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Anası Nayidə xalanın dediklərindən: “Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Onun faciəli xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər”.
Bəhruz Nuriyevə “Azərbaycan bayrağı” ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış “Vətənə sipər oğul” kitabçası da var. 826 saylı sabiq “Qurtuluş” batalyonunun qərargah rəisi, Azərbaycan Respublikası Bakı Əlil və Veteranlar Birliyinin sədri Fuad Rzayev Bəhruzun qəhrəmanlığından bunları yazıb: “Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşmən öldürdü. 1993-cü ildə 30 düşməni sıradan çıxarmaq böyük hünər tələb edirdi. Bu hünərin səbəbkarı isə Bəhruz idi. Ümumiyyətlə, Bəhruz bütün döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Çox təəssüflər olsun ki, dəfələrlə mən də təqdimat yazıb göndərmişəm, lakin ona Milli Qəhrəman adını vermədilər. Amma Bəhruz əsl Azərbaycan qəhrəmanıdır”.
Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır. İyulun 7-də onun 42 yaşı tamam oldu.
Anası Nayidə Nuriyeva redaksiyamıza gələrək qəhrəman oğlu barəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaət haqda danışdı. Bildirdi ki, oğlunun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı.
Tarix: 24.01.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Azərbaycanın müharibələri