Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Axundov (coğrafiyaçı)

Həyatı
Sabir Allahverdi oğlu Axundov 1931-ci ildə Ağdamda anadan olmuşdur.

Sabir Axundov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloci-coğrafiya fakültəsində təhsil almış (1950-55), hidrogeoloq ixtisasına yiyələnmişdir. O, Özbəkistanda Surxan-Dərya vilayətinin hidrogeoloci stansiyasında mühəndis-hidrogeoloq (1955-57), Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası, akad.H.Əliyev adına Coğrafiya İnstitutu) Coğrafiya İnstitutunda kiçik elmi işçi (1957-59) vəzifələrində işləmişdir.

Sabir Axundov 1959-1962 illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun əyani aspiranturasında təhsil almış, 1963-cü ildə "Şirvan çaylarının sülb axını" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin institutda 1962-1966 illərdə böyük elmi işçi vəzifəsində işləyən Sabir Axundov 1966-cı ildə Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası, akad.H.Əliyev adına Coğrafiya İnstitutu) Coğrafiya İnstitutunda böyük elmi işçi vəzifəsinə keçirilmişdir . Sabir Axundov 1973-cü ildən ömrünün sonuna kimi akad.H.Əliyev adına Coğrafiya İnstitutunda Çay gətirmələri laboratoriyasına rəhbərlik etmişdir.

Sabir Axundov 1986-cı ildə "Dağ vilayətlərində müasir denudasiya intensivliyinin qiymətləndirilməsi və başvermə qanunauyğunluqları (Şərqi Zaqafqaiya Timsalında)" mövzusunda doktorluq dissertasiyasını tamamlayıb Coğrafiya İnstitutunun Elmi Şurasına təqdim etmişdi. Lakin vaxtsız əcəl onun müdafiəsinə imkan verməmişdir.

Sabir Axundov 1986-cı ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti
Sabir Axundovun əsas elmi işi Azərbaycan dağ çaylarında sülb axınının hərtərəfli öyrənilməsinə həsr edilmişdir. Bununla yanaşı, o, çay hövzələrində baş verən sel hadisələri, eroziya prosesləri, xüsusilə səthi axın intensivliyi, selli çaylarda maksimal sərflər və dağ ərazilərində müasir denudasiya məsələrini tədqiq etmişdir.

Sabir Axundov ali məktəblərdə pedaqoji fəaliyyət də göstərmişdir. Yüksək ixtisaslı hidroloqlar hazırlanmasında xidmətləri var. Onun rəhbərliyi altında bir sıra namizədlik dissertasiyaları müdafiə edilmişdir.

Sabir Axundov 50-dən yuxari elmi əsərin, monoqrafiyanın müəllifidir.


Tarix: 23.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri‎
loading...