Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Abbasqulu - Aşıq Ələsgərdən alınan «tərifnamə»

Ustad aşıq Ələsgərlə görüş Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə olmuşdur. Aşıq Ələsgər öz dəstəsi ilə Gülablı kəndinə toy şənliyində olarkən Aşıq Abbasqulu onunla görüşmüşdür. Gülablı kəndinin qoca sakinləri və aşıqları söyləyirdilər ki, Aşıq Ələsgər Gülablıda olarkən həmin toy axşamı Qarabağa həsr etdiyi “Qarqar” rədifli təcnisini oxumuşdur:

Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa - Qarqar.
Göyçə qar əlindən zara gəlibdir,
Muğan həsrət çəkər: a yağa, qar, qar...

Aşıq Ələsgər üç gün-üç gecə həmin toyda çalıb oxumuş, məclisin dördüncü günü isə yerli aşıqları dinləmişdir. Qocaman aşıqlar və kəndin mötəbər ağsaqqalları Aşıq Ələsgərdən aşıqlıq sənətinə təzəcə qədəm atmış Abbasqulunu dinləməyi xahiş etmişdilər. Məclisə çağırılan Abbasqulu böyük saz və söz ustasının qabağında özünü itirmişdi. Aşıq Ələsgərin istəyi ilə Abbasqulu Valehin “Vücudnamə”sini oxuyur və onun məlahətli səsi, aydın və səlis tələffüzü, gözəl saz çalması ustadın xoşuna gəlir. Abbasqulu öz qoşmalarından bir-ikisini də məharətlə oxuyur. Abbasquludan sonra məşhur Aşıq Nəcəfqulu meydana gəlir, onun yastı balabanda mahir ifası Aşıq Ələsgəri daha da məftun edir. Aşıq Ələsgər üzünü məclis əhlinə tutub deyir ki, “Gülablı camaatı! Siz xoşbəxtsiniz. Ona görə ki, mərhum Valehin yurdu boş qalmayıb. Bu gün doğrudan da Abbasqulunun gözəl oxuması, Nəcəfqulunun əvəzsiz çalğısı məni məftun etdi. Bunların qədrini bilin”.


Tarix: 23.01.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanın müharibələri‎
loading...