Birinci Bakı Yarmarkası
Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır.
Məqsədi
Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi.
İştirakçılar
Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə - yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, 5 xarici, 55-i təsadüfü firmalar idi.
Yerli iştirakçılar
"Azipək";
"Azdəri";
"Azneft";
"Azfarmsənaye";
"Azərittifaq";
"Azərtütün";
və s. birlik və trestlər.
Yarmarkada həmçinin, "Azdövlətbank"ın şöbəsi fəaliyyət göstərirdi.
Xarici iştirakçılar
1922-ci il sentyabrın 14-də RSFSR-in İrandakı səlahiyyətli nümayəndəsi bütün İran tacirlərinə müraciət edərək bildirir ki,
"Sentyabrın 15-də Bakı şəhərində yarmarka açılacaq... Tacirlərin yarmarkaya gəlməsi sərbəstdir və xarici ticarət orqanlarının icazəsi olmadan həyata keçirilir."
Həmçinin, 1922-ci il oktyabr ayının ortalarında yarmarkanın lisenziya bürosu "Zakvneştorq"dan Bakı yarmarkası zamanı "Rosvneştorq", "Zakvneştorq", "Sentrsoyuz" və "Zaksoyuz"dan alınmış Qərbi Avropada istehsal olunan malların İrana maneəsiz ixracına icazə verildiyini bildirən teleqram almışdır.
İran tacirləri Bakı yarmarkalarına pambıq, düyü, yun, mum, tumac, quru meyvələr, gənəgərçək yağı, kitrə və s. gətirmiş, Bakıdan isə qənd, parça, şüşə və rezin məhsulları, kağız, dəmir və polad məmulatları və s. aparmışlar.
İranla yanaşı bu yarmarkalarda Türkiyə və Əfqanıstan tacirləri də iştirak etmişdirlər.
Ticarət dövriyyəsi
Birinci Bakı Yarmarkasının ümumi dövriyyəsi 1865 min rubl, yük dövriyyəsi isə 494252 pud olmuşdur.
İran tacirləri yarmarkaya 138885 pud mal gətirib, buradan vətənə 69594 pud mal apardılar. İranla ticarət dövriyyəsi 220 min rubla bərabər idi.
Əmtəə dövriyəsinin həcminə görə, Birinci Bakı Yarmarkası Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tuturdu.
Növbəti yarmarkalar
İlk yarmarkadan sonra Bakı yarmarkalarının keçirilməsi ənənəyə çevrilmişdir. Ümumilikdə 1922-ci ildən 1929-cu ilə qədər (1928-ci il istisna olmaqla) 7 yarmarka təşkil olunmuş, 1925-ci ildən isə ümumittifaq əhəmiyyətli olmuşdur.
Beləliklə, qeyd etmək lazımdır ki, Bakı yarmarkalarının nüfuzu olduqca yüksək olmuş, yalnız qonşu dövlətlərin deyil, başqa xarici ölkələrin də diqqətini özünə cəlb etmişdir. Hər dəfə yarmarkalarda əvvəlkinə nisbətən daha çox İran tacirləri iştirak etmiş və müvafiq olaraq, ildən-ilə iki qonşu dövlət arasında ticarət dövriyyəsi artmışdır.
1923-cü ildə Bakı Yarmarkası binalarının layihələrində milli memarlıq ənənələri öz əksini tapmışdır.
1925-ci ilin aprel ayında açılan Bakı Yarmarkasının sifarişi ilə "Dördüncü Bakı Yarmarkası" adlı film çəkilmişdir. Filmdə yarmarkadan görüntülər əks etdirilmiş, SSRİ-nin Şərqdəki xarici ticarət problemlərinə toxunulmuşdur.
Bu yarmarkalar 1927-ci ildə SSRİ və İran arasında ticarət sazişinin bağlanması üçün də zəmin yaratmışdır.
1927-ci ilin oktyabr ayında Paris şəhərinin Ticarət Palatası Zaqafqaziya Xalq Ticarət Komissarlığına müraciət edərək, Bakı yarmarkaları haqqında müfəssəl məlumatın göndərilməsini xahiş etmişdir.
1930-cu il martın 16-da SSRİ Əmək və Müdafiə Şurasının qərarı ilə Nijni Novqorod və Bakı yarmarkaları ləğv edilmişdir.
Tarix: 12.02.2015 / 14:41 Müəllif: Feriska Baxılıb: 333 Bölmə: Ümumi