Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir.
Uzun illər təcrid olunmuş şəkildə qalan kənd ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənələrini qoruyub saxlayıb. Bir sözlə, özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətlərini saxlayan Xınalıqla tanış olduqdan sonra belə nəticəyə gəlmək olur ki, bu yaşayış məskəni sivilizasiyanın təsirinə məruz qalmayan canlı tarixdir. Sakinlər arasında kəndin adı haqqında da maraqlı əhvalatlar danışılır. Deyilənlərə görə, əvvəllər bu qədim kənd zəlzələ nəticəsində dağıldıqdan sonra sağ qalanlar həna, yəni xına becərməyə başlayıb. Elə ona görə də kəndin adı Xınalıq adlanır.
Xınalıq yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum olmasa da, bu bölgədə yerləşən kəndlərin əhatə etdiyi ərazidə insanların çox qədim zamanlardan yaşadıqları şübhə doğurmur. Xınalığın ilk müdafiə sistemi məhz qala divarlarından və bürclərdən ibarət olub. Divarlar mühafizə olunmasa da, dağıdılmış piramidaya bənzər bürclər onların varlığından xəbər verir. Yaşayış evləri birotaqlı mənzillərdən və həyətyanı sahəsi olan evlərdən ibarətdir. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları — qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib.
Sakinlər arasında Pir Comərt və ya Əbu Müslüm adlandırılan məscid kəndin ən qədim və əsas piri sayılır. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur.
Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri mövcuddur.
Son illərdə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bu yaşayış məntəqəsinin tarixində ilk dəfə olaraq Quba-Xınalıq yolu asfaltlaşdırılıb, yeni məktəb binası tikilib. Eyni zamanda, dövlət başçısının sərəncamı ilə Xınalıq kəndinə etnoqrafik qoruq statusu verilib.
Xınalıq kəndi XVII-XIX əsrlər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Tarix: 10.12.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Ümumi Melumat