beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluq yaxud insomnia

Yaşlı insanların 30 faizi pis yatır
Faina Georgiyevna Ranevskaya bunları xatırlayır:
«Yuxu dərmanı qəbul edib, uzanmışam. Gah sağ böyrü, gah da sol böyrü üstə dönərək, «yat» deyə özümə əmr edirəm. Heç nə alınmır. Bir saat uzandıqdan sonra mətbəxə keçib, daha bir həb içirəm. Puşkinin şerlərini oxuyaraq, yuxuya gedəcəyimi gözləyirəm. Ən nəhayət, yatıram. Yuxumda Puşkini görürəm. Mən onun ardınca qaçaraq, qışqırıram: «Siz mənim ən çox sevdiyim şairsiniz». О isə cavabında üzünü mənə tutub deyir: «A qoca kaftar, heç bilirsən məni necə təngə gətirmisən!».
Həkimlər ya həyat yoldaşı ilə, ya da iş yerində baş verən mübahisədən bir gün sonrakı gecə yuxusuz qalan insanın durumunda qorxulu heç nə görmürlər. Bütün bunlardan savayı, bəzən toy və digər xoşbəxt hadisələr ərəfəsində də yuxusuzluq müşahidə olunur. Lakin hər gecə, yaxud bir gecədən bir istirahət etmək mümkün olmadıqda, bu hal, daimi yuxusuzluq hesab olunur.
Bəzən bu cür yuxusuzluğa fəal həyat tərzi nəticəsində tez-tez rast gəlinir. Yorğun orqanizm gecələr yatmağın əvəzinə yenə də yüksək tempdə işləməkdə davam edir və yuxusuzluq yaranır.

Neçə saat yatmaq lazımdır?
Bu, yalnız fərdi xüsusiyyətlərdən asılıdır. Orta hesabla insan üçün 7-9 saatlıq yuxu kifayət etdiyi halda, 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal şəxsiyyətlərə də rast gəlmək mümkündür. Yuxunuzun kifayət qədər olub-olmamasını bilmək üçün növbəti suallara cavab vermək gərəkdir:
a) siz iş günlərindən fərqli olaraq istirahət günü daha çox yatırsınız?
b) günorta və axşam saatlarında mütəmadi olaraq yuxusuzluq hiss edib, bəzən isə oturduğunuz yerdə yatırsınız?
c) siz yatağa uzandığınız andan 5 dəqiqə sonra dərhal yuxuya gedirsiniz?
Hər üç suala mənfi cavab verdiyiniz halda, bu, istirahətinizin qaydasında olduğuna işarə edir. Qoy Sizi sonuncu sual çaşdırmasın: normal istirahət edən insanlara, yuxuya getmək üçün, 15-20 dəqiqə kifayət edir.

Bilirsinizmi ki...
- yuxusuzluq daha çox yaddaşa təsir göstərir. insan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir;
- aclıq hissi yatmağa mane olduqda, müəyyən məhsullar ilə qidalanmaq gərəkdir. Bir qisim insanların yatmasına banan, şirə və peçenye, digərlərinə isə isti süd, yumurta, qoz və hind quşunun kababı kömək edir. Hər iki variantdan istifadə edərək, özünüzə yarayan variantı tapın;
- həkimin göstərişi olmadan yuxu dərmanını qəbul etmək səhv hərəkətdir; qeyri-peşəkar, naşı insanlar adətən psixiatriya sahəsində, epilepsiyanın, psixoloji və patoloji zəhlə tökmək hallarının müalicəsi üçün tətbiq edilən dərman vasitələrini məsləhət görürlər.
Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə, onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq gərəkdir.

Yuxusuzluğun dərman vasitəsi qəbul etmədən aradan qaldırılması

İlk növbədə, yuxunun optimal davamiyyətini aydınlaşdırmaq lazımdır (yaş artdıqca о azalır). Tam istirahət üçün 6 saat kifayət etdiyi təqdirdə, siz yataqda 8 saat vaxt itirirsinizsə, burada yuxusuzluqdan danışmağa dəyməz. Sadəcə olaraq yatağınıza yarım saat tez uzanın.
Yuxusuzluqdan həqiqətən də əziyyət çəkən insanlara həkimlər bir neçə məqama fikir verməyi tövsiyə edirlər. Əsas məqam - yuxudan durmaqdır. Yuxuya hazırlıq zamanı hərəkətə icazə verildiyi halda, yuxudan durmaq prosedurası ani baş verməlidir. Yorğunluqdan asılı olmayaraq, istirahət gününü də daxil etməklə, hər gün eyni saatda yuxudan durun.
Heç bir çətinlik olmadan yuxuya getmək üçün gün ərzində fiziki fəallıq nümayiş etdirmək faydalı olardı, bu zaman hovuzda üzmək məcburi deyildir. Bunun üçün təmiz havada 15 dəqiqə idman etmək və yaxud yarım saat gəzmək də (və ya qaçmaq) kifayət edir. Yalnız günorta saatlarında futbol oynamaq və yaxud məşq etmək olar. Ümumiyyətlə, gərəkli işi yatmazdan 3 saat əvvəl icra etmək məqsədəuyğundur. Gümrah qalmaq üçün nanəli və yaxud çobanyastığı ilə dəmlənmiş sakitləşdirici çay içmək də məsləhətdir.

Əgər:
- yuxu prosedurasında 6 saat əvvəl kofein tərkibli məhsulları yeyib, içməsəniz (şokolad, koka-kola, qəhvə, çay);
- tütün çəkən insan axşam siqaretindon imtina etsə (hər bir siqaret yuxunu 52 dəqiqə gecikdirir);
- yuxudan əvvəl spirtli içkidən istifadə etməsəniz (onun köməyi ilə həqiqətən də sərxoş olub yuxuya getmək mümkündür, lakin bu, daha çox istirahətə oxşar olub, tez-tez oyanma halları ilə müşayiət olunacaqdır);
- günorta saatlarında yatmasanız (hətta 15 dəqiqə yatdığınız halda da, gecə yuxusunu pozmuş olursunuz);
- yuxudan əvvəl telefon ilə danışmasanız və yaxud televizora baxmasanız (beyin yeni informasiya alaraq, onu «həzm etməyə» başlayır), rahat yata bilərsiniz.

Əsəblər yorulanda...
Bu narahatlığı aradan qaldırmaq üçün, əsas şərtlərdən biri. Sizin iradəli olmağınızdır, Siz həmçinin əsəb zəifliyi törədən amillərə qarşı müalicə olunmalısınız. Bir sıra maddələr əsəblərin möhkəmlənməsinə kömək edir. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, çörək, alma. zeytun yağı, təzə xama, pendir, badam içi çox faydalıdır;
Əsəbi şəxslərdə adətən yuxusuzluq halları müşahidə edilir. Belələri, ilk növbədə, yuxunun qeydinə qalmalıdırlar. Təsirli müalicə üsulları: açıq havada gəzinti, suda çimmək və müxtəlif əyləncə ilə məşğul olmaq.
Nigarançılıq, təngə gəlmək və s. yorğunluğa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddən çox yorğunluq zamanı yuxusuzluq bas verir, qan təzyiqi yuxarı qalxır, ürək zəifləyir. Bu cür adamlar lazımi qədər istirahət etməyə, az işləyib özünü çox yormamağa, yuxu rejimini saxlamağa diqqət yetirməlidir.
Əsəbi yorğunluq və narahatlıq hallarında bir sıra bitki mənşəli dərmanlar müsbət təsir göstərir. Çobanyastığı gülü yorğunluq, əsəb ağrıları və baş ağrısı üçün faydalıdır. Bunun üçün bir xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynanmış suda bir saat dəmə qoyur, sonra onun şirəsini çəkib bir azca şirin edir və içirlər. Onun yağını isə, əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.

Mənbə Qanun jurnalı

UPD. Kolorado Universitetindən bir qrup alim tərəfindən aparılan araşdırma, yataqda sağa sola dönərək gecəni keçirənlərin, mışıl-mışıl yatanlara nisbətən daha çox kalori itirir. Faktxeber.com-un verdiyi məlumata görə, "Journal of Physiology" jurnalında nümayiş olunan araşdırmaya görə, gecəni yuxusuz keçirən bir nəfərin itirdiyi enerji miqdarı, 8 saat yatarkən itirdiyi enerjidən təxminən 135 kalori çoxdur.
Eksprementdə sağlam olan 7 nəfər könüllü iştirak edib. Araşdırmanın rəhbəri Kennet Vriqtin sözlərinə görə, yuxuda olarkən enerji-kalori yandırmaq imkanı az olur.
Amma mütəxəssislər yuxusuzluğun arıqlamaq üçün təhlükəli üsul olduğunu bildiriblər.
UPD. Yuxusuzluq sağlamlıq üçün təhlükəli ola bilər

Dünyada yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və ya sosial statusundan asılı olmayaraq ən müxtəlif adamlar yuxusuzluqdan əziyyət çəkir. Hətta tam sağlam və uğurlu adam da bu və ya digər şəkildə yuxusuzluqla qarşılaşa bilər. Bu gün statistikaya görə, dünyanın hər üç sakinindən biri yuxusuzluqdan əziyyət çəkir.

Böyük Britaniyadan olan alimlər apardıqları tədqiqatlar sayəsində əmin olmuşlar ki, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici təsir göstərir. Yuxusuzluq ciddi ruhi pozğunluqların meydana çıxmasına səbəb olaraq insanın ağlını başından çıxara bilər. Yuxu orqanizmin ahəngdar fəaliyyəti üçün zəruridir. Beyin hüceyrələrinə də istirahət lazımdır. Onların da bütün digər orqanlar qədər istirahətə ehtiyacı vardır. Alimlər qeyd edirlər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaqdır.

Bununla əlaqədar insanda yuxusuzluğun ilk təzahürləri müşahidə edilən kimi buna qarşı mübarizə aparmaq lazımdır. Bu ilk təzahürlər yuxuyagetmə çətinliklərindən ibarət ola bilər. Əgər insan bunun öhdəsindən vaxtında gəlməsə, sonradan o, xroniki yorğunluq sindromu, daimi stress, qarmaqarışıq fikirlər və məntiqsiz hərəkətlərlə qarşılaşacaqdır. Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir.
Yuxusu ərşə çəkilənlərə məsləhət

Tamamilə yuxusuz heç vaxt yaşaya bilmərik. Bütün insanlar yuxuya ehtiyac duyurlar. Normal yuxu müddəti sutka ərzində 8 saat olmalıdır. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə «insomniya» adlanır.
Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etmədən, zəiflikdən, yorğunlundan, tez əsəbiləşməkdən şikayət etsin.

Bəziləri belə hesab edirlər ki, intellektual və yaradıcı insanlar həmişə yuxusuzluqdan əziyyət çəkirlər. Hətta belə bir fikir var ki, yuxusuzluğun qurbanı daha çox qadınlar olurlar.

Məlumdur ki, yuxusuzluqdan heyvanlar əziyyət çəkmirlər. Deməli, yuxusuzluq müəyyən intellektə sahib insanların xəstəliyidir. Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluğa düçar olurlar. Bu da onların həddən artıq emosional həyatı ilə əlaqədardır. Kişilərdə yuxusuzluq başqa səbəblərdən və daha gec yaşlarında yaranır. Bunlar əsasən karyera və ailə həyatı ilə bağlı problemlərdir. Bununla yanaşı, demək olmaz ki, kişilər daha az emosionaldırlar. Sadəcə, onlar öz problemləri barədə nadir hallarda danışırlar. Bir şey də var ki, 60 yaşından sonra həm qadınların, həm də kişilərin yuxuya olan ehtiyacları 5-6 saata qədər azalır. Bu, ümumi fizioloji prosesdir. Bəziləri isə belə düşünürlər ki, yuxusuzluq hər hansı xəstəliyin göstəricisidir. Əlbəttə ki, yuxusuzluq müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Əgər yatan zaman diskomfort hiss edirsinizsə, hər şeydən əvvəl əsas xəstəliyi - kəskin mədə yarasını, bağırsaqların iltihabını, döş xəstəliklərini müalicə etdirməlisiniz. Yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur. Onlar müalicə olunduqda keçib gedir. Bəzən isə belə olur ki, o özü əsas xəstəlik hesab olunur.

Məsələn, pasient hipertoniyadan müalicə alır. Bu zaman yuxu pozğunluqlarına fikir vermir. Həkim onda yuxusuzluqdan şübhələnir və ona yuxugətirici preparatlar təyin edir və bundan sonra xəstə özünü daha yaxşı hiss edir, onun təzyiqi aşağı düşür.

Bəzi xəstələr yuxusuzluqdan əziyyət çəkən zaman həkimə müraciət etməkdən qorxurlar. Bunun səbəbi isə odur ki, həkim yuxugətirici dərmanlar təyin edə bilər. O isə buna alışacaq və heç vaxt özü yuxuya getməyəcək. Mütəxəssislər isə söyləyirlər ki, qısamüddətli insomniya bir qayda olaraq stressin əlaməti olaraq meydana çıxır. Belə olan halda psixoterapevtin yardımı müsbət nəticə verə bilər. Əlbəttə ki, stress uzun müddət davam edərsə, yuxusuzluq da xroniki hala keçə bilər. Bu ən çox ağır ailə problemləri, iqtisadi böhranlar zamanı baş verir. Ancaq əksər insanlarda dərhal orqanizmin yardımçı imkanları işə düşür və insan qənaətbəxş olmayan bu vəziyyətə uyğunlaşır.

Qısamüddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Bu zaman vərdiş əmələ gəlmir, yuxusuzluq inkişaf etmir, sağlamlığa heç bir zərər gətirmir. Mütəmadi olaraq yuxugətirici dərman preparatının 3-4 gün ərzində qəbul olunması, həqiqətən də, vərdiş yarada bilər. Lakin bundan yaxa qurtarmaq üçün bir neçə gün kifayətdir. Başqa bir məsələ psixoloji amildir. Əgər insan özü həblərdən əl çəkmək istəmirsə, onu ayırmaq çox çətin məsələdir. Yenə də bu işlə məşğul olan mütəxəssis öz təcrübəsindən bizə bir misal göstərir. Belə ki, onun bir pasienti heç bir səbəb olmadan həftədə 2-3 dəfə yuxusuzluqdan əziyyət çəkir. Ona gündəlik tutmağı, ora hər gün nə vaxt yatdığını, nə vaxt oyandığını, gün ərzində nə baş verdiyini, necə yuxuya getdiyini yazmağı məsləhət görürlər. İki həftə sonra məlum olur ki, yuxusuzluq işdə olan periodik xoşagəlməzliklərlə, narahatlıqlarla əlaqədardır. Ona stress əleyhinə dərman preparatı, o cümlədən yuxugətirici təyin edilir. Bu yuxugətirici sxem üzrə deyil, konkret əsəbilik situasiyalarında qəbul edilir. Bir ay sonra problem tamamilə həll olunur və dərman preparatlarına qarşı heç bir vərdiş əmələ gəlmir.[/color]


Tarix: 10.01.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1428 Bölmə: Saglamliq