Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretdən imtina etmək yolları

Siqaret çəkmə pis vərdiş və toksikomaniyanın bir forması olub, demək olar ki, dünyanın bütün ölkələrində geniş yayılmışdır və onunla mübarizə ümumdünya probleminə çevrilmişdir.

Siqaret çəkənlər cəmiyyətin bütün təbəqələri ilə təmsil olunmuşlar. Əfsuslar olsun ki, onların sırasında yeniyetmələr, qızlar, qadınlar və hətta hamilə qadınlar da vardır. Bu acınacaqlı vəziyyət şübhəsiz ki, gələcək nəslin qeyri-sağlam olmasına gətirib çıxara bilər. Siqaret çəkmənin zərərli cəhətlərini oxucuların nəzərinə daha dolğun çatdırmaq üçün tütün bitkisi və onun xüsusiyyətlərinin bir qədər geniş planda verilməsi məqsədəuyğun hesab edilir.

Tütün bitkisi haqqında bəzi məlumatlar

Tütün - Nicotiana cinsinin yer kürəsində 100-ə qədər növü vardır. Ən geniş yayılan və istifadə olunan növü həqiqi tütün - Nicotiana tabacum bitkisidir. Fəsiləsi badımcançiçəklilərdir (Solanaceae).

Hündürlüyü 1-2 m olan birillik ot bitkisidir. Uzunsov-lansetşəkilli, iri, növbəli düzülmüş yarpaqları vardır. Çiçəkləri çəhrayı rəngdə olub, gövdəsinin sonunda süpürgəşəkilli çiçək qrupunda toplanmışlar. Çiçəklərin tacı qıfşəkillidir. Meyvəsi qutucuqdan ibarətdir. Çox sayda xırda toxumları vardır.

Həqiqi tütünün vətəni Cənubi Amerikanın tropik zonalarıdır. Avropaya 1476-cı ildə Kolumbun ekspedisiyası tərəfindən gətirilmişdir və tezliklə İspaniyada, İtaliyada, Belçikada, İsveçrədə və İngiltərədə becərilməyə başlamışdır. Həqiqi tütünün belə tez yayılmasına səbəb, insanların tütünün şəfaverici xassələrə malik olmasına inanmaları idi. Bu bitki Cənubi Amerikanın Tabaqo əyalətində toplanmış və avropalılara "tabak" adı ilə təqdim olunmuşdur. Hal-hazırda həqiqi tütün MDB ölkələrindən Ukraynada, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Moldovada və digərlərində becərilir.

Tütünün narkotik xüsusiyyətləri və bəzi şəfaverici təsirləri hələ eramızdan əvvəl yaşamış insanlara məlum idi. Qazıntı işləri zamanı əldə edilən bəzi tarixi materiallar bunu təsdiq edir.

Misirdə aparılan qazıntı işləri nəticəsində eramızdan əvvəlki XX - XVIII əsrlərə aid olan və tüstünü udmaq üçün istifadə olunan borular (qəlyan) tapılmışdır. Alman etnoqrafı Qyuqe Obermeyer təsdiq edirdi ki, boruların (qəlyan) köməyi ilə yandırılmış bitkilərin tüstüsünü udmaq hələ eramızdan əvvəl 1-ci əsrdə almanlara məlum idi. 1571-ci ildə ispan həkimi Nikolas Matiqopis Amerikanın şəfalı bitkiləri haqqında əsər dərc etdirmiş və göstərmişdir ki, tütün 36-ya qədər xəstəliyi sağalda bilər. Fransada tütünü qədim dövrlərdən etibarən diş və sümük ağrılarında və mədə pozğunluqlarında istifadə etmişlər. Burada tütün müxtəlif xəstəliklər əleyhinə təsir göstərən panasey hesab olunurdu.

I dünya müharibəsi illərində tütün əsgərlərin rasionunun ayrılmaz bir hissəsinə çevrildi və əsgərlərə onu əsəbləri sakitləşdirmək üçün istifadə etməyi məsləhət görürdülər. Papiros çəkmənin Mərkəzi Amerikanın qədim məbədlərində tapılmış rəsmləri eramızdan əvvəlki X əsrə aid olunmuş və yerli həkimlər (türkəçarəçilər) tütünü yüksək qiymətləndirmişlər, ona şəfaverici xüsusiyyətlərin əsas olduğunu söyləmiş və tütünün yarpaqlarını ağrıkəsici vasitə kimi tətbiq etmişlər. Amerikada belə hesab edirdilər ki, tütünün tüstüsünü udmaq allahlarla ünsiyyətə girməyə imkan yaradır.

Tütün yarpağının narkotik xassələri tərkibindəki nikotin və digər alkoloidlərlə əlaqədardır. Nikotinin törəməsi olan nikotin turşusu (PP vitamini) mühüm müalicəvi təsirli vasitə kimi tibdə istifadə edilir.

Tütün tüstüsünün kimyəvi tərkibi və insan orqanizminə təsiri

Tütün tüstüsünün tərkibində insanın sağlamlığı üçün təhlükəli olan bir sıra maddələr, o cümlədən, karbon oksidi (dəm qazı), nikotin alkaloidi, ammonyak, sianid turşusu, tütün qətranı, kanserogen təsirli sulu karbonlar, radioaktiv polonium elementi, hidrogen-sulfid, bədxassəli şişlər törədə bilən (xüsusilə ağciyər şişlərini) kadmium, ondan başqa insan orqanizmi üçün təhlükəli olan nikel, qurğuşun, xrom və stronsium kimi metallar aşkar edilmişdir.

Tütün tüstüsünün tərkibindəki hər bir komponent təklikdə insan orqanizminə kifayət qədər zərərli təsir göstərə bilir. Hamısı birlikdə isə şübhəsiz, bizə onqat, bəlkə də yüzqat artıq təsir göstərməkdir.

Karbon oksidi (dəm qazı) qanda xolesterinin miqdarını artırır və aterosklerozun əmələ gəlməsinə səbəb olur. Bundan başqa o, aşağı ətraf damarlarının zədələnməsi, son nəticədə səyriyən endarteriitin başlanğıc mərhələsində dərinin avazıması (solğunlaşması), barmaqlarda keyləşmə, toxumalarda qidalanmanın pozulması və nəhayət qanqrena xəstəliyinin əmələ gəlməsi ilə müşayiət edilir. Əksər mütəxəssislər belə hesab edirlər ki, karbon oksidindən başqa, bu xəstəliyin meydana gəlməsində nikotin alkaloidi də rol oynayır.

Uzunmüddətli siqaret çəkmə damarların skleroz xəstəliyini törədir, cinsi fəaliyyəti zəiflədir, miokardın infarktı, insult, ürək əzələsinin və beynin arteriyalarının xəstəliklərinin törəməsinə zəmin yaradır. Sianid turşusunun təsirilə insan orqanizmində oksigen aclığı törənir, iflic baş verir və tənəffüs dayanır. Tütün yarpağının əsas komponenti olan nikotin, impulsun sinirdən əzələ daxilinə keçməsini təmin edir, böyük dozalarda isə əzələ sistemini iflic edir.

Siqaret çəkmə bir çox digər fəsadlar da törədir və insanları digər ağır xəstəliklərə düçar edir. Siqaret çəkmənin və ya tütünün "qurbanı" olmamaq üçün həm siqareti təzə başlayanlar, həm də "peşəkar" siqaret çəkənlər bu bəladan canlarını qurtarmaq istəyirlərsə, onu tərgitməyə cəhd göstərməlidirlər.

Bu məqsədə nail olmaq üçün xalq təbabətinin müalicə üsüllarından, məsləhətlərdən, siqaretə qarşı ikrah hissinin oyadılmasıdan və digərlərindən yararlanmaq məqsədəuyğun olardı.



Xalq təbabətinin müalicə üsülları

Aptek gülxətminin kökü - 40 hissə

Ögey ana (dəvədabanı) yarpağı - 40 hissə

Adi qaraqınığın otu - 20 hissə

Göstərilən komponentləri diqqətlə qarışdırırlar, alınan qarışıqdan 3 xörək qaşığı götürüb, termosa yerləşdirir, üzərinə 0,5 l qaynar su əlavə edirlər, 1-2 saat müddətində dəmləyib süzürlər. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edirlər.

Bataqlıq kəcəvərinin kökü - 6,5 hissə

İstiotlu nanənin yarpağı - 3,5 hissə

1 xörək qaşığı qarışığın üzərinə 1 stəkan qaynar su əlavə edib, termosda 1-2 saat müddətində dəmləyib süzürlər. Alınan dəmləmə ilə ağız boşluğunu siqaret çəkməyə həvəs oyandıqda qarqara edirlər. Həmçinin siqaret çəkməyə həvəs oyandıqda bataqlıq kəcəvərinin təzə və ya qurudulmuş kökünü çeynəyirlər. Bu yüngül qusdurucu refleks törədir.

1 xörək qaşığı xırdalanmış vələmir dəninin üzərinə 2 stəkan isti qaynamış su əlavə edirlər, gecə ərzində dəmləyirlər. Səhər 5-10 dəqiqə müddətində qaynadıb süzürlər və çay kimi içirlər. Bu vasitə tütünə qarşı olan həssaslığı azaldır.

Vələmir dəni - 10 hissə

Arpa dəni - 100

Çovdar dəni - 100

Darı dəni - 100

Göstərilən lomponentləri qarışdırırlar, üzərinə 1 l su əlavə edib, qaynayana qədər qızdırırlar, 10 dəqiqə müddətində qaynadırlar, termosa tökürlər, gecə ərzində dəmləyib süzürlər. Alınan dəmləmədən gündə 3-4 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl qəbul edirlər. Siqaret çəkməyə ikrah hissi oyanana qədər qəbul edirlər.

Xalq təbabətinin tütünə qarşı ikrah hissi oyadan vasitələri

At pıtrağı kökünün şirəsindən 25 ml götürüb, 25 ml su ilə və ya kartofun 25 ml şirəsi ilə qarışdırıb, gecə yatmazdan əvvəl içirlər. Müalicə kursunun müddəti 2 həftədir. Bu vasitə insanlarda tütünə qarşı nifrət hissi oyadır.

Balzam çayı

Qara çay - 1 hissə

Kasnının kökü - 0,5 hissə

Gicitkənin yarpağı - 0,5 hissə

İstiotlu nanənin yarpağı - 0,5 hissə

Pişikotunun kökü - 0,25 hissə

Bütün komponentləri qarışdırırlar, quru, kip bağlanan bankaya doldururular. Bu quru qarışıqdan 1 çay qaşığı götürüb 2 stəkan qaynar su ilə 8-10 dəqiqə müddətində dəmləyirlər. Balzamlı çayı ədviyyə ilə qarışdırıb içirlər. Ədviyyəni bu qayda ilə hazırlayırlar: sürtgəcdən keçirilmiş 1 xörək qaşığı çuğunduru 1 çay qaşığı kişmiş, 1/4 çay qaşığı limon və 1 çay qaşığı bal ilə qarışdırıb istifadə edirlər.

Çay xərçəngini kölgəli yerdə qurudurlar, əzib toz şəklinə salırlar. Sonra 10 qram tozu gizlicə tütünlə qarışdırıb siqaret çəkənə verirlər. Bu tütünü çəkən şəxslərdə tezliklə tütünə qarşı ikrah hissi oyadır və onlar tütünü çəkmədən imtina edirlər.

Tütünü mis-2-sulfat duzunun (göy daşın) tozunun yanında 1 sutka ərzində saxlayırlar və sonra çəkməyə verirlər. Belə tütün də çox güclü ikrah hissi yaradır.


Siqaret çəkməni tərgitmək istəyənlər üçün xalq təbabətinin məsləhətləri

- 1 xörək qaşığı çay sodasını 1 stəkan suda həll edirlər, alınan məhlulla gündə bir neçə dəfə qarqara edirlər.

- Tannin maddəsinin 1-2%-li sulu məhlulunu hazırlayırlar və ağız boşluğunu gündə bir neçə dəfə qarqara edirlər.

- Gün ərzində siqareti həmişəkindən 1 ədəd az çəkin.

- Sizin xoşunuza gəlməyən və bəyənməyidiniz siqaret çeşidini çəkməyə başlayın.

- Əgər siz siqareti çox çəkirsinizsə, qərar qəbul edin ki, saatda yalnız 1 siqaret çəkəcəksiniz və sonra tədricən bu intervalı 0,5 saat da uzadacaqsınız.

- Saqqız, nanəli konfet və ya qoz ləpəsini bir ehtiyat kimi həmişə yanınızda gəzdirin və siqaret çəkməyə həvəs oyananda onlardan istifadə edin.

- Siqaret çəkmə ilə bağlı olan hər bir şeyi - siqaretləri, külqabını, kibriti və digər əşyaları gizlədin ki, bu yaramaz vərdiş yadınıza düşməsin.

- Siqaret çəkməkdən bir gün imtina edin, sonra yenə 1 gün çəkməyin, belə davam edin və beləliklə siqareti tamamilə unudun.

- Siqareti tərgitmək üçün ən əlverişli dövr məzuniyyət vaxtı və ya hər hansı xəstəliyin sağalma dövrüdür.

- Siqaret çəkməni tərgidənlər tez-tez təmiz havaya çıxmalıdırlar.

- Siqaret çəkmənin tərgidildiyi dövrdə siqaret çəkənlərin kafelər, restoranlar və siqaret çəkilən digər yerlərə getmələri məsləhət görülmür.

- Dostlarınızı bir yerə toplayın və siqareti tərgitmək haqqında qərarınızı onlara bildirin.

Beləliklə, siqaret çəkməni tərgitməkdə həlledici rolu insanın iradəsi oynayır, göstərilən vasitələr isə yardımçı olurlar.


Tarix: 10.01.2013 / 13:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 676 Bölmə: Saglamliq
loading...