beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkmə və onun zərərləri

Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.
Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.
Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarındakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, - deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir.
Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Bu isə bir müddətdən sonra mədə xorasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və qan təzyiqi yüksəlir.
Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə, əl və ayaqlarına az qan gedər və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatar.
Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, başgicəllənməsi kimi hallar törənə bilir.
Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur.


Siqaretin orqanizmdə törətdiyi zərərlər. 1. Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və yemək borusu xərçənginə səbəb olur.
Öskürdür və bəlğəm əmələ gətirir, xronik bronxitə və emfizemə səbəb olur. Qırtlaq və ağciyər xərçəngi siqaret çəkənlər arasında daha çox müşahidə edilir.
Damar divarlarının elastikliyinin azalmasına səbəb olur. Ətrafların damarlarında qanın paylanması azalır, endoartritə və qanqrenaya səbəb olur. Bu isə əl və ayaqların amputasiyasına (kəsilməsinə), şikəstliyə gətirib çıxarır. Beyini qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic törənə bilər. Ürək xəstəliklərinin, xüsusən ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, həm də infarktdan ölüm təsadüfləri 10 dəfə daha çox müşahidə edilir.
Hafizə zəifləyir, çünki damarlar kirəcləşir. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışlar yaranır. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğulması, hətta ölüdoğulma ehtimalı artır. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir, evdə siqaret çəkən ata öz uşaqlarını da zəhərləyir.
Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını axtarsınlar.
Siqaret çəkənlərin bu videoya baxması tövsiyə olunur:


Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Psixi pozğunluqları olan adamlar daha çox siqaret çəkirlər
Avstraliyada aparılmış tədqiqat göstərmişdir ki, psixi pozğunluqları olan adamlar sağlam adamlara nisbətən 4 dəfə çox siqaret çəkirlər. Melbrun Universitetindən olan Kristina Sakson-Mellerin rəhbərliyi altında alimlər qrupu əksəriyyəti şizofreniyadan əziyyət çəkən 280 pasientin vərdişlərini tədqiq etmişlər.
Müəyyən olunmuşdur ki, onlar arasında 62 faizi siqaret çəkir. Bu isə siqaret çəkənlərin sayı yalnız 16 faiz olan Avstraliyanın əsas əhalisi ilə müqayisədə 4 dəfə çoxdur.Psixi pozğunluqları olan avstraliyalılar orta hesabla gündə 22 siqaret çəkir, ən çox siqaret çəkən isə gündə 80-ə qədər siqaret çəkir. Psixi xəstəlikləri olan bu adamların yalnız 59 faizi siqaret çəkməkdən imtina etmək istəmişlər. Lakin onların yalnız 12 faizi bunu etməyə müəssər olmuşdur.
Məlumatda qeyd edilir ki, psixoanalitiklərin fikrincə, siqaretçəkmə oral (ağız) zonasının qıcıqlanması ilə əlaqədardır. Bu isə körpənin həyatda aldığı ilk ləzzətdir: o, süd soran zaman doyur və müdafiə hissi alır. Bu cür mövqedən yanaşılarsa, bu, narahatçılıq, gizlənmə həvəsi, gərginlikdən qaçmaq əlamətidir. Alimlər hesab edirlər ki, məhz buna görə də siqaret çəkmə hallarına psixi cəhətdən xəstə olan adamlarda sağlam adamlara nisbətən daha çox rast gəlinir.

UPD. Siqaretin daha bir zərəri
Siqaret tüstüsünün tərkibində sağlamlıq üçün çox sayda təhlükəli kimyəvi birləşmələr, onlarca kanserogen (xərçəng törədici) maddə olduğu çoxdan bəllidir. Siqaret çəkənlər üçün yeni bəd xəbər isə ondan ibarətdir ki, bu maddələrin bir qismi qana keçdiyi andan çox qısa müddətdə zəhərə çevrilir. Bu faktı Minnesota Universitetinin (ABŞ) kimya alimləri müəyyənləşdiriblər.
Tədqiqat üçün 11 nəfər siqaretə aludə könüllü seçilib. Onlar tərkibi nişanlanmış fenantren (C14H10) - aromatik karbohidrogenlə zəngin tüstü ilə nəfəs almalı olublar. Siqaret tüstüsündə bol olan bu birləşməyə kanserogen aktivliyi dərəcəsi fərqli çox sayda müxtəlif qrup maddələr daxildir.
Analiz nəticəsində bəlli olub ki, tüstü udulduqdan cəmi 15-30 dəqiqə sonra qanda fenantrenin son dərəcədə təhlükəli törəmələri əmələ gəlir. Bu törəmə kimyəvi birləşmələr genetik quruluşda - DNT-də dəyişikliklər doğuracaq qədər güclü dağıdıcı təsirə malikdir.
Beləliklə, alınan elmi nəticə belədir: siqaret tüstüsünün kanserogen təsiri bu vaxta qədər düşünüldüyü kimi haçansa gələcəkdə deyil, orqanizmə, qana bilavasitə daxil olduğu andan başlayır. Bu, qana birbaşa zəhərli maddə yeridilməsi qədər təhlükəlidir və siqaret çəkənlər yenicə aşkara çıxarılmış bu cəhəti ciddi qəbul etməli, vərdişlərindən birdəfəlik əl çəkməlidirlər.
Doğrudur, insan orqanizmi özünümüdafiə sistemi ilə təchiz olunduğundan bu sayaq şüurlu özünəqəsd əməllərinə də müqavimət göstərir və DNT dəyişikliklərinə uyğunlaşır, labüd və qaçılmaz sonluq yubanır. Amma orqanizmin özünüqoruma xüsusiyyəti heç də sərhədsiz deyil...
Sübh tezdən siqaret çəkmək daha zərərlidir

Amerikalı alimlərin fikrincə, səhər tezdən siqaret çəkənlərin qanında nikotinin miqdarı sonrakı dövrlərə görə daha çox olur. Bu çəkilən siqaretin sayından da asılı deyil, yəni bir siqaret də olsa, orqanizmdə nikotinin miqdarı həddindən artıq çoxalır. Bu laboratoriya sınaqları ilə də təsdiqini tapıb. Həqiqətən də səhər siqaret çəkənlərin qanındakı nikotinin miqdarı günün digər vaxtlarında siqaret çəkənlərə nisbətən olduqca yüksək çıxıb. Eksperimentdə 250 nəfər siqaret çəkən iştirak edib. Günə bir qutu - 20 ədəd siqaret çəkən şəxslərin qanındakı nikotinin miqdarı çəkilmə vaxtlarından asılı olaraq nəzərəçarpacaq dərəcədə fərqlənib. Yuxudan oyandıqdan yarım saat sonra siqaret yandıranların qanındakı nikotinin miqdarı daha gec çəkməyə başlayanlarla müqayisədə 75 (!) dəfə artıq olub. Nəticənin fərqli çıxmasının səbəblərini isə alimlər dəqiq izah edə bilmirlər.
Xatırladaq ki, nikotin siqaretin tərkibindəki kanserogen - xərçəng törədən onlarca maddədən biridir və ümumi zəhərləyici təsirə malikdir.


Tarix: 10.01.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 845 Bölmə: Saglamliq