beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam olun

İnsan üçün həyatda ən qiymətli nemət can sağlığıdır. Canınızın sağlamlığını istəyirsinizsə qəbul etdiyiniz qidalardan hansılarının xeyirli, hansılarının zərərli olmasını öyrənin. Xüsusilə də müasir dövrdə viruslardan əmələ gələn bir çox xəstəliklərin geniş yayılması bunu vacib edir. Ona görə də qəbul etdiyiniz qidanın mənbəyini və onun sağlamlığa xeyirli və ya zərərli olmasını bilsəniz, xəstələnmə ehtimalınız yüzdə ona qədər azalar. Sağlam qalmaq üçün isə qəbul etdiyiniz qidaların tərkibini öyrənmək və hansı qidanın necə xeyirli və ya zərərli xüsusiyyətə malik olduğunu bilmək lazımdır.

Qəhvəyi düyü
Çoxları karbohidratları az yeməyə çalışır, çünki ümumi fikirə görə insan onlardan kökəlir. Lakin onlar ümumi energetik səviyyəni saxlamaq üçün çox vacibdir. Qabıqlı yarmalardan hazırlanmış ərzaqları yaddan çıxarmayın: bura tərkibində çoxlu liflər olan qəhvəyi düyü, çörək və s. aiddir. Bu, xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, ürək-damar xəstəlikləri, düz bağırsağın xərçəngi, öd kisəsində daş əmələ gəlmə, diabet və piylənmə riskini azaldır. Həmçinin, yaşlandıqca aktivliyi azalan bağırsaqların sağlamlığı üçün vacib əhəmiyyət daşıyır.

Toyuq yumurtası
Toyuq yumurtası haqqında çox vaxt pis fikir söyləyirlər. Lakin yumurta gözləri kataraktadan qoruyan zülal lüteinin mənbəyidir. Tədqiqatlar güman etməyə əsas verir ki, onlar tromb əmələ gəlməsinin qarşısını alaraq, infarkt və insult riskini azaldır. Bu yaxınlarda aparılmış araşdırmalara görə, həftə ərzində 6 ədəd yumurta yemək süd vəzi xərçəngi riskini 44% azaldır. Artıq dietoloqlar belə deyirlər ki, gündə 1- 2 ədəd yumurta qanda xolesterini artırmır. Belə ki, orqanizm xolesterini yumurtanın da aid olduğu xolesterinlə zəngin ərzaqlardan almır, özü doymuş yağlardan yaradır.

Süd
Yaşlandıqca bizim kalsiuma təlabatımız artır, ona görə də gündəlik rasionumuza kalsium ilə zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun profilaktikası və sümüklər üçün lazım olan kalsium ilə zəngindir. Hər gün 2 stəkan yağsız süd və ya qatıq için və kalsium ilə zəngin meyvələri rasionunuza daxil edin.

İspanaq
Bu ərzaqda qidalı maddələr digər ərzaqlara nisbətən coxdur. İspanaq, dəmir, vitamin A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan qorunmağa kömək edən antioksidantlarla zəngindir. İspanaq orqanizmi düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir. Yumurtadakı kimi o, gözlər üçün faydalı olan lütein ilə zəngindir. Ona görə də səhər yeməyi zamanı ispanaq ilə yumurta yemək məsləhətdir.

Toyuq əti
Bu, ən faydalı ətdir. Yağı az olan döş ətindən istifadə edin və dərisini soyun. Bundan başqa, toyuq əti zülallarla zəngindir və sümüklərin kütləsinin azalmasının qarşısını alır. O həmçinin, xərçəngin qarşısını alan selenin və enerjiniyüksəldən , beynin işini gücləndirən B vitaminlərinin mənbəyidir.

Qızıl balıq əti
Xolesterinin səviyyəsini aşağı salan, xərçəngin bir neçə növündən qoruyan və tromb əmələ gəlməsinin qarşısını alan omega-3 yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir və yaddaşın itməsinin qarşısını alır. Onun tərkibində nikotin turşusu da var ki, bəzi məlumatlara görə, “alsheymer” xəstəliyindən müdafiə edir. Həftədə 3 dəfə konservləşdirilmlş və ya təzə qızıl balıq əti yeyin. Omega-3 yağlar qrupu həmçinin, qozların da tərkibində mövcuddur.

Qaragilə
Bu kiçik, möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar var ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürəkdamar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir. Qaragilə insultdan sonra beyin fəaliyyəti pozğunluğunun azalmasına kömək edir və qida traktının iltihabını azaldır, mədə pozğunluğunun qarşısını alır.

Otlar
Yaşlandıqca bizim dad bilməmiz kütləşir və yeməyi dada gətirmək üçün ən asan yol ona duz əlavə etməkdir. Lakin duz arterial təzyiqi artıtır. Buna görə də ən yaxşısı yeməyə otların və ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru ot və ədviyyatların olması əlverişlidir.

Sarımsaq
Kiçik bir baş sarımsağın çox böyük üstünlükləri var. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult riskini azaldır. O, həmçinin, iltihab əleyhinə təsirə malik olub, artiritlərdə ağrı və şişin azalmasına kömək edir. Diabetlər üçün də faydalıdır. Əgər siz onun iyinə dözə bilmirsinizsə, onda sarımsaq kapsullarından istifadə edin.

Bütün bu məsləhətlərlə yanaşı, Ankara Tibb Mərkəzinin həkimi Fatih Aydının qidalarla bağlı qısa müsahibəsini də oxucularımızın nəzərinə çatdırırıq:

Qida qəbulunda nələrə diqqət yetirmək lazımdır?
Qida qəbulunda diqqət yetirilməli məsələ, davamlı olaraq balanslı yemək yeməkdir.
Yəni proteinləri, yağları, karbohidratları normasında qəbul etmək lazımdır. Bundan əlavə, yeməyi vaxtlı-vaxtında yemək daha məsləhətlidir. Bir sözlə, qidanı düzgün və balanslı qəbul etmək lazımdır. Əgər daimi balans pozulsa, yəni davamlı olaraq yağlar, daha artıq karbohidratlar qəbul edilsə böyük problemlər əmələ gələ bilər.
Qeyd etdiyimiz bu qidaların hər biri özünəməxsus problemlər yaradır.

Yemək rejimini necə qurmaq lazımdır?
Xüsusilə 8 saatdan bir yemək lazımdır. Mədə narahatçılığı olan, eləcə də şəkərli diabet xəstəliyi olan insanlar isə 4 saatdan bir yemək yeyə bilərlər. Yəni, onlar az-az və tez-tez yeməlidirlər. Ancaq normal bir insandan danışırıqsa, 8 saatdan bir yemək yemək daha məqsədəuyğundur. Səhərlər çox yemək yeyilə bilər.
Günorta isə axşama nisbətən çox yemək olar. Axşamlara gəlincə, ağır yeməklər yemək yaxşı deyil. Ümumiyətlə, axşam saat 7-dən və ya 8-dən sonra ağır yemək qəbul etmək olmaz.

Oruc tutarkən qida qəbulunda nələrə əməl etmək lazımdır ki, mədə narahatçılığı baş verməsin?
Orucluqda mədəni qorumaq üçün diqqətli olmaq lazımdır. Səhər yeməyi nə qədər yeyilsə problem yaranmaz. Ancaq bəlli olduğu kimi, səhər yeməyindən sonra bir az yatmaq üçün vaxt olur. Bu zaman yatmaq olmaz. Çünki mədə ağırlaşa bilər və insan gün boyu narahatlıq keçirə bilər. Çünki yeyib yatandan sonra mədə turşusu qida borusuna doğru qayıdır və bu vəziyyət getdikcə artmağa başlayır. Uzun zaman ac qalmaq mədələri həssas olan insanlara narahatlıq yaradır. Ancaq uzun müddət ac qaldıqdan sonra yemək çox yeyilərsə, bunun da mədəyə ayrı zərəri olar.
İftar zamanı insanlar birdən-birə çox yeməməlidir. Əvvəlcə az bir şey yeyib, yarım saat və ya bir saat sonra yeməyə davam etmək olar. Orucluq vaxtı bu şəkildə yemək yeyilərsə, narahatçılıq yaranmaz.

Hansı qidalar insan orqanizmi üçün xeyirlidir?
Hər bir qida normasında qəbul edilərsə problem yaranmaz. Ancaq elə qidalar da var ki, onların orqanizmə heç bir ziyanı yoxdur. Məsələn, insan il ərzində istədiyi qədər toyuq əti, balıq, göyərti, meyvə-tərəvəz yeyə bilər.
Bunların mədəyə heç bir ziyanı yoxdur. Ancaq karbohidratlarla, yağlarla bol olan şirin şeylər, qoyun əti, kərə yağı və mal əti kimi qidalar il ərzində az istifadə olunmalıdır. Spirtli içkilər və siqaretə gəlincə, bunlar mədədəki turşuluğu artırır və mədənin müdafiə mexanizmini pozur. Eyni zamanda mədədə xora və yara əmələ gəlməsinə səbəb olur.


Tarix: 27.12.2012 / 18:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 838 Bölmə: Saglamliq