beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərraf Şiruyə

Hacıyev Şiruyə Həsən oğlu 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərmişdir.

1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.

1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. İgid döyüşçülərimizin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.

Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir və yazdığı şeirlər pərəstişkarlarının dillər əzbəridir.

"Ağlama bülbül, ağlama"(1994), "Ölümdən sonrakı ömür" (1997), "Bu ocağın odu sönməz"(1998), "Cəsurlar"(2000), "İgid ölər, adı qalar"(2002), "Ayrılığın sonu varmış"(2006), "Könlüm Göyçəni istər"(2006), "Tərtərin yaralı cəngavərləri"(2006), "Mən haqqa sığınmışam"(2007), "Hər görüş bir xatirədir"(2007), "Göyçədən gələn səslər"(2008) və seçilmiş əsərləri (altı cild) kitabları çap olunub.

Hal-hazırda Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayır və ədəbi fəaliyyətini davam etdirir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.


Tarix: 05.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 195 Bölmə: Qərbi Azərbaycan