beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl Vəliyev

İsmayıl Ömər oğlu Vəliyev - Yazıçı-publisist, filologiya elmləri doktoru, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, qəzetçi-yazar.
Həyatı
İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSRnin Allahverdi rayonunda anadan olmuş, 1965-ci ildə 8 illik məktəbi, 1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləmişdir. Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışmışdır. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil almışdır. Tələbəlik illərində Kiyevdə, Lvovda və Moskvada keçirilmiş Ümumittifaq Tələbə-Elmi konfransların-da çıxış edərək diplomlara layiq görülmüşdür. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləmişdir. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxumuş və oranı "əlaçı" diplomu ilə bitirmişdir. 1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987-1989) vəzifələrində işləmişdir. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini (1989-1991), baş redaktor (1991-1992), Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru (1991-1992) olmuşdur. 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olmuşdur.


Tarix: 05.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Qərbi Azərbaycan