beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəbə.

KƏBƏ

Xeyli şadəm, ey müsəlmanlar, vüsalı bilmişəm,
Könlümün ayinəsindən qəm qübarın silmişəm,
Qul seçib şahim məni, dərgahi-yarə gəlmişəm,
Olmuşam, əlhəmdulillah, mən də zəvvar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Bir məqamdır ki, söz acizdir verə təsvirini,
Özgə ecaz yox aparsın qəlbdən təsirini,
Bəllidir tarixdən İbrahim edib təmirini,
Ta o gündən ad verib insan “xilaskar” Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Kəbə bir aydır, müsəlmanlar olubdur haləsi,
Bir tərəf “əl əfv ya Rəb”, bir tərəf təkbir səsi,
Yüksəlir “ləbbeyk Allahümmə ləbbeyk” naləsi,
Məğfirət istər tutub üz hər günahkar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Çağlayır insan seli, dillərdə ah, gözlərdə yaş,
Hər təvafında gəlir ruhə təlaş üstən təlaş,
Qoç nədir qurban kəsim? Qurban bu can, qurban bu baş,
Hansı yolla eyləyim bu eşqi izhar Kəbəyə?
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Bir yanında qarə daş var ərşi-Əladən düşüb,
Qarə xaldır ruyi-yarə nəqşi-Valadən düşüb,
Bir şəfəq var məcərin üstündə Tahadən düşüb,
San gəlibdir Əhmədi-Məhmudi-Muxtar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Pak divarlar ki açılmışdı Əli mövluduna,
Çatların saxlar ki aşiqlər çata məqsuduna,
Ey könül, zəvvarsən Şahi-Vila məbuduna,
Sürt üzün, öp, çün əlin çəkmiş o dildar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Ey könül, daşdandı Kəbə, sən sücud etmə daşa,
O daşa hikmət nədən gəlmiş onu dərk et, yaşa,
Bir kiçik məhşərdi, məna eyləsəm gəlməz başa,
Bu yetər qul tək gəlir sultanü sərdar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Xaliqə min şükr, oldu Kəbə qismət Arifə,
Hər bəladən Həyyü Davər verdi fürsət Arifə,
Ta qiyamət bəs edər bu varü dövlət Arifə,
Hər işi, hər kəlməsi olsun səzavar Kəbəyə,
Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.


Tarix: 08.06.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar