beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkfir Fitnəsi

Həmdsənalar Allaha məxsusdur! Peyğəmbərlərin ən şərəflisi Məhəmmədə (sallallahu əleyhi və səlləm), ailəsinə, əshabələrinə və Onun yolunu davam etdirənlərə Allahın salavatı və salamı olsun!
Uca Allah Qurani Kərimdə buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: «Sən mömin deyilsən!» - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa, 4/94).
Ayəni təfsir edən İbn Abbas (r.a.) demişdir: "Bəni Səlim qəbiləsindən olan bir kişi öz qoyunları ilə, Peyğəmbərin (s.ə.s.) əshabələrindən ibarət kiçik bir dəstənin yanından keçərkən onları salamladı. Onlar isə: "Qorunmaq üçün bizə salam verdi" – deyərək, onu öldürdülər. Sonra həmin kişinin qoyunlarını götürüb Peyğəmbərin (s.ə.s.) hüzuruna gəldilər. Uca Allah hadisə ilə bağlı: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin!..." ayəsini nazil etdi". (Buxari, 4591; Səhih Tirmizi, 3030)

Digər bir rəvayətdə İbn Abbas (r.a.) demişdir: "Miqdəd ibn əl-Əsvədin iştirak etdiyi bir dəstə, Peyğəmbərin (s.ə.s.) tapşırığına əsasən gəlib bir tayfanın yanına çatdılar. Lakin onlar çoxsaylı malından ayrılmamış bir kişidən başqa hamının qaçdığını gördülər. Kişi onları görcək: Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur – dedi. Miqdəd hücum çəkərək onu öldürdü. Dəstə üzvlərindən biri ona dedi: Sən Allahdan başqa ibadətə layiq ilahın olmadığına şəhadət verən bir insanımı öldürdün? Allaha and olsun ki, mən bunu Peyğəmbərə (s.ə.s.) xəbər verəcəyəm. Onlar Peyğəmbərin (s.ə.s.) yanına qayıtdıqda: Ey Allahın rəsulu! Bir kişi, Allahdan başqa ibadətə layiq ilahın olmadığına şəhadət verdi. Miqdəd isə onu öldürdü. Peyğəmbər (s.ə.s.): Miqdədi yanıma çağırın – deyə buyurdu və ona: "Ey Miqdəd! Sən Allahdan başqa ibadətə layiq ilahın olmadığına şəhadət verən bir insanımı öldürdün? Bəs sabah (yəni, Qiyamət günü həmin kişi) Allahdan başqa ibadətə layiq ilah yoxdur şəhadətilə (gəlsə) halın necə olacaq? – sualını verdi. Allah da: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin!..." ayəsini nazil etdi. Peyğəmbər (s.ə.s.) Miqdədə belə buyurdu: O, kafir qövmün yanında imanını gizlədən bir kişi idi. İmanını üzə çıxartdıqda sən onu öldürdün. Axı sən də bundan əvvəl Məkkədə ikən imanını gizlədirdin" (Hədis alimi əl-Heysəmi "Məcmu əz-Zəvaid" (7/66, hədis 10943) əsərində hədisin Bəzzər tərəfindən rəvayət edildiyini və isnadının etibarlı (ərəb. - ceyyid) olduğunu bildirmişdir).

İbn Kəsir, "...lakin Allah sizə mərhəmət etdi..." ayəsini təfsir edərək demişdir: "Yəni tövbələrinizi qəbul etdi. Usamə məsələ ilə bağlı Peyğəmbərin (s.ə.s.) mövqeyini görüb, bu kişidən sonra bir də "Lə iləhə illəllah" deyəni öldürməyəcəyinə and içmişdir" (Təfsir İbn Kəsir 1/717).

Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (Buxari 6045, Muslim 61). Digər rəvayətdə isə buyurulur: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" – deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (Buxari 6104, Muslim 60).

Müsəlman bacı və qardaşlarım! Bilin ki, imtahan məğzli bu dünyada dediyimiz sözlərə və etdiyimiz əməllərə görə Qiyamət günü sorgu-sual olunacağıq. Elə isə söz və əməllərimizin Qurana, Peyğəmbərin səhih hədislərinə və birinciləri əshabələr olan Sələfin yoluna nə qədər uyğun olub-olmamasına diqqət yetirək. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "...Əshabələrim də getsə, ümmətimə qorxudulduğu gələr". İmam Muslimin Səhihindəki bu hədisi şərh edən Nəvəvi demişdir: "Yəni, dində bidətlər və yeniliklər meydana gələcək, fitnələr baş verəcək..." (Şərh Muslim 6/65, hədis 2531)

Şeyxülislam İbn Teymiyə demişdir: Bu ümmətdə ilk dəfə meydana gəlmiş və parçalanmaya səbəb olmuş bidəti, günah iş tutmuş şəxsi kafir hesab edən xəvariclər etmişdir (Fətəva, 12/470 və 19/71). Mən onlara sələfdən və alimlərdən nəql edilmiş "Kim filan-filan sözləri deyibsə, kafirdir" ifadəsinin də həqiqət olduğunu izah etməyə çalışırdım. Lakin burada ümumi ifadə ilə xüsusiləşdirmə arasında fərq qoyulması vacib idi. Vaidlə (yəni, Cəhənnəm əzabı ilə) əlaqəli bu mövzu ümmətin əsas əqidə məsələsində çəkişdiyi ən birinci məsələdir. Quranın Cəhənnəm barəsindəki ayələri ümumi şəkildədir. Necə ki, uca Allah buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər" (Nisa, 4/10). "Kim filan işi görərsə, ona filan cəza veriləcək" deyə varid olan digər ayələr də belədir. Ümumi şəkilli bütün bu buyrulanlar sələfin dediyi "kim filan cür deyibsə, filankəsdir" sözləri ilə eyni qaydadadır. Müəyyən bir şəxsə gəlincə onun barəsində verilən vaid hökmü tövbə etmək, günahları siləcək savablar, günahları yumaq üçün göndərilən müsibətlər və ya da məqbul bir şəfaət vasitəsilə ləğv edilə bilər. Kimisə kafir adlandırmaq vaidlə bağlı bir məsələdir. Deyilən sözün Peygəmbərin buyurduğunu belə yalanlamasına baxmayaraq ola bilər ki, həmin insan İslamı yeni qəbul etmiş və ya uzaq bir səhrada yaşamış olsun. Belə bir şəxs nəyi inkar etməsindən asılı olmayaraq ona həqiqət çatdırılmayana qədər kafir adlandırılmaz. Ola da bilər ki, insan bu sübutları eşitməyib və ya eşidib lakin etibarlı saymayıb və ya başqa bir dəlillə ziddiyyətli görərək onları yozmağı vacib sayıbdır. Baxmayaraq ki, səhv edibdir. Mən həmişə Buxari və Muslimdə rəvayət edilən: "Mən öldükdən sonra cəsədimi yandırın və külümü dənizə səpin. Allaha and olsun ki, əgər Allahın mənə (yəni, məni diriltməyə) gücü çatarsa, məni aləmlərdən heç kimin görmədiyi bir əzabla cəzalandırar. Onlar bu deyilənləri yerinə yetirdilər. Allah ona buyurdu: Səni belə bir iş tutmağa nə vadar etdi? O, dedi: Səndən olan qorxum. Allah da onu bağışladı" - hədisini xatırladırdım. Bu kişi Allahın qüdrətinə və külünün səpilməsindən sonra dirildilə bilməsinə şəkk etdi. Həmçinin o öz qayıdışının mümkünsüzlüyünü etiqad etmişdir. Bu isə müsəlmanların yekdil rəyi ilə küfrdür. Lakin həmin insan cahil idi və bunu bilmirdi. O, bununla yanaşı gördüyü işə görə Allahın onu cəzalandırmasından qorxan bir mömin idi. Elə bu səbəbdən də bağışlandı. Məsələyə yozum verən və Peyğəmbərə (s.ə.s.) tabe olmağa çalışan ictihad əhli bagışlanmaya, bu kəsdən daha çox layiqdir (Fətəva, 3/230). Peyğəmbərdən (s.ə.s.) rəvayət olunan etibarlı hədisdə o buyurmuşdur: "Allah içkiyə, onu düzəldənə, düzəltdirənə, daşıyana, süzənə, içənə, satana, alana və pulunu yeyənə lənət etsin" (əl-İrva, 1529). Səhihliyi sübuta yetirilmiş başqa bir hədisdə bildirilir ki, Peyğəmbərin (s.ə.s.) dövründə uzunqulaq ləqəbli çox içki içən bir nəfər var idi. Onu hər dəfə Peyğəmbərin (s.ə.s.) hüzuruna gətirdikdə çubuqlayardı. Növbəti dəfə cəzalandırmağa gətirildikdə bir kişi: Allah buna lənət etsin. Onu nə çox Peyğəmbərin hüzuruna gətirirlər – dedi. Peyğəmbər (s.ə.s.) buyurdu: Onu lənətləmə! Axı o, Allahı və Rəsulunu sevir". (Buxari, 6780) Peyğəmbər (s.ə.s.) içki içəni ümumi qaydada lənətləyərək, müəyyən bir mömini lənətləməyi qadağan etmişdir. Necə ki, biz uca Allahın: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər" (Nisa, 4/10) - buyurduğu kimi deyirik. Heç kimə müəyyən bir şəxsin Cəhənnəmlik olduğunu bildirməsinə icazə verilməyir. Buna səbəb, həmin adamın tövbə etməsi, günahlarını siləcək savablarla və ya onları yumaq üçün göndərilən müsibətlərlə Allahın bağışlanılmasını qazanması və ya da məqbul bir şəfaətə nail olması ola bilər. Bu, hər bir başçıya və qeyrisinə aiddir. Onun hər hansı bir zülm etməsi isə, bizim onu lənətləməyimizə və Cəhənnəmlik olduğunu deməyimizə əsas vermir. Kim də bu məsələyə müdaxilə edərsə, bidət və zəlalət əhli olar (Fətəva, 4/474). Mən müəyyən bir şəxsin kafir, fasiq və ya asi adlandırılmasını qadağan edən insanların ən qabaqcıllarındanam. Yalnız müxalif olduğu şəriət dəlilləri həmin şəxsə çatdırıldıqdan sonra onun hərdən kafir, başqa bir dəfə fasiq və ya asi olmasından danışıla bilər. Sələfin bu kimi məsələlərdə çəkişməsinə baxmayaraq onlardan heç biri digərinin kafir, fasiq və ya asi adlandırmamışdır (Fətəva, 3/229). Bu səbəbdən də elm və sünnə əhli müxalif olan kimsəni, onları kafir adlandırsa belə kafir hesab etmirdilər. Çünki küfr şəriət hökmüdür və insanın eyni tərzdə cavab verməsi yolverilməzdir. Məsələn, kiminsə sənə yalan danışması və ya ailənə qarşı bir əxlaqsızlıq etməsi, sənin də ona yalan danışmana və ailəsinə qarşı əxlaqsızlıq etmənə izn vermir. Çünki yalan və əxlaqsızlıq, uca Allahın haqqı olduğuna görə haramdır. Kiminsə kafir adlandırılması da Allahın haqqıdır. Ona görə Allahın və Onun Peyğəmbərinin kafir adlandırdığı kəsdən başqası kafir hesab edilməz. (Minhəcus-sünnə 5/244). Müəyyən bir şəxsin kafir adlandırılmasının qarşısını alacaq şərtlər və maneələr vardır. Şərtlərin olması və bunun qarşısını alacaq maneələrin götürülməsi istisna olmaqla, ümumi şəkildə təkfir etmə müəyyən bir insanın kafir olmasını zəruri etmir. İmam Əhmədin və digər alimlərin ümumi ifadələrdən istifadə etməsi, lakin bununla yanaşı belə kəlmələri tələffüz edən heç bir insanı kafir adlandırmaması məsələyə aydınlıq gətirir (Fətəva, 12/487). İmam Əhməd Allahın ad və sifətlərini inkar edən Cəhmiçiləri kafir hesab edirdi. Çünki onların sözləri Peyğəmbərin (s.ə.s.) gətirdiyinə zidd idi... Lakin buna baxmayaraq onların özlərini fərdi şəkildə kafir adlandırmırdı... Həmçinin imam Şəfii: Quran məxluqdur - deyən Həfs əl-Fərdə: Sən Əzəmətli Allaha qarşı küfrmü etdin? – demiş və bununla həmin sözün küfr oldluğunu bəyan etmişdir. Lakin yalnız bundan ötrü Həfsin mürtədliyinə hökm verməmişdir. Çünki ona insanı kafir edəcək dəlilləri sübut etməmişdir. Əgər mürtəd olduğunu etiqad etsəydi, onun öldürülməsinə səy göstərərdi (Fətəva 23/348). Buxari və Muslimdə təsdiqini tapmış hədisdə bir nəfər öz ailəsinə: "Mən öldükdən sonra cəsədimi yandırın və külümü dənizə səpin..." - demişdir. Bu kəs etiqad etmişdir ki, belə bir iş tutsa Allahın onu diriltməyə gücü çatmayacaq və o, dirilməyəcək və ya artıq bundan qurtulub. Deyilənlərin hər ikisi də küfrdür. Lakin həmin kişi cahil (nadan) idi və həqiqət ona, müxalif olduğu işlərdə bəyan olmamışdı. Allah da onu bağışladı. Buna görə də mən, Allahın ərşin üzərində olmasını qəbul etməyən hülulilərdən (yəni, Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqədən) və inkarçılardan ibarət cəhmiçilərin fitnəsi baş verən zaman onlara deyirdim ki: Əgər mən sizin dediklərinizlə razılaşsam kafir olaram. Çünki sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etməyirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazilərinə, şeyxlərinə və başçılarına ünvanlanmışdır. Onların cəhalətinin əsli isə, əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb, səhih nəqli və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilməməkləri olmuşdur. Bu bizim bir bəyənatımız idi. Ona görə də, onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla çavab verməyirik" (ər-Raddu aləl-bəkri 2/493).
Əbu Abdurrahmən Sələfi


Tarix: 18.04.2013 / 14:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Maraqlı melumatlar