beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN VƏ ONUN PEYĞƏMBƏRININ DƏVƏTINI QƏBUL EDIN

Uca Allah buyurur ki:
«Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!» (Ənfal, 8/24)
1. Buxari demişdir ki, «sizləri dirildicək» sizi islah edəcək, «dəvətini qəbul edin» çağırışına tabe olun deməkdir.
2. Mücahid Uca Allahın: «…sizləri dirildəcək…» buyruğu haqqa (baş əyin) deməkdir.
3. Qatədə demişdir ki, bu qurtuluşu, əbədi qalmanı və həyatı ehtiva edən Qurani Kərimdir.
4. əs-Suddi demişdir ki: «…sizləri dirildəcək şeyə…» buyruğu aşağıdakıları bildirir: Küfrlə öləndən sonra İslamla onları dirildəcəklər.
5. Urvə b. əz-Zubeyr deyib ki: «sizləri dirildəcək bir şeyə», yəni daha əvvəl siz zəlil olduğunuz halda Allahın onunla sizi əzizlədiyi, zəif olduğunuz halda sizi qüvvətləndirdiyi, düşmənləriniz tərəfindən məhv ediləcəyiniz halda onlara qarşı sizi qoruduğu döyüş çağırışına tabe olun deməkdir. (Bax: İbn Kəsir, II, 297)

Cihada dirildilmə deyilməsinin səbəbi, düşmənlərin güclərini itirməsinin müsəlmanların dirildilməsi və qüvvətləndirilməsi ilə bağlı olmasındadır. Başqa cür desək, dirildilməni, yəni əbədi həyatı zəruri edən şəhidliyə və həm də həyatın cövhərini təşkil edən o dünya *163 həyatında mükafata səbəb cihaddır. Çünki, Uca Allah belə buyurur: «…Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!» (Ənkəbut, 29/64) – Bu isə, daimi həyat deməkdi. (əl-Qasimi, Məhasinut-Təvil, VIII, 34)
6. əl-Fərra demişdir ki, «Sizləri dirildəcək bir şey»in deyilişindən məqsəd «işlərinizi canlandıracaq şeylərə» işarə vurmaqdır.
Buna görə «onların dirildilməsi» ilə bağlı beş nəzər nöqtəsi irəli sürülmüşdür:
1. Dünya və axirətdə işlərinin islah edilməsidir.
2. Dünya həyatında müsəlmanların gözəl bir qaydada xatırlanmaları, axirətdə isə əbədi həyata qovuşmalarıdır.
3. Axirətdə nemətlərin daimiliyidir.
4. Mömin olmalarıdır. Çünki kafir ölü kimi olur.
5. Öldükdən sonra onlar dirildiləcəklər. Bu isə, «bundan məqsəd cihaddır» deyənlərin nəzər nöqtəsinə görə edilən açıqlamadır. Çünki şəhidlər diridirlər və cihad onları, zəlil olduqları halda, ucaldar. Sanki bu yolla həyata qayıdarlar. (Bax: Zadul-Məsir, III, 339)
Uca Allahın: «Bilin ki, Allah insanla onun qəlbi arasına girər» buyruğuna gəlincə isə,
A. Qasimi demişdir ki, «bu, bir-neçə məna vermə ehtimalı olan bir buyruqdur».
a. Uca Allah insanın qəlbinə hakimdir. O, qəlbi istədiyi kimi çək-çevir edir. Əgər insanı hidayətə yönəltmək istəyirsə, qəlbi ilə küfr arasına, yox əgər onun zəlalətini istəyirsə, qəlbi ilə imanı arasına girir.
Bu mənadakı açıqlamanı Hakim özünün Müstədrək adlı əsrində İbn Abbasdan rəvayət etmiş və səhih olduğunu bildirmişdir. Bu şərhi Peyğəmbər (sallallahu əleyhi və səlləm) tərəfindən rəvayət edilən aşağıdakı hədislər təsdiqləyir: Peyğəmbər (sallallahu əleyhi və səlləm): «Ey qəlbləri çək-çevir edən (Allahım)! Dinin üçün qəlbimə möhkəmlik ver» duasını çoxlu-çoxlu deyərdi». (Əhməd və hədisin həsən olduğunu bildirmiş Tirmizi)
«Adəm oğullarının qəlbləri Rəhmanın iki barmağının arasında vahid bir qəlb kimidir. Onları istədiyi kimi çək-çevir edir». Daha sonra, Allahın Elçisi (sallallahu əleyhi və səlləm) belə buyurdu: «Ey qəlbləri çək-çevir edən Allahım! Qəlblərimizi sənə itaətə yönəlt». (Muslim)
b. Bu buyruq, ölüm gəlməmişdən qabaq itaətə başlamaq üçün bir çağırışdır. Buna görə Uca Allahın: «Allah insanla qəlbi arasına girər» buyruğu aşağıdakıları bildirir: Onun canını alır və bu gedişlə o, əlindəki fürsəti itirir. Bu isə pak bir qəlbə sahib olmaq, onun xəstəliklərini və mərəzlərini müalicə etmək, Allahın istədiyi formada canı Ona təslim etməkdir. Məhz bu fürsəti əldən verməyin, Allaha və Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) səmimi qəlblə itaət edin. Beləliklə, ölüm insan ilə onun qəlbi arasına girməyə bənzədilmişdir. Çünki insan qəlbiylə özünə faydalı olan və ya olmayan şeyləri bilmək və dərk etmək imkanına malikdir. (Bax: Qasimi, Məhasinut-Təvil, VIII, 35)
Qeyd etməliyəm ki, şərəfli hədisdə mərhəmət sahibi olan Allahın barmaqlarının olmasına sübut vardır. Lakin bu, Onun Uca Zatına layiq bir formadadır, mövcud olan heç nəyə bənzədilə bilməz. Əlləri, baldırı, ayağı, üzü, Quran və Sünnədə əksini tapmış digər sifətləri də bu qəbildəndir.
1. «İnsan ilə qəlbi arasına girər». Mömin ilə küfr, kafir ilə iman arasına girər. (İbn Abbasdan rəvayət edilmişdir.)
2. Mömin ilə itaətsizlik arasına, kafir ilə tabeçilik arasına girər. (əl-Avfi, İbn Abbasdan rəvayət edilmişdir.)
3. İnsan ilə qəlbi arasına girərək dərk etməsinə imkan verməz. (Mücahid)
İbn əl-Ənbəri demişdir: yəni, kişi ilə ağli arasına girər. O halda (saleh – red.) əməllər etməyə tələsin. Çünki siz ağlınızı itirməyəcəyinizə arxayın ola bilməzsiniz. Nəticədə əvvəllər gördüyünüz işlərin əvəzini alarsınız.
4. Mənası budur: O, insana çox yaxındır, onun gizli saxladığından, sirlərindən heç biri Onun üçün gizli qala bilməz. (Qətadə)
5. İnsan ilə qəlbi arasına girər. Bilavasitə Onun icazəsi olmadan nə imana gələ bilər, nə də kafir ola bilər. (Suddi)
6. İnsan ilə qəlbi arasına girər. Yəni, insan ilə onun istəyi arasında maneə yaradar. (İbn Quteybənin fikridir)
7. İnsan ilə qəlbi və onun təmənnasında olduğu uzun ömür, kömək və daha başqa şeylərin arasına girər *164.
8. İnsan ilə qəlbi arasına ölüm vasitəsi ilə girər. O halda, ölümdən qabaq (yaxşı –red.) işlər görməyə tələsin.
9. İnsanla qəlbi arasına Öz elmilə girər. Bilavasitə qul qəlbində nə cür pisliklər gizlədərsə də, Allah mütləq onu bilər və o bunu Allahdan gizli saxlaya bilməz.
10. Qəlbinə saldığı qorxunun və ya inamının arasına girər. Qorxmasına baxmayaraq təhlükəsizlikdə olar, təhlükəsizlikdə olduğunu eşitdiyi halda, qorxar. (Zadul-Məsir, III, 340)
B. Təbəri bir az əvvəl yuxarıda keçən sözlərə bənzər açıqlamaları qeyd etdikdən sonra, bunları söyləyir:
Uca Allah: «Bilin ki, Allah insan ilə qəlbi arasına girər»-deyə ümumi bir ifadə işlətməklə Onun qul ilə qəlbi arasına girməsini xəbər verir. Bəhs etdiklərimiz, bu məsələlərdən hər hansı birini digərinə nisbətən fərqləndirmir. Buyruğun bütün bu mənaları vermək xüsusiyyəti vardır. Qəbul edilməsi zəruri olan xəbəri fərqləndirən digər bir dəlil təsdiq edincəyə qədər, onu (xəbəri) ümumiyyətlə qəbul etmək lazımdır.

Ayədən çıxarılan bəzi nəticələr
1. Uca Allahın və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) çağırışını, əmr edilən əməli yerinə yetirmək və qadağan edilənlərdən uzaqlaşmaq vasitəsilə qəbul etmək fərzdir. Çünki müsəlman insan və cəmiyyət məhz bu yolla həyatını qurmalıdır.
2. İnsan və cəmiyyətin xoşbəxt bir həat sürməsinə kömək edən xüsusiyyətlərdən biri də onların Allah yolunda cihad etməsidir. Çünki cihad, sanki bu yolla həyat tapırlar kimi onları izzətləndirir.
3. Ağlı başında olan hər bir müsəlmanın xəstəlik və ya ölüm gəlməzdən öncə saleh əməl sahibi olması lazımdır.


*163 Axirət
*164 Yəni, insanın bu şeylərə olan münasibətini kəsər, insanı onlardan uzaqlaşdırar, təcrid edər.


Tarix: 17.04.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar