beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DƏFN MƏRASİMİ

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
«Ləzzətləri dağıdacaq ölümü tez-tez xatırlayın».
Hədisi Tirmizi və Nəsai rəvayət etmişdir

2.Bureydədən rəvayət olunur ki, Peyğəmbər(sav) buyurmuşdur: «Mömin həyatını tapşırarkən alnına tər gəlir».
Hədisi Əbu Davud, Tirmizi və Nəsai rəvayət etmişdir

3.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur:
«Sizlərdən heç kəs özünə ölüm arzulamasın, çünki o, zərər gətirir. Kim bunu arzulamaqda israrlıdırsa, onda qoy bunları desin: Allahım! Həyat mənim üçün faydalıdırsa, onda ömrümü uzat, ölüm mənim üçün xeyirlidirsə onda öldür məni». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

4.Əbu Səid və Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur:
«Ölüm ayağında olan kəslərə «Lə iləhə illəllah» kəlməsini təlqin edin». Hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

5.Ümm Sələmədən rəvayət olunur ki, Allahın elçisi (sav) Əbu Sələmə canını tapşırdıqdan bir qədər sonra gəldi. Əbu Sələmənin gözləri açıq idi. Allahın elçisi (sav) onları örtdü və sonra dedi: «Ruh bədəndən çıxanadək gözlər onu izləyir». Bəzi ailə üzvlərinin səs-küy qopardığını görən Allahın elçisi (sav) dedi: «Özünüzə bəd dua etməyin, çünki mələklər sizin etdiyiniz dualara «Amin!» deyir». Sonra o əlavə etdi: «Allahım, Əbu Sələməni bağışla, haqq yolunda olanlar arasında onun məqamını yüksəlt, qəbrini geniş et və nurla doldur, onun ailəsini isə öz himayən altına al». Hədisi Müslim rəvayət etmişdir.

6.Məqil ibn Yəsərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Ölüm ayağında olanlara «Ya Sin» surəsini oxuyun».
(Hədis zəifdir. Bax: “əl-Mişkət”, 1622; “irva əl-Qalil”, 688; “Silsilə əl-Əhadis əd-Daifə”, 5861)

7.Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) vəfat edəndə onu zolaqlı parçaya bükmüşdürlər.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8.Yenə də Aişədən rəvayət olunur ki, Əbu Bəkr əs-Siddiq Peyğəmbəri (sav) vəfatından sonra öpmüşdür.
Hədisi Buxari rəvayət etmişdir.

9.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Möminin canı borcu qaytarılanadək ondan asılı vəziyyətdə olur». Hədisi Əhməd və Tirmizi rəvayət etmiş, sonuncu isə yaxşı hesab etmişdir.

10.İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sav) dəvəsindən yıxılaraq dünyasını dəyişən kişi barədə belə demişdir: «Onu su və sidr (şanagül) ilə yuyaraq əynindəki paltarda kəfənləyin». Buxari və Müslim rəvayət etmişdir.

11.Ümm Atiyyənin belə deməsi rəvayət olunur: «Biz Peyğəmbərin(sav) qızının cəsədini yuyarkən o bizim yanımıza gəldi və dedi: «Onu üç, beş, yaxud da bundan çox yuyun və lazım bilsəniz, sidr qatılmış sudan da istifadə edin. Sonuncu dəfə yuyanda isə suya kafur yağı əlavə edin». Biz işimizi qurtardıqdan sonra Peyğəmbərə (sav) bu barədə xəbər verdik və o da öz köynəyini bizə verərək dedi: «Öncə onu bununla bükün». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Digər rəvayətdə isə deyilir: «Qüslü sağ tərəfdən və dəstəmaz alınan əzalardan başlayın».
Buxarinin digər rəvayətində deyilir: «Onun saçlarını üç hörükdə hördük və arxasına atdıq».

12.Aişədən rəvayət olunur ki, Allahın elçisini (SAV) Səhulda (Yəməndə kənd adıdır) istehsal olunan pambıqdan hazırlanmış üç qat ağ örtüyə bükərək kəfənlədilər və bunlar arasında nə köynək, nə də əmmamə var idi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

13.İbn Ömərdən rəvayət olunur ki, Abdullah ibn Übey vəfat etdikdə oğlu Allah elçisinin(sav) yanına gəlib dedi: «Köynəyini mənə ver ki, atamı onunla kəfənləyim». Allahın elçisi də köynəyini ona verdi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

14.İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Bəyaz rəngli paltar geyin, çünki o, geyimlərin ən yaxşısı hesab olunur və ölülərinizi də onunla kəfənləyin». Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmiş, Tirmizi isə səhih hesab etmişdir.

15.Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Əgər sizlərdən biri qardaşını kəfənləsə, onda bunu lazımi şəkildə etsin».
Hədisi Müslim rəvayət etmişdir.

16.Yenə də Cabirdən rəvayət olunur ki, Peyğəmbər (sav)Ühüd döyüşündə həlak olanları cüt-cüt kəfənləyər və sonra da soruşardı: «Onlardan hansı Quranı daha çox bilirdi?» Sonra yumadan, cənazə namazını qılmadan onu birinci qəbrə qoyardılar. Hədisi Buxari rəvayət etmişdir.

17.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) ona belə demişdir: «Sən məndən qabaq vəfat etsən, sənin cəsədini mən özüm yuyacam».
Hədisi Əbu Davud və İbn Macə rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir.

18.Əsma bint Ümeysdən rəvayət olunur ki, Fatimə vəsiyyət etmişdir ki, onu cəsədini Əli yusun.
Hədisi Dəraqutni rəvayət etmişdir.

19.Cabir ibn Səmurədən rəvayət olunur ki, Peyğəmbərin (sav) yanına özünü sərt başlıqlı oxla qətlə yetirən bir kişini gətirdilər. Peyğəmbər (sav) onun üçün cənazə namazı qılmadı.
Hədisi Müslim rəvayət etmişdir.

20.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər(sav) Nəcaşinin ölüm xəbərini onun öldüyü gün elan etmişdir. Həmin gün insanları namaz qılınan yerə toplamış, onları cərgəyə düzmüş və dörd təkbir edərək Nəcaşi üçün cənazə namazı qılmışdır.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

21.Hüzeyfədən rəvayət olunur ki, Peyğəmbər (sav) ölüm xəbərini yaymağı nəhy etmişdir.
Hədisi Əhməd və Tirmizi rəvayət etmiş, sonuncu isə yaxşı hesab etmişdir.

22.İbn Abbasın belə deməsi rəvayət olunur: «Allah elçisinin(sav)belə deməsini eşitdim: «Rəhmətə getmiş müsəlman üçün cənazə namazını Allaha şərik qoşmayan qırx nəfər qılsa, onda Allah-taala onları şəfaətçi kimi qəbul edər».
Hədisi Müslim rəvayət etmişdir.

23.Səmurə ibn Cündubun belə deməsi rəvayət olunur: «Doğuş zamanı dünyasını dəyişən qadın üçün cənazə namazı qılınarkən mən Peyğəmbərin (sav) arxasında, o da cənazənin ortasında dayanmışdı.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

24.Aişənin belə deməsi rəvayət olunur: «And olsun Allaha ki, Allahın elçisi (sav) Beydanın iki oğlu üçün cənazə namazını məsciddə qılmışdır».
Hədisi Müslim rəvayət etmişdir.

25.Əbdürrəhman ibn Əbu Leylanın belə deməsi rəvayət olunur: «Zeyd ibn Ərqam cənazə namazında dörd dəfə təkbir edirdi. Bir dəfə isə beş təkbir etdi və mən bu barədə ondan soruşduqda o dedi: «Allahın elçisi də belə edərdi».
Hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

26.Əlidən rəvayət olunur ki, o Səhl ibn Hüneyfə üçün cənazə namazı qılarkən altı dəfə təkbir etmiş və bunu onun Bədr döyüşünün iştirakçısı olması ilə izah etmişdir. Hədisi Səid ibn Mənsur, əslini isə Buxari rəvayət etmişdir.

27. Təlhə ibn Abdullah ibn Aufun belə deməsi rəvayət olunur: «İbn Abbas cənazə namazı qılarkən onun arxasında dayanmışdım. O «əl-Fatihə» surəsini oxudu və sonra dedi: “Bunu Sünnəyə müvafiq olduğunu bilməyiniz üçün etdim”».
Hədisi Buxari rəvayət etmişdir.

28.Auf ibn Malikdən rəvayət olunur ki, bir dəfə Allahın elçisi (sav)cənazə namazını qıldı və mən də onun dediyi duanı əzbərlədim. Orada deyilirdi: «Allahım, onu bağışla, ona Öz mərhəmətini göstər, onu əfv et, onu yaxşı qəbul et, qəbrini geniş et, onu su, qar və dolu ilə yu, xətalarından ağ paltarı ləkədən təmizlədiyin kimi təmizlə, evini və ailəsini ondan da yaxşısı ilə əvəz et, yerini Cənnətlik et, onu qəbr əzabından qoru». Hədisi Müslim rəvayət etmişdir.

29.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav)cənazə namazında aşağıdakı duanı deyərdi: «Allahım, dirilərimizi və ölülərimizi, burada olanlarımızı və olmayanlarımızı, cavanlarımızı və yaşlılarımızı, kişilərimizi və qadınlarımızı bağışla. Allahım, yaşatdığını müsəlman kimi yaşat, öldürdüyünü mömin kimi öldür. Allahım, bizi imanın mükafatından məhrum etmə və imana gəldikdən sonra doğru yoldan azdırma».
Hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

30.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Ölmüş adama cənazə namazı qılsanız, onun üçün Allah-taalaya ixlasla dua edin».
Hədisi Əbu Davud rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir.

31.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Cənazəni apararkən tələsin, əgər çiyinlərinizdə daşıdığınız adam əməli-salehdirsə onu qəbrə tez qoymağınız daha xeyirlidir, fasiqdirsə pisi öz çiyinlərinizdən atmış olarsınız». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

32.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav)buyurmuşdur: «Cənazə namazı qılınmamış dəfn mərasimində iştirak edən bir qirat, basdırılmaya qədər dəfn mərasimində iştirak edən isə iki qirat həcmində savab almış olar». Soruşdular ki, qirat nədir? Dedi: «İki böyük dağa bənzəyir». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Sonuncunun rəvayətində deyilir: «...hətta qəbrə qoyanadək...»
Buxarinin başqa bir rəvayətində deyilir: «Kim müsəlmanın dəfn mərasimində imanla və Allahdan etdiyi əmələ görə savab umaraq iştirak etsə, cənazə namazı qılınana və dəfn mərasimi bitənədək orada olsa, iki qirat həcmində savaba nail olmuş olar. Hər bir qirat da bir Ühüd dağına bənzər».

33.Səlim ibn Abdullahdan rəvayət olunur ki, onun atası Peyğəmbər (sav) Əbu Bəkr və Öməri cənazənin önündə gedən görmüşdür. Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir, bunula belə İbn Hibban hədisi səhih hesab etmişdir.
(Hədis səhihdir. Əhməd, 2/8; Əbu Davud, 3179; Tirmizi, 1007, 1008; Nəsai, 4/56; Bax: “əl-İləl əl-Kəbir”, səh. 144.)

34.Ümm Atiyyənin belə deməsi rəvayət olunur: «Bizə dəfn mərasimində iştirak etmək qadağan olunmuşdur, lakin bu qadağa bir o qədər də qəti deyildi».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

35.Əbu Səiddən rəvayət olunur ki, Allahın elçisi(sav)buyurmuşdur: «Dəfn mərasimini görsəniz ayağa qalxın və dəfn mərasimində iştirak etmək istəyən cənazə yerə qoyulmayanadək əyləşməsin».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

36.Əbu İshaqdan rəvayət olunur ki, Abdullah ibn Yəzid cəsədi qəbrə ayaq tərəfindən qoyaraq dedi: «Bu Sünnəyə müvafiqdir».
Hədisi Əbu Davud rəvayət etmişdir.

37.İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Ölülərinizi qəbrə qoyduqda bunu deyin: “Bismilləh və alə milləti rəsulil-ləhi”». Hədisi Əhməd, Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir.
(Hədis səhihdir. Bax: “Səhih Əbu Davud”, “Əhkam əl-Cənaiz”, səh. 152)

38.Sad ibn Əbu Vəqqasın belə deməsi rəvayət olunur: «Allah elçisinin qəbri kimi mənim qəbrimdə də divar oyuğu qazın, üstündən də kərpic qoyun».
Hədisi Müslim rəvayət etmişdir.

39.Beyhəqinin Cabirdən rəvayət etdiyi buna bənzər hədisdə deyilir: «Onun qəbri yerdən bir qarış yuxarı qaldırıldı».
Hədisi İbn Hibban səhih hesab etmişdir.

40.Yenə də Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) qəbri suvamağı, onun üstündə oturmağı və üzərində nə isə inşa etməyi nəhy etmişdir.
Hədisi Müslim rəvayət etmişdir.

41.Amir ibn Rəbiədən rəvayət olunur ki, Peyğəmbər (sav) Osman ibn Mazun üçün cənazə namazı qıldı, sonra onun qəbri üstünə gəldi və ayaq üstə dayanaraq onun qəbrinə üç ovuc torpaq atdı.
Hədisi Dəraqutni rəvayət etmişdir.

42.Osmandan rəvayət olunur ki, Allahın elçisi (sav) dəfn mərasimindən sonra qəbrin yanında dayanıb deyərdi: «Qardaşınızın bağışlanmasını və möhkəm olmasını diləyin, çünki o bu an sorğu-suala çəkilib».
Hədisi Əbu Davud rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

43.Ümm Atiyyədən rəvayət olunur ki, Allahın elçisi (sav) bizdən ağı deməyəcəyimiz barədə vəd aldı.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

44.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi(sav) mərsiyə deyən qadınları (ağıçı qadınlar) və ona qulaq asanları lənətləmişdir. Hədisi Əbu Davud rəvayət etmişdir.

45.İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Rəhmətə gedən ona ağı deyildiyinə görə qəbirdə əzaba düçar olur».
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Onlar buna bənzər hədisi Muğirə ibn Şubədən rəvayət etmişdir.

46.Ənəsin belə deməsi rəvayət olunur: «Peyğəmbərin (sav) qızının dəfn mərasimində iştirak edirdim. Allah elçisinin qəbrin yanında oturduğunun və gözlərindən yaş axdığının şahidi oldum».
Hədisi Buxari rəvayət etmişdir.

47.Cabirdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Zərurət olmadığı halda ölülərinizi gecə dəfn etməyin». Hədisi İbn Macə rəvayət etmişdir.
Müslimin rəvayət etdiyi hədisin əslində isə deyilir ki, Peyğəmbər (sav) cənazə namazı qılınmayanadək ölünü gecə dəfn etməyə icazə verməmişdir.

48.Abdullah ibn Cəfərin belə deməsi rəvayət olunur: «Cəfərin ölümü barədə xəbər gəldikdə Allahın elçisi (sav) dedi: «Cəfərin ailəsi üçün yemək hazırlayın, çünki onların başı artıq qatışıqdır».
Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir.

49.Süleyman ibn Büreydə atasından rəvayət edərək demişdir ki, Allahın elçisi (sav) onlara qəbiristanlığa gedərkən bu duanı oxumağı öyrətmişdir: «Mömin və müsəlman diyarının əhlinə salam olsun! Allah qoysa, biz də sizə qovuşacağıq. Özümüzə və sizə Allahdan salamatlıq diləyirəm».
Hədisi Müslim rəvayət etmişdir.

50.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Ölüləri söyməyin, çünki onlar artıq layiq olduqlarını alıblar». Hədisi Buxari rəvayət etmişdir.
Tirmizinin Muğirədən rəvayət etdiyi hədisdə deyilir: «Bununla siz diriləri incitmiş olarsınız».


Tarix: 25.04.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Maraqlı melumatlar