beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ (Birinci azuqə)

Bismilləhir Rahmənir Rahim
Həmd və səna Allaha məxsusdur. Ona həmd edir, ondan kömək, bağışlanma diləyir, Ona tövbə edirik. Nəfslərimizin şərindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allahın doğru yola yönəltdiyini heç kim azdıra bilməz, azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

Allah taala öz rəsuluna doğru yol, haqq din göndərmişdir ki, onu bütünlüklə bəşər övladına bəyan etsin. O, (Ona Allahın salavatı və salamı olsun) dini yaydı, əmanəti yerinə yetirdi, ümmətə bəyan etdi, Allah yolunda varı ilə cihad etdi və nəticədə özündən sonra ümmətinə gecəsi gündüz kimi aydın olan bir yol qoyub getdi. Bu yoldan yalnız azğınlar üz döndərə bilər. Ona, ailəsinə, səhabələrinə və Qiyamət gününədək onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun! Allahdan bizim hamımızı gizlində və aşkarda ona tabe olanlardan, ümmətinə sadiq qalanlardan, zümrəsində həşr olunanlardan, şəfaətinə daxil olanlardan etsin! Uca rəbbimiz bizi Nəim Cənnətlərində nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə etsin!
Əziz qardaşlar! Mən burada və xeyrin əldə edildiyi, dinin yayıldığı hər bir məkanda müsəlman qardaşlarımla görüşməyə çox şadam. Çünki, Allah taala elm verdiyi hər bir kəslə əhd bağlamışdır ki, onu insanlara bəyan etsin, gizlətməsin! Allah taala buyurur: “Elə ki, Allah kitab verilənlərdən peyman aldı ki, onu insanlar üçün bəyan edin və gizlətməyin” (Ali-İmran, 187). Allah taalanın bu əhdi yazılı bir sənəd deyil ki, insanlar onun şahidi olsun. O, elə bir əhddir ki, Allahın elm əta etdiyi kişi və ya qadın onun məsuliyyətini daşıyar. Hər bir kəs ona öyrədilmiş Allahın şəriətini istənilən məkanda və istənilən zamanda bəyan etməlidir.
Möhtərəm qardaşlar! Bizim bu mühazirəmizin mövzusu “Allahın dininə dəvət edənin azuqəsi”dir. Allah taala Quran Kərimdə müsəlmanın azuqəsinin nə olduğu barədə buyurur: “Axirət yolu üçün tədarük görün. Bu yolun ən gözəl tədarükü təqvadır” (əl-Bəqərə, 197). Hər bir müsəlmanın azuqəsi Allah taalanın Quranda əmrlə qeyd etdiyi təqvadır.
Allah taala buyurur: “Rəbbinizdən bağışlanmaya tərəf və Cənnətə tələsin ki, onun genişliyi bütün göyləri və yeri tutmuş və müttəqilər üçün hazırlanmışdır. O kəslər ki, öz mallarından bolluqda və qıtlıqda kasıblara sərf edərlər, öz qəzəblərini udar və camaatın pisliyindən keçərlər. Allah yaxşı iş görənləri sevər. Yaxşı o kəslərdir ki, günah etdikləri və ya özlərinə zülm etdikləri zaman günahları üçün Allahdan bağışlanma diləyərlər. Allahdan başqa günahları kim bağışlaya bilər? O kəslər bilə-bilə günahlarının üzərində qalmazlar. Onların mükafatı Allahdan bağışlanma və ağacları altından çaylar axan əbədi Cənnətlərdir. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir” (Ali-İmran, 133-136).
Dəyərli möminlər! Ola bilsin, təqvanın nə olduğu haqda soruşasınız?
Cavab: Rəvayət olunur ki, Talaq bin Həbib (Allah ona rəhmət etsin!) buyurur: “Təqva odur ki, həyatını Allahdan olan bir nurla, Ona itaətdə keçirəsən və savabını, yalnız Allahdan diləyəsən!” Bu ifadəyə elm, əməl, savab qazanmaq, əzabdan qorxmaq daxildir. Məhz bu, təqvadır.
Hamımız çox yaxşı bilirik ki, izzət və cəlal sahibi Allahın dininə dəvət edən kəs gizlində və aşkarda bu əxlaqla – təqva ilə tərbiyələnməlidir. Allahın köməkliyi ilə Allahın dininə dəvət edən şəxsə aid bütün məqamlara toxunacağıq.
Birinci azuqə.
Dəvət edən dəvət etdiyi bu dini dərindən bilən olmalıdır. Onun bildikləri Allahın kitabına və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə uyğun olmalıdır. Çünki, hər bir elm bu iki mənbə ilə uzlaşdırılmalıdır. Həyatın hər hansı bir sahəsinə aid olan məsələ barəsində ilk öncə bu iki mənbəyə baş vurmaq lazımdır. Hər hansı bir şəxsin dəvəti zamanı dedikləri bu iki mənbəyə - pak dinimizə uyğun gələrsə, qəbul edilər. Yox əgər ziddiyyət varsa, deyənin kimliyindən asılı olmayaraq rədd edilər. İbn Abbasın (r.a.) belə dediyi rəvayət olunur: “Az qalsın ki, göydən sizin üzərinizə bir daş ensin! Mən deyirəm, rəsulullah belə dedi. Siz deyirsiz, Əbu Bəkr, Ömər belə dedi”. Əgər Əbu Bəkr və Ömərin sözləri rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) kəlamı ilə üst-üstə düşmədikdə qəbul olunmursa, onda elmdə, təqvada, doğruluqda onlar qədər olmayan digərlərinin sözləri kitab və sünnəyə uyğun gəlmədikdə necə, qəbul oluna bilər?! Əlbətdə ki, Allahın kitabına və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə zidd olan hər bir söz və əməl qəbul olunmaz. Allah taala buyurur: “Allahın əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan yaxud düçar olacaqları şiddətli bir əzabdan özlərini həzər etsinlər!” (ən-Nur, 63).
Allahaın dininə dəvət edən kəs ilk olaraq izzət və cəlal sahibi Allahın kitabı və rəsullullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə söykənən elmə malik olmalıdır. Bu elm qəbul olunan doğru elmdir. Elmsiz dəvətə gəldikdə isə bu cahillik üzərində qurulan dəvətdir. Cahillik üzərində qurulan dəvətin zərəri faydasından çox olar. Çünki dəvətçi yol göstərəndir. Əgər o, cahil olarsa, həm özü zəlalətdə olar, həm də başqasını zəlalətə sürükləyər. Allah qorusun! Bu cür cahillik mürəkkəb cahillikdir. Cahilliyin mürəkkəbi, sadəsindən daha təhlükəlidir. Sadə cahillik öz sahibindən başqasına təhlükə törətmir, öyrətmə və başa salma yolu ilə onu aradan qaldırmaq mümkündür. Əsl problem isə mürəkkəb cahillikdədir. Bu cür cahil sakit dayanmır, elmsiz olaraq danışmağında davam edir. Bu isə faydalı olmaqdan daha çox dağıdıcı nəticələr verir. Möhtərəm qardaşlar! Allahın dininə dəvətin elmsiz olaraq aparılması rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) və onun davamçılarının yoluna xilafdır. Allah taalanın Öz peyğəmbəri olan Məhəmmədə (Ona Allahın salavatı və salamı olsun) əmr edərək buyurduğu ayəyə fikir verin: “De: Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar kamil bəsirət ilə insanları Allaha tərəf dəvət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm” (Yusif, 108). Buyurdu ki, mən və mənə tabe olanlar Allaha bəsirət üzrə dəvət edirəm. Deməli, Allahın dininə cahil olaraq deyil, elmlə dəvət etmək lazımdır.
Ey Allahın dininə dəvət edən kəs, Allah taalanın bu kəlamına diqqət ver: “Bəsirət ilə”. Yəni, elmlə Allahın dininə üç formada dəvət etmək olar:
Birincisi, dəvət etdiyin barəsində elmli olmaqdır. Dəvət edilən mövzu barəsində şəriət hökmünü bilmək gərəklidir. Belə olmadığı təqdirdə, dəvətçi Allahın dinində vacib olmayan bir şeyin vacib olduğunu zənn edərək, onu Allahın qullarına vacib buyurar. Həmçinin, Allahın dinində haram olmayan bir şeyin haram olduğunu zənn edərək, Allahın qullarını o əməldən çəkindirər. Həqiqətdə isə Allah həmin əməli halal etmişdir.
İkincisi, şəraitdən xəbərdar olmaqdır. Belə ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Muazı Yəmənə göndərəndə ona belə demişdi: “Sən Əhli kitabdan olan bir qrup insanın yanına gedəcəksən” (Bax; "Səhih Buxari" Zəkat kitabı, "Sədəqənin varlılardan alıb kasıblara verilməsi" fəsli; hədis (1496): "Səhih Müslim" İman kitabı "İki şəhadətə dəvət edənlər" fəsli; )
Bu, onların mühitini bilməsi və onlara uyğun olaraq hazırlaşması üçün idi. Dəvətçi gərək dəvət etdiyi insanların elm və mübahisə etmə səviyyəsini bilsin ki, mübahisə zamanı ona çətinliklər yaranmasın. Əgər belə bir mübahisədə qarşı tərəfin fikirləri ilə xəbərdar olmasan, mübahisənin dərinliyindən haqqa böyük zərbə dəyə bilər. Və sən də bunun səbəbkarı olarsan. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buyurur: “Siz mübahisə edirsiniz. Ola bilsin ki, bəziləriniz digərlərinizdən daha tutarlı dəlillərə maliksiniz. Mən də eşitdikdən sonra qərar verirəm”("Səhih Buxari" Şübhələr kitabı; Hədis (2670): "Səhih Müslim" (1713) )
Bu ona dəlalət edir ki, qarşı tərəf batil fikirli olmasına baxmayaraq hərdən sübutlarla danışar. Hər halda dəvət etdiyin kəsi dinləmək, fikirlərini öyrənmək, hansı vəziyyətdə olduğunu bilmək gərəkdir.
Üçüncüsü, dəvəti gözəl şəkildə aparmağı bacarmaqdır. Allah taala buyurur: “Hikmətlə və gözəl öyüd-nəsihətlə rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl surətdə mübahisə et” (ən-Nəhl, 125).
Bəzi insanlar pis bir əməlin şahidi olduqda, o saat onun üzərinə cumur. Yaranacaq pis nəticələr barəsində fikirləşmir. Bu nəticələr yalnız onun özünə deyil, həmçinin, haqqa dəvət edən hər kəsə mənfi təsirini göstərir. Ona görə də, dəvətçi gərək hərəkət etməmişdən əvvəl onun nəticələri barəsində fikirləşsin, ölçüb-biçsin! Ola bilər ki, o, həmin vaxt günahın aradan qaldırılmasına nail olsun. Ancaq gələcəkdə həmin hərəkət hamı üçün pis nəticələr yaradar. Onun üçün də, yerinə yetirilməsi lazım olan işi bir az gec etmək də olar. Əsas odur ki, Allah taalanın izni ilə gözəl sonluqla nəticələnsin!
Əgər Allahın dininə dəvət edən kəs dəvəti zamanı bütün bunlara riayət etsə, Allahın kitabı və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsi üzərində qurulmuş əsl elmə nail olmuş olar. Bu, həm dini mətnlərə, həm də şübhə və nəfslərdən uzaq olan ağla əsaslanan bir məqamdır. Allaha aparan yola bələd olmadan və onun şəriətini bilmədən insanları onun dininə necə dəvət etmək olar?!
Əgər insan elmsizdirsə, ilk öncə öyrənməli, sonra Allahın dininə dəvət etməlidir. Sual edilə bilər ki, bu fikirlər rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) kəlamına zidd deyil mi? Axı Allah rəsulu (Ona Allahın salavatı və salamı olsun) buyurur ki, “Məndən bir ayə belə olsa çatdırın!” ("Səhih Buxari" İrail oğulları haqdakı fəsl; (3461)
Cavab: Yox! Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buyurur ki, “Məndən çatdırın!” Deməli, bizim çatdıracaqlarımız Allahın rəsulunun (Ona Allahın salavatı və salamı olsun) dedikləri olmalıdır. Bizim də istədiyimiz budur. Biz demirik ki, dəvət edən mütləq bütün elmə malik olmalıdır. Biz istəyirik ki, dəvətçi yalnız bildiyi şey barəsində danışsın, bilmədiyi şey barəsində isə sussun!

Məhəmməd bin Saleh Əl-Useymin


Tarix: 17.04.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqlı melumatlar