beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar insanı ihsan və savablardan məhrum edirlər

Günahların cəzalarından biri də ihsanın itirilməsi və bu keyfiyyətə malik olanların savabından məhrum olmaqdır. Həqiqətən ihsan insanın qəlbinə girdikdə onu Allaha asilikdən çəkindirir. Insanın Allahı gördüyü kimi Ona ibadət etməsi yalnız qəlbi Allaha zikrlə, məhəbbətlə, qorxu və ümidlə dolu olduqda olur. Bunun sayəsində insan sanki Onu görür və bu onu nəinki günahlar işləməkdən, hətta fikirləşməkdən belə çəkindirir.

Lakin, əgər insan ihsana malik olan qulların dairəsini tərk edirsə onda o Allaha yaxın olanların cəmiyyətindən məhrum olur, onların xoşbəxt həyatından və kamil ləzzətdən ayrılır. Allah ona xeyir istəyərsə onu sadə möminlər dairəsində saxlayar. Əks halda o onu möminlər dairəsindən çıxaran günahlar edər və bu barədə Peyğəmbər , buyurub: “Zinakar zina etdiyi anda mömin deyil və oğru oğurluq etdiyi zaman mömin deyil və içki içən içdiyi zaman mömin deyil”. Bundan çəkinin, çəkinin, çünki bundan sonra siz artıq tövbə edə bilməyəcəksiniz. Kim möminlərin cəmiyyətini tərk edərsə bütün möminləri himayə edən Allahın himayəsindən məhrum olur və onlar üçün olan bütün imtiyazlardan məhrum olur. Allahın Kitabında hərəsi bu dünya və içində olanlardan daha yaxşı olan yüzə yaxın belə imtiyazlar qeyd edilib. Bunlardan bəziləri aşağıdakılardır:

1.Böyük mükafat: “Möminlərə isə Allah böyük mükafat verəcəkdir.” (Ən-Nisa, 146)
2.Dünya və axirətdə şərdən mühafizə: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir.” (Əl-Həcc, 38)
3.Ərşi daşıyan mələklər onların bağışlanması üçün dua edirlər: “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər” (Ğafir, 7)
4.Allah onları himayə edir, O kimi himayə edərsə o zəlil olmayacaq: “Allah iman gətirənlərin Himayədarıdır” (Əl-Bəqərə, 257)
5.O mələklərə onları dəstəkləməyi əmr edir: “O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin.” ... vəhy etmişdi.” (Əl-Ənfal, 12).
6.Onların Rəbbləri yanında yüksək dərəcə, bağışlanma və bol ruziləri var: “Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır.” (Əl-Ənfəl, 4)
7.Onlar izzət əldə edirlər: “Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.” (Əl-Munafikun, 8).
8.Allahın onlarla birgə olması: “Şübhəsiz ki, Allah möminlərlədir.” (Əl-Ənfəl, 19).
9.Onlar dünya və axirətdə yüksəklik əldə edirlər: “... Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Əl-Mucədilə, 11)
10. Onlar Allahın ikiqat rəhmətini alırlar - getməyə kömək edəcək nur və günahların bağışlanması: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar” (Əl-Hədid, 28).
11. Pak Allah onlara məhəbbətini, mələklərin məhəbbətini, peyğəmbərlərin və salehlərin məhəbbətini bəxş edər: “İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq” (Məryam, 96)
12.Əzəmətli qorxu günü O, onları qorxudan azad edəcək: “İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.” (Əl-Ənam, 48)
13.Onlar nemət verilən kəslərdir və bizə əmr edilib ki, gündə on yeddi dəfə onların yolu ilə aparılmamız üçün dua edək.
14. Quran onlar üçün düzgün rəhbərlik və şəfadır: “De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.” (Fussilət, 44)
Bir sözlə iman istənilən xeyirin əldə edilməsi üçün düzgün vasitədir. O dünya və axirətdə olan bütün xeyirlərin səbəbidir, onun olmaması isə hər iki dünyada bütün şərlərin səbəbidir. Müsəlman adlanmaq hüququndan onu məhrum etməsə belə, onu möminlər dairəsindən çıxarıb və onunla iman arasında maneə olanı qul necə yüngüllüklə edə bilər? Həqiqətən əgər o günahların işlənməsində davam edərsə, onlar onun qəlbini bürüyərlər və onu tamamilə islamdan çıxararlar. Bax bundan sələflərimiz çox qorxardılar və onlardan biri hətta deyib: “Siz günahlardan qorxursunuz, mən isə küfrdən”.

-------------


Tarix: 12.04.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar