beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın ona aidiyyatı olmayan məsələlərlə maraqlanması

Insan qəlbi də mədəsi kimi yaradılış etibarilə daim yeni qidaya tələbat hiss edir. Mədə kimi, qəlb də sağlam, halalla bəslənmədikdə, zəifləyir, aram tapmır və son nəticədə xəstələnərək məhv olur. Qəlblərin ən gözəl qidası isə şübhəsiz ki, Allah zikri, Quran və Onun rizası üçün görülən xeyir əməlləri yad etməkdir.

İnsan öz qəlbini dünyada ən maraqlı, rəngarəng məlumatlarla, xəbərlərlə bəsləsə də, onu doyura bilmədiyini, səksəkə, arayış içində narahat görərsən. Bu onun Rəbbini xatırlamağa olan fitri ehtiyacının ödənməməsinə görədir.
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır.” (Quran, Rad, 28)
Məhz Allah zikri qəlbi xəstəliklərdən müalicə edir, onu möhkəmləndirir. İslam elmini öyrənən kəsin ürəyi daim şəriki olmayan Rəbbinə qarşı ibadət istəyi ilə dolur. Qəlbində Allahdan qeyri nəsnələrəin yaxud kəslərin xatırlanmasına imkan verən insan isə yaradılışının əsas mahiyyətindən – Allaha ibadətdən uzaqlaşır. Axı Uca Allah buyurmuşdur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Quran, Zariyat, 56)

Bu səbəbdən insan mədəsini haramlardan, ziyanlı yeməklərdən qoruduğu kimi, qəlbini də hifz etməyi bacarmalı, onu nə ilə bəslədiyinə fikir verməli, öz nəfsini tərbiyə etməlidir. Maraq oyadan hər hansı bir məsələ həqiqətdə onun bədən yaxud qəlbinə, Axirətinə yaxşı yöndən təsir etməyəcəksə, nə qədər şirin də olsa, onun ardınca getməyi tərk etmək gərəkdir.

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanın ən gözəl xüsusiyyətlərindən biri də ona aid olmayan məsələlərlə maraqlanmamasıdır.” Tirmizi.

Saleh müsəlmanlar insanın ona aid olmayan məsələləri tərk etməyi dedikdə israfa gətirən hər şeydən uzaq olmağı nəzərdə tutardılar. Beləliklə aydın olur ki, insanın dünya həyatında yaşaması üçün zəruri olan məlumatdan əlavə hər şey bu kateqoriyaya addir. Həsən əl –Basri (Allah ona rəhmət etsin) demişdir: “Allahın insanı tərk etməsinin ən birinci göstəricisi, həmin insanın ona aid olmayan məsələlərlə məraqlanmasıdır”.

Aidiyyatı olmayan işləri bilməyə olan həvəsin başlıca vasitələri şübhəsiz ki, insanın dili, gözləri, əl və ayaqlarıdır.

İbn Qeyyim (Allah ona rəhmət etsin) buyurmuşdur: “Qəlbi sevindirən məsələlərdən biri də insanın lazımsız söz danışmağı və dinləməyi, lazımsız baxışları, insanlarla həddən çox ünsiyyəti tərk etməyidir. Bütün bu şeylər qəlbin ağrılar içində qovrulmağına, narahatlığına və onun darısqallaşmağına gətirirərək əziyyət verir. Əlavə olaraq, həmin kəsin Axirət aqibəti də yaxşılardan olmayacaqdır”.

Elə bu səbəbdən, müsəlman nəfsinə uyub bir söz söyləməmişdən, marağını susdurmaq üçün birinə sual verməmişdən əvvəl öz-özündən bunun Axirət Günü ona nə verəcəyini, həqiqətən zəruri olub-olmadığını soruşmalıdır. Unutmamalıdır ki, ağzından çıxan hər bir sözün hesabı Qiyamət Günü onu gözləyir. Axı uca Allah buyurmuşdur: “Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.” (Quran, Qaf, 18)

Əbu Bəkr (Allah ondan razı olsun) dilini tutaraq deyərdi :”Məni bax, bu həlak etdi”.

Ömər əl-Xəttab (Allah ondan razı olsun) demişdir:”Çox danışanın səhvi də çoxalır. Səhvi çoxalanın günahı artır. Günahı artanın mükafatı isə yalnız oddur”.

Bəzən insanların həddi aşaraq, marağına uyub başqalarının şəxsi məsələlərinə dair suallar verdiyinin şahidi olmaq mümkündür. Bu, ədəbsizliyin zahiri təcəssümü olmaqla yanaşı, qarşındakı insanı da pis vəziyyətdə qoyur, onu bəlkə də istəmədiyi məsələlər barədə danışmağa sövq edir. Beləliklə də yersiz sualları ilə qardaşına əziyyət vermiş olur. Halbuki Allah Rəsulu(Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Əgər sizdən biriniz danışacaqsa, ya xeyir danışsın, ya da sussun”. Buxari, Müslim.

Həmçinin Ömər (Allah ondan razı olsun) demişdir:”Sənə aid olmayan mübahisədən uzaqlaş və sənə dəxli olmayan söz barədə soruşmağı tərk et.”


Tarix: 11.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Maraqlı melumatlar