beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Əxlaq da ictimai şüurun digər qədim növü olan din kimi ictimai şüur formasına ibtidai dövrdə hələ çevrilə bilmir, çünki onun da rüşeymləri həmin dövrdə kifayət qədər inkişaf tapa bilməmişdi. Bu da ibtidai icma dövründə insanların bütün şüurlu fəaliyyətinin bilavasitə istehsal fəaliyyəti ilə bağlı olmasından irəli gəlirdi.
Məhz ictimai əmək bölgüsü nəticəsində əməyin zehni və fiziki əməyə bölünməsi ictimai şüur formalarının inkişafı üçün şərait yaratdı ki, bu da quldarlıq dövrünə aiddir. Əxlaq yalnız sinifli cəmiyyətdə nisbi müstəqillik əldə edə bildi. Onun mahiyyəti son nəticədə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyənləşir. İctimai şüur forması kimi ibtidai dövrdə yaranan əxlaq da nəzəri cəhətdən yalnız sinifli cəmiyyətdə inkişaf tapır. Əxlaqın nəzəri cəhətdən dərk olunması və əsaslandırılması əxlaq haqqında elm olan etikanı yaratdı. Etika əxlaq normaları və prinsiplərinin dərk edilməsi, izahı və əsaslandırılması, yəni əxlaqın nəzəriyyəsidir.
Cəmiyyətin inkişafı əxlaqla bərabər mənəviyyatın digər sahələri, o cümlədən ictimai şüurun digər formaları üçün geniş imkanlar açdı. İctimai şüurun hər bir forması gerçəkliyi özünəməxsus şəkildəəks etdirərək digər ictimai şüur formaları ilə sıx əlaqədədir. İctimai şüurun 7 forması var: 1) siyasət, 2) hüquq, 3) elm, 4) fəlsəfə, 5) din, 6) incəsənət, 7) əxlaq.
Elm, incəsənət və s. kimi obyekt–subyekt münasibətlərini əks etdirən ictimai şüur formalarından fərqli olaraq əxlaq da hüquq kimi subyekt- subyekt münasibətlərini əks etdirir. Əxlaqın digər ictimai şüur formaları ilə münasibətində müəyyən maraqlı cəhətləri nəzərdən keçirək.

Siyasət və əxlaq. Siyasət siniflər arasındakı münasibətləri, onların hakimiyyət uğrundakı mübarizəsini əks etdirərək, diqqət mərkəzinə siyasi məqsədəuyğunluğu, yəni sinfi maraqların daha səmərəli ifadəsini və təminatını qoyur. Əxlaq da sinfi maraqları əks etdirir və bunu özünəməxsus şəkildə, bütün insanlara aid olan, özündə ümumbəşəri element və aspektləri cəmləşdirən universal tələblər kimi ifadə edir. Siyasət sinfi mübarizə qanunlarına, strategiya və taktikaya malikdir ki, bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz strateji məqsədlərində o, mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında və mübarizə üsullarının seçilməsində ümumi rəyi, əxlaqi qiymətləndirməni, əxlaqi uyğunluğu nəzərə alır. Siyasət də, əxlaq da insanların davranışını tənzimləyir, hakim sinfə və partiyaya xidmət edir. Müəyyən siniflərin siyasəti əxlaqi hiss və baxışların məzmunu iləəlaqədardır. Buna görə də hakim sinif özünün əxlaq normalarını və prinsiplərini hakim edə bilir. Çünki əxlaq normaları müəyyən sosial birləşmələrin – siniflərin, qrupların, millətlərin siyasi tələblərini əks etdirir.
Siyasi münasibətlər cəmiyyətin həyatının mənəvi tərəflərini özünəməxsus şəkildə tənzimləyir. Bütün siyasi addımlar insan əməllərinin nəticəsi olduğu üçün əxlaqi məzmun daşıyır. Əxlaq prinsipləri cəmiyyətdə insanların praktik fəaliyyəti vasitəsilə reallaşır. Belə praktik fəaliyyət siyasi xarakter daşıyır. Praktik fəaliyyət tələb edən digər sahə – iqtisadiyyat isəəxlaqi münasibətlərə öz siyasi təzahürləri – müəssisələr, nəzəriyyələr, praktik işlər vasitəsilə təsir edir. Bu baxımdan əxlaq cəmiyyətin siyasi maraqlarını daha düzgün əks etdirir.
Mütərəqqi əxlaqa zidd olan, hadisələrin gedişini ləngidən, xalqa bədbəxtlik gətirən siyasət əvvəl-axır məğlubiyyətə uğrayır. Tərəqqipərvər əxlaqa söykənən siyasət həmişə müvəffəqiyyət əldə edir. Ədalətli siyasət özü mürtəce əxlaqın məhv edilməsinə və mütərəqqi əxlaqın yaranmasına kömək edir. Beləliklə, siyasət daim əxlaqi qiymətləndirməyə məruz qalır. Əxlaq isə bir tərəfdən, hakim sinfin siyasi ideallarından asılı olmaya bilmir, digər tərəfdən o, cəmiyyətin əsas qüvvələrinin mənəvi dəstəyinə ehtiyac duyan siyasətə güclü təsir göstərən amillərdən birinə çevrilir.
Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin ayrı-ayrı sosial qrupların və bütünlükdə cəmiyyətin gündəlik, həyat əhəmiyyətli maraqlarını, özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə edir və qoruyur. Bura mədəni, milli, iqtisadi və s. maraqlar aid edilir. Hər bir dövlətin bütün əhali üçün ümumi olan maraqları var: sərhədlərin qorunması, beynəlxalq aləmdə müəyyən nəticələr əldə edilməsi, milli mədəniyyətin və ənənələrin qorunması və s.
Dövlətin ilk mövcud olduğu dövrlərdə – quldarlıq və feodalizm quruluşlarında hakim təbəqələrin siyasi şüuru aparıcı rol oynasa da, sonrakı dövrlərdə, xüsusən XX əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha çox zənginləşir. Siyasi və əxlaqi şüurun qarşılıqlı münasibətinin xarakteri də tarixən müəyyən dəyişikliyə məruz qalmışdır.
Siyasi şüuru adətən əxlaqi şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas anlayışları xeyir və şər olduğu halda, siyasi şüurun əsas anlayışı hakimiyyətdir. Sonuncuya güc tətbiq etmə, məcbur etmə, hədələmə, azadlıqdan məhrum etmə və s. aid olduğu halda, əxlaqi şüur zor işlətməyə nadir hallarda, şərin məhv edilməsinin başqa yolu olmadıqda müraciət edir.
Hər hansı bir cəmiyyətdəəxlaqi şüurla siyasi şüurun qarşılıqlı münasibəti zəruridir. Onların hər ikisi insanların müxtəlif mənəvi tələbatlarına cavab verərək cəmiyyətin sabitliyini özünəməxsus şəkildə qoruyur.

Hüquq və əxlaq. Hüquq ictimai şüur formaları içərisindəəxlaqla daha sıx bağlıdır. Çünki hər ikisi insanların cəmiyyətdə davranışını tənzimləyən müəyyən qaydalar və normalarla əlaqədardır. Hər ikisi tarixi xarakter daşıyır, hakim sinfə xidmət edir, həmin sinfə məxsus norma və qaydaları qoruyur. Hər iki halda bu normalar hər bir vətəndaşa aid olur.
Hüquqa nisbətən əxlaqın tarixi daha qədimdir. Əgər əxlaq cəmiyyətin təşəkkül tapdığı ilk dövrlərdən yaranıbsa, bəşəriyyət mövcud olduqca yaşayacaqsa, hüququn xeyli sonra – siniflər meydana gəldikdə yaranması diqqəti cəlb edir. Hüququn yaranması dövlətin yaranması iləəlaqədardır. Hüquq – dövlətin başlıca tərkib hissəsidir. Onun meydana gəlməsi şüurlu xarakter daşıyaraq dövlət tərəfindən əsaslandırılır. Məhz dövlətin yaranması ilə qan düşmənçiliyi, insanın qurban verilməsi kimi adətlərə son qoyuldu, müxtəlif cinslər arasındakı münasibətlər nizama salındı. Dövlət, həmçinin, şər qüvvələrin tərksilah edilməsi, vətəndaşların cinayətkarlardan qorunması, qarşıdurma, toqquşma və s. halların aradan qaldırılması, həmçinin mənəvi dəyərlərin həyata keçirilməsi işində də müstəsna rol oynayır. Ayrı-ayrı imkanlı şəxslər 10, 20, ən çox isə 100 adama yardım edə bildiyi halda, məhz dövlət milyonlarla imkansız və köməksizi öz qanadı altına almağa qadir olub, onların hüquq və azadlığını qorumaq iqtidarındadır.
Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus hüquq və əxlaq normaları olur. Hər bir cəmiyyət borc və vicdan, ədalət və ədalətsizlik haqqında ümumbəşəri təsəvvürlərə malikdir. Hüququn əsas kateqoriyaları ədalət, əxlaqınkı – xeyirdir. Ədalətə nisbətən xeyir kateqoriyasının əhatə dairəsi daha genişdir. Bəzi hüquq normalarının əxlaqla qətiyyən əlaqəsi olmur. Əxlaq normalarının da hamısı hüquq qaydalarında öz əksini tapmaya bilər. Hüquq qaydaları adətən ümumi olduğu halda, əxlaq qaydaları fərdi də ola bilər. Çünki heç bir hüquq məcəlləsi insan hərəkətlərinin rəngarəngliyini əvvəlcədən nəzərə ala bilməz. Əxlaq normaları ayrı-ayrı insanlar və ya kollektiv qarşısında qoyulan konkret tələblərdir ki, onların yerinə yetirilməsi hər bir kəsin vicdanından asılı olub, ictimai rəyə söykənir. Hüquq normaları isə dövlət orqanlarının nəzarəti altında olur və onların pozulması hüquq qaydaları ilə nəzərdə tutulmuş sanksiyalarla müəyyənləşir. Hüquq normaları adətən yazılı şəkildə mövcud olduğu halda, əxlaq normaları şifahi mövcud olub, xalqın şüurunda yaşayır və ictimai rəy tərəfindən tənzim edilərək könüllü xarakter daşıyır. Hüquq qaydalarına əməl edilməsi lazım gəldikdə xüsusi qanunçuluq aparatının köməyi ilə səlahiyyətli şəxslər tərəfindən həyata keçirilən güc vasitələrilə (inzibati, cinayət və iqtisadi sanksiyalarla) təmin edilir.
Hüquq və əxlaqın münasibəti keçmişdə və indi mövcud olan etik nəzəriyyələrin ayrılmaz hissəsi olaraq qalır. Sokrat, Platon, Aristotel hüququn ideologiyası barədə fikir söyləyərək etikanı qanunçuluqla bağlamağa çalışırdılar.

Elm və əxlaq. Elm və əxlaq ilk baxışdan ictimai şüurun müxtəlif formaları olsa da, onlar müəyyən mənada bir-birini tamamlayır. Elmin nəzəri təfəkkürəəsaslanmasını, əxlaqın isə gündəlik ailə-məişət problemləri ilə əlaqədar olmasına baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Alimin öz fəaliyyətindəəxlaq prinsiplərini rəhbər tutması əxlaqın elmə, əxlaq prinsiplərinin elmi cəhətdən əsaslandırılması imkanı isə elmin əxlaqa göstərdiyi müsbət təsirlə bağlıdır. Çünki bəzi elmi kəşflər bəşəriyyətin xeyrinə deyil, ziyanına xidmət edə bilər. Alim insanların sağlamlığına və psixikasına mənfi təsir edəcək və ya kütləvi işsizliyə səbəb olacaq vasitələrdən istifadə etməzdən əvvəl bəşəriyyət qarşısındakı vətəndaşlıq borcunu, əxlaqi cavabdehliyini unutmamalıdır.

İncəsənət və əxlaq. İncəsənət və əxlaq ictimai şüurun digər formalarına nisbətən bir-birinə daha yaxındır. Həm incəsənət, həm dəəxlaqın əsasını etiklik və estetikliyin vəhdəti təşkil edir. Əxlaq və incəsənətin qarşılıqlı əlaqəsi gözəllik və xeyirxahlıq ideyalarının birliyi ilə də bağlıdır. Bu, həm əxlaq, həm də incəsənətdə müəyyən etik və estetik idealın formalaşmasına gətirib çıxarır. Hər iki ictimai şüur forması insanın mənəvi simasının formalaşmasına xidmət edir. İncəsənət həyatı hərtərəfli əks etdirə bildiyi halda, əxlaq onun yalnız bir tərəfini – mənəvi münasibətləri əks etdirir.
Əxlaqi problemlər incəsənətdə mühüm yer tutur. Buna görə də həyat hadisələrini incəsənət əxlaqa nisbətən daha geniş işıqlandıra bilir. Etikadakı xeyir və şər problemləri incəsənətdə bədii şəkildə həll edilərək gözəllik və eybəcərlik kimi qiymətləndirilir. Həyatdakı əxlaqi – etik problemlər, məsələn, xeyirlə şərin mübarizəsi, borc, xoşbəxtlik, məhəbbət və s. incəsənətdə bədii vasitələrlə, bədii formada, estetik cəhətdən həll edilir. İncəsənət cəmiyyətin mənəvi idealının təbliğatçısına çevrilir. Əxlaqi normalar incəsənətə sadəcə olaraq köçürülmür, onlar əvvəlcə sənətkarın fikir süzgəcindən keçir. İncəsənət hər hansı bir hadisəyə həm əxlaqi (xeyir və ya şər), həm də estetik qiymət verərək (gözəllik, ülvilik, rəzillik) bunları birləşdirir. İncəsənətdə mənəvi gözəlliyin təsviri – bədii yaradıcılığın əsas vəzifəsidir. Xeyirxahlığa xidmət edən incəsənət eyni zamanda gözəldir. Bu, çox vaxt təkcə xeyirin təsdiqi kimi deyil, həm də şərin inkarı kimi verilir. Sənətkar eybəcərliyi və şəri fiziki cəhətdən məhv edə bilməsə də, onları mənən yox edir. İncəsənət şəri inkar etməklə insanda ona qarşı müəyyən estetik münasibət yaradır.
Həm əxlaqın, həm də incəsənətin ümumi funksiyası olan tərbiyəvi funksiya əxlaqda əsas, incəsənətdə köməkçidir. Əxlaq tərbiyəsində çox vaxt incəsənət daha təsirli rol oynayır. Lakin incəsənətin tərbiyəvi funksiyaya malik olması onun əxlaqı əvəz edə bilməsi demək deyil. Bəzi sənət əsərləri əxlaqa hətta mənfi təsir də göstərə bilər. İncəsənətin tərbiyəvi funksiyası yalnız əxlaq tərbiyəsindən ibarət deyil. Bura tərbiyənin digər növləri də aid ola bilər, məsələn, əmək tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə (xoreoqrafiya sənətində, rəqsdə və s.), estetik tərbiyə (peyzaj, natürmort və s. janrları vasitəsilə) və s.

Din və əxlaq. Din əxlaqdan sonra yaranan ictimai şüur formasıdır. Müxtəlif adət və ənənələr, əxlaq qaydaları (primitiv şəkildə də olsa) dindən xeyli əvvəl mövcud idi və insanlar buna riayət edirdi.
Dünya dinlərindən hər biri öz inkişafında müəyyən iqtisadi, sosial amillərlə yanaşı əxlaqa da dəfələrlə müraciət ediblər. Bütün dini sistemlərdəəxlaq prinsipləri, norma və qaydaları haqqında kifayət qədər informasiya var. Din heç də yarandığı gündən cəmiyyətin əxlaqi funksiyalarının daşıyıcısı olmamışdır. Məsələn, qədim misirlilərin, babillərin və yunanların dini ilk vaxtlar əxlaq məsələləri ilə bağlı deyildi. Tədricən din, cəmiyyətin hakim əxlaq nəzəriyyələrinin daşıyıcısı olaraq ibtidai icma quruluşunun sonunda əxlaqın məzmununa qatılır və ona güclü təsir göstərməyə başlayır. Artıq əxlaq qaydaları insanların dini təsəvvürlərindən asılı olur ki, bu da kahinlər və rəhbərlərin şəxsi maraqlarına xidmət edir.
Dinə yalnız inam sistemi kimi deyil, həmçinin mədəniyyət, dünyagörüş, əxlaq və hüquq kimi də yanaşmaq lazımdır. Bütün dini abidələr insanların həyatını, əxlaqını, məişətini, adət və ənənələrini əks etdirir. Belə dini kitablar tarix və mədəniyyət abidələridir.
Ən möhtəşəm və son din olan İslam və onun müqəddəs kitabı «Qurani-Kərim» bütün bəşəriyyətə Allah tərəfindən göndərilən və vacib buyrulan əvəzedilməz nemətdir. «Qurani-Kərim» dini abidə olmaqla yanaşı, həm də insanların ictimai həyatının bütün sahələrini əhatə edərək istənilən məsələ və problemlərin həlli yollarını göstərir. Burada müxtəlif elmi (elmin bütün sahələrinə – astronomiya, okeonologiya, embriologiya, coğrafiya, fizika, kimya, sosiologiya, etika, biologiya, hüquq, tarix və s. aid), tərbiyəvi və digər məsələlər işıqlandırılıb. Bütün bunları ilk dəfədən anlamaq asan olmadığından İslam dini insanların ilk növbədə elmli olması zərurətini yaradır. «QuraniKərimdə» dini tərbiyə ilə yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziyyətlərdə necə hərəkət etməyin lazım olması məsləhət və ya zəruriyyət kimi göstərilir. Bu baxımdan «Quran» bütün dövrlər, bütün xalqlar və millətlər üçün dəyişilməz qalan əxlaq kodeksidir. Bu gün olduqca dəbdə olan gender probleminə, ümumiyyətlə qadının həm cəmiyyətdə, həm ailədə mövqeyinə hələ VII əsrdə «Quran»da münasibət bildirilmiş və bütün məsələlərdə qadının mənafeyi üstün tutulmuşdur. Vərəsəlik, övladgötürmə və s. kimi hüquqi problemlər, insanın həyat yoldaşına, valideynlərinə, övladlarına, qonaqlara, dövlət başçısına və digər insanlara olan münasibəti, hətta geyimi, yerişi iləəlaqədar bəzi əxlaqi problemlər islami dəyərlərin üstünlüklərini nümayiş etdirir.


Tarix: 09.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Fəlsəfə