beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaqi şüur

Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.

Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildəəks etdirir. Bu anlayışlardan har hansı bir hərəkətin qiymətləndirilməsi zamanı da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və s. aiddir. Əxlaqi şüur insan həyatının əhəmiyyətli tərəflərini – insanların bir-birinə, cəmiyyətə və bütün dünyaya münasibətlərini əks etdirən norma, adət, ənənə, dəb, baxış, ideya, emosiya, hiss və təsəvvürlərdən ibarətdir ki, bunlar da xeyir, şər, ədalət, vicdan, ləyaqət və s. anlayışlarla ifadə olunur.

Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər və s.-ni dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən ən əsaslarının seçilməsinə də cəhd göstərmişlər. Əsas anlayışın müəyyən edilməsinə, digər anlayışların onun üzərində qurulmasına da təşəbbüs göstərilmişdir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz təbiətinə görə gözəl həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas anlayış kimi borcu diqqət mərkəzinə qoyur və onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır.

Antik etikanın diqqət mərkəzində, həmçinin, əxlaqi şüurun əsas anlayışlarından olan şəxsiyyətin mənəvi keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. nəzərdə tutulur. «Xalis» əxlaqi və ya qeyri-əxlaqi mənəvi keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə mənəvi keyfiyyətləri əxlaqi və ya qeyri-əxlaqi, «fəzilət» və ya «qəbahət» kimi müəyyən edə bilər.

Əxlaqi şüur fərdi və ictimai olur.

Fərdi əxlaqi şüur insanın daxili aləmi iləəlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıllı, hissiyatlı, iradəli. Bununla əlaqədar, fərdi əxlaqi şüurun 3 komponenti var: 1) ağıl; 2) hisslər; 3) iradə.

Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali sərvətlər haqqında təsəvvürlər, ideya və ya anlayışlardır. İnsanın mənəvi həyatında ağılın mühüm rol oynadığını hələ Sokrat və Platon da qeyd edirdilər.

Hisslər insanın həyatında mühüm rol oynayır. Psixologiya elmi bütün psixi hadisələri 3 qrupa bölür: 1) psixi proseslər (dar mənada, çünki bütün psixi hadisələr həmçinin prosessual xarakter daşıdığı üçün həm də «proses» adlandırıla bilər ki, bu da geniş mənada başa düşülür); 2) psixi hallar; 3) psixi xassələr və ya keyfiyyətlər.

Psixi proseslər adlanan birinci qrupa iradi proseslər, emosional proseslər və idrak prosesləri aiddir. Bunlar digər psixi hadisələrdən fərqli olaraq, sırf prosessual xarakter daşıdığı üçün bu qrup məhz belə də adlanır. O cümlədən idrak prosesləri də 2 yerə bölünür: hissi idrak və məntiqi idrak. Hissi idrak proseslərinə həm insanlara, həm də heyvanlara xas olan duyğylar (görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə), qavrayış, diqqət, hafizə, təsəvvür; məntiqi idrak proseslərinə isə yalnız insana məxsus olan nitq, təfəkkür və təxəyyül prosesləri aiddir.

Psixi hallar adlanan ikinci qrupa hisslər, emosiyalar, affektlər, stress, şok, depressiya və s. aiddir ki, bunlar birinci qrupdakı proseslərdən fərqli olaraq daha uzunmüddətlidir. Əgər birinci qrupdakı proseslər bir neçə an, saniyə, dəqiqə və ya saat davam edirsə, ikinci qrupdakı proseslər bir neçə gün, hətta bir neçə ay davam edə bilər.

Psixi keyfiyyətlər adlanan üçüncü qrupa tələbatlar, maraqlar, xarakter, temperament, zövq, ideal, qabiliyyətlər, dünyagörüş və s. aiddir ki, bunlar həm də insanın fərdi psixoloji keyfiyyətləri adlanır və daha uzunmüddətli proseslər sayılır.

Göründüyü kimi, hiss və emosiyalar 2-ci qrupa daxildir. İnsan hissləri müxtəlifdir: aclıq, susuzluq, yuxusuzluq, sevinc, kədər, məhəbbət, nifrət, qısqanclıq, təəssüf, peşmançılıq, qəzəb, fərəh, utancaqlıq və s. Hisslərin bir qismi maddi tələbatla əlaqədar olub, heyvanlara da xasdır. Lakin maddi tələbatla bağlı olmayan hisslər də heyvanlara aid ola bilər. Məsələn, şadlıq, məhəbbət, qəzəb və s. Yalnız insanlara məxsus olan ali hisslər də mövcuddur ki, bunlara da zehni hisslər, estetik hisslər vəəxlaqi hisslər aiddir.

Əxlaqi hisslər cəmiyyətdəki əxlaq normalarına bəslənən subyektiv münasibətdir. Əxlaqi hisslərin obyekti adamlar, qruplar, münasibətlər, adamların hərəkət və rəftarı, ictimai həyatın qanunları və s.-dir. Bəzən həyatda vaxt və ya informasiya qıtlığı üzündən elə situasiyalar yaranır ki, tək ağıl kifayət etmir, çünki insan hadisələri ildırım sürətilə qiymətləndirməli olur. Bu zaman məhz əxlaqi hisslər ağılın köməyinə gəlir. Vicdan hissi, borc hissi, ədalət hissi və s. bu qəbildəndir. Onlar mənəvi təcrübəyəəsaslanaraq ağılın görə bilmədiyi hərəkətləri və situasiyaları «tuta bilir». İnsanın gündəlik rəftarında vəşüurunda, eləcə də motivasiyasında müsbət (səmimilik, rəhmlilik, dərdə şərik olma, xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, məsuliyyət və s.) və mənfi (fərdiyyətçilik, bədxahlıq, düşmənçilik, paxıllıq, ikiüzlülük, şöhrətpərəstlik, başqasının dərdinə sevinmək və s.) əxlaqi hisslər böyük rol oynayır. Müsbət əxlaqi hisslər mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun, müəyyən davranış normalarına müvafiq hərəkət etməyə xidmət edir. İnsanda olan utancaqlıq, vicdan, məhəbbət və s. hisslər də xeyirxah əməllərin əsas törədicisidir. Mənfi əxlaqi hisslər insanı mövcud əxlaq normalarına uyğun hərəkət etməməyə, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutmağa vadar edir. Bəzən insan məhz nifrət, acıq, qibtə, qısqanclıq, özünəvurğunluq, şöhrətpərəstlik hissləri ucbatından zərərli hərəkətlər törədir. Öz hərəkətlərinin ictimai əxlaqa uyğun gəlmədiyini dərk edərək iztirab keçirən zaman insanda təəssüf, peşimançılıq, utancaqlıq, xəcalət və s. kimi əxlaqi hisslər yaranır. Deməli, əxlaqi hisslər mövcud cəmiyyətin rəftar vəəxlaq normalarına insanın bəslədiyi mənfi və ya müsbət münasibətin əks etdirilməsidir. Müxtəlif həyat şəraitində yaşayan insanların əxlaqi hissləri də məzmun etibarilə bir-birindən fərqlənir. Buna görə də hər bir tarixi dövrdə insan hisslərinin tərbiyə edilməsinin məqsəd və istiqaməti dəyişir, yeni forma və məzmun kəsb edir. Ağıl və hisslərin harmoniyası daha effektli olub, insanın məsləklərini təşkil edir. Bunlar isə heç də həmişə reallaşmır.

İradə – əxlaqi şüurun üçüncü elementi və ya komponenti olub, qətiyyət, dözüm, mərdlik, müstəqillik, təkidlilik, konkret işlərə hazır olma, özünüidarəetmə ilə üzə çıxır. İradə insan fəallığının xüsusi forması olub, mürəkkəb psixi prosesdir. Onun 2 əsas funksiyası var: 1) təhriketmə və 2) ləngitmə. Birincidə insan öz arzu və tələbatlarından imtina edərək, daha vacib olanı seçir (məsələn, özü istirahət etmək əvəzinə xəstəyə baş çəkməyə gedir). İkincidə insan öz dünyagörüşünə, əqidə və ideallarına uyğun gəlməyən işləri görməkdən şüurlu surətdə imtina edir. Məhz bu xüsusiyyətlər iradəni motivdən fərqləndirir.

İctimai əxlaqi şüur fərdi əxlaqi şüurla qarşılıqlı əlaqədə formalaşır ki, bunun da daşıyıcısı bütün cəmiyyətdir. İctimai əxlaqi şüurun strukturuna gündəlik əxlaqi şüur və nəzəri əxlaqi şüur aiddir.

Gündəlik əxlaqi şüur hələ ibtidai icma dövründə kortəbii şəkildə yaranaraq müxtəlif əxlaq problemləri, onların qiymətləndirilməsi, əxlaqi hisslərləəlaqədar gündəlik mülahizələri ifadə edir. Bu anlayışlar adətən ziddiyyətli və anlaşılmaz olur. Gündəlik əxlaqi şüur nəzəri əxlaqi şüurla sıx əlaqədardır. Onların arasında «Çin səddi» çəkmək düzgün deyil.

Nəzəri əxlaqi şüur əqli əməyin fiziki əməkdən ayrılması, peşələrin yaranması və bu peşə sahiblərinin – filosofların, müəllimlərin, din xadimlərinin, dramaturqların və başqalarının gənclərin təlim-tərbiyəsi ilə məşğul olması, mənəvi həyatın müxtəlif problemlərini nəzərdən keçirməsi iləəlaqədardır ki, burada da əsas rolu əxlaq fəlsəfəsi olan etika oynayır. O, daha məqsədyönlü şəkildə formalaşır vəəsasən insan varlığının mərkəzinə, həyat əhəmiyyətli məsələlərə doğru tuşlanaraq ardıcıllığı, rasionallığı, sistemliliyi, aydınlığı ilə xarakterizə edilir.

İnsanın mənəvi həyatında inam və hisslər daha çox iştirak etdiyindən məhz onlar əxlaqi şüurun bütün səviyyələrinə nüfuz edir. Bəzi müəlliflər əxlaqi şüurun 2 səviyyəsini ön plana çəkir: 1) hissi-emosional və 2) rasional.

Əxlaqi şüurun hissi-emosional səviyyəsi əxlaqi hiss və həyəcanların məcmusundan ibarətdir. Hisslərin ümumpsixoloji təsnifatına görə zehni və estetik hisslər kimi ali hisslərə aid olan əxlaqi hisslər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Əxlaqi hisslər insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bu hisslər hərəkətin motivi olduğu üçün əxlaqi əhəmiyyətə malik olur. Onlar adətən müxtəlif emosional vəziyyətlərdə yarana bilən borc və vicdan hisslərindən ibarətdir. Belə vəziyyətlər utancaqlıq, peşimançılıq, vicdan əzabı və s. iləəlaqədardır. Şəxsi ləyaqət və şərəf hissi də bu qəbildəndir. Lakin əxlaqi hisslər bununla bitmir. İnsanın hər hansı bir hissi əxlaqi əhəmiyyətə malik ola bilər, belə ki, o, əməl xarakteri daşıyan hərəkətdən törəyir. Məsələn, hər bir insana xas olan qorxu hissi təbii hiss olub, əsasən özünümüdafiə instinkti ilə bağlı olduğu üçün heç bir əxlaqi əhəmiyyətə malik deyil. Lakin müxtəlif situasiyalarda o, həm qorxaqlıq kimi, həm də qorxunu dəf etməyə yönəlmiş cəsarət, igidlik, şücaət və s. kimi üzə çıxır. Bunu digər hisslərə də aid etmək olar: məhəbbət, nifrət, sevinc, heyfsilənmək, məğrurluq və s. Bu əxlaqi hisslər şəxsiyyətin, kollektivin, qrupun spesifik reaksiyasıdır ki, bunlar da insan-insan və ya insanla cəmiyyət arasında baş verir.

Şüur, əxlaqi hisslər və emosiyalar gerçəkliyi əks etdirmənin və hərəkətin motivinin ayrı-ayrı tərəfləri olsa da, bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Əxlaqi şüuru yalnız qaydalardan ibarət olan insan, real həyatla, insanın hiss və iztirabları ilə qarşılaşdıqda ətrafdakılar üçün, adətən, quru, aciz, sxematik təsir bağışlayır. O, insanlara qarşı laqeyddir, sevməyə və nifrət etməyə layiq deyil, onun «normaları» insan qəlbinin dərin qatlarına nüfuz edə bilmir. Emosiya və hisslər insanın mənəvi həyatını daha dolğun edir, əxlaqi şüura sabitlik və aydınlıq gətirir, hərəkətin qəbul edilib–edilmədiyini, qənaətbəxş olub-olmadığını, alqışa və ya məzəmmətə səbəb olduğunu düzgün müəyyən etməkləəlaqədar əxlaqi şüurun qiymətləndirmə bacarığını gücləndirir, hadisələrə olan reaksiyasını tamamlayır.

Əxlaqi şüurun rasional səviyyəsi normativ-dəyər məzmunlu xüsusi tip anlayışlardan ibarətdir ki, bunlara əxlaq normaları, mənəvi prinsip və ideallar, düzgün olan və olmayanlar haqqında ideyalar, əxlaqi qiymətləndirmə aiddir. Şüurun digər formalarında olduğu kimi, əxlaqi şüurda da emosional tərəflə rasional tərəf bir-biri ilə qovuşur, hissi təcrübə ilə idrak (ağıl) birləşir. İ.Kant yazırdı ki, ağıl hissi təcrübəsiz boşdur, hissi təcrübə isə ağılsız kordur (102, 45). Ağıl hisslərə müəyyən ictimai istiqamət verir, şüur isə emosional hisslərin intellektual əsası kimi çıxış edir.

Əxlaq normaları insanların hərəkətlərini müəyyənləşdirir, istiqamətləndirir, nəyi etmək olar, nəyi yox, hansı şəraitdə nə cür hərəkət etmək lazımdır və s. kimi suallarda onlara yardımçı olur, davranış qaydalarının çərçivəsini, standartlarını bildirir. Əxlaq normaları mənəvi və praktik tərəflərin vəhdətindən ibarətdir. Onlar əxlaqi şüurun özəyidir. Əxlaq normaları yalnız davranış qaydaları qarşısında tələblər qoymur, həm də cəmiyyətin buna münasibətini ifadə edir, onları qiymətləndirir. Əxlaq normaları eyni zamanda həm tələb, həm də qiymətləndirmədir. Bunlara norma-tələblər, norma-qiymətləndirmə deyilir. Bundan başqa, hər hansı davranış xəttini müəyyən edən norma-məqsədlər və hərəkəti məhdudlaşdıran və ya qadağan edən norma-çərçivələr də mövcuddur. Bunlar vasitəsilə cəmiyyət şər əməlləri mühakimə edir, xeyir əməllərə bəraət qazandırır. Beləliklə, əxlaq normaları sonuncuların (xeyirin) katalizatoru kimi çıxış edir.

Əxlaqi şüurun tərkib hissəsi olan adət vəənənələr insanların məişətinə möhkəm daxil olaraq davranış qaydalarının sabit tərəfi kim çıxış edir. Onların formalaşması böyük insan birliklərinin iştirakı ilə illərlə, hətta onillərlə davam edir. Bu zaman insanların tələbatı və ictimai rəy nəzərə alınır. «Ənənə» anlayışı «adət» anlayışından daha genişdir. Ənənəyə bir neçə adət daxil ola bilər, məsələn, qonaqpərvərlik, toy adətləri və s. Hərbi, vətənpərvərlik, inqilabi, mədəni, məişət, milli, beynəlmiləl və s. ənənələr də mövcuddur. Bir çox ənənələr minilliklərin sınağından keçib. Öz dövrünü yaşamış, mürtəce xarakter almış adət-ənənələrlə cəmiyyət heyfsilənmədən vidalaşır, insanların xeyrinə olan adətlərin isə qoruyucusuna çevrilir.

Əxlaq prinsipləri əxlaqi şüurun daha mürəkkəb forması olub, ayrıca əxlaq normalarında konkretləşir. Əxlaqi norma və prinsiplərin məcmusu əxlaq kodeksini yaradır. Bütün dini kitablar (əlbəttə, orijinal variantları), ən başlıcası isə Quran özünəməxsus əxlaq kodeksidir. Əxlaq prinsipləri əxlaqi tələblərin ümumiləşmiş ifadəsidir.

Mənəvi ideal əxlaqi şüurun daha geniş, ümumiləşmiş formasıdır. O, bəşər tarixinin nisbətən sonrakı pillələrində yaranıb. İbtidai və quldarlıq cəmiyyətlərində o hələ inkişaf etməmişdi. Əgər əxlaq normaları bugünkü davranış qaydalarını tələbata uyğun ifadə edirsə, mənəvi ideal əxlaqi tələbləri mümkün qədər mütləqləşdirərək gələcəyə tuşlanır. Mənəvi ideal – əxlaqi qiymətləndirmə, prinsip və normaların sintezidir.

Əxlaqi qiymətləndirmə – əxlaqi şüurun mühüm elementi olub, insanların hadisələr, şəxsiyyətlər, adətlər, davranış qaydalarının mənəvi dəyəri haqqındakı təsəvvürləridir. Burada subyektin qiymətləndirilən obyektə rəğbəti və ya tənqidi ifadə olunur. Subyekt – ayrıca insan, insan birliyi, yəni kollektiv, sinif, cəmiyyət; obyekt isə fərdin əməllərindən tutmuş, qlobal ictimai-siyasi hadisələrə və ya tarixi dövrlərədək olan daha geniş anlayışdır. Qiymətləndirməyə aid olan mühakimələrə «bu yaxşı işdir», «bu ədalətli deyil», «layiqli hərəkətdir», «ləyaqətli insandır» və s. daxildir.
Beləliklə, əxlaqi şüurun çoxşaxəli olduğunun şahidi olduq.


Tarix: 09.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Fəlsəfə