beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dialektik fəlsəfənin kateqoriyaları. Zərurət və təsadüf

Məlum olduğu kimi, kerçəkliyin hansı sahəsini öyrənib öyrən­məməsindən asılı olmayaraq hər bir elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni ümumi anlayışlar sistemindən istifadə edilir.
Ümumiyyətlə, fəlsəfi kateqoriyalar gerçəkliyin ümumi cəhət­lərini və əlaqələrini, tərəflərini və xassələrini əks etdirən anlayış­lar­dır. Biz artıq bu kateqoriyalardan təkcə, xüsusi və ümumi haqqında qısa da olsa məlumat vermişik. Əslində dialektikanın kateqoriyaları insanların min illər boyu davam edən təcrübəsinin, onların əmək fəaliyyəti və idrakının yekunu, ümumiləşdirilməsidir. Bəzi tədqiqat­çı­la­rın fikrincə, dünyanı dərk etməyin pillələridir. Həmin kateqo­riyalardan zərurət və təsadüf, azadlıq və zərurət, azadlıq və mə­suliyyət, forma və məzmun, mahiyyət və hadisə, səbəb və nəticə, imkan və gerçəklik haqqında bir az ətraflı danışaq.
Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb– nəticə əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət münasibətlərində müəyyənedici xarakter­is­tika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir konsep­siyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaşdırılması da tələb olunur. Zərurət– müəyyən şərait olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir. Fəlsəfi determinizmin mühüm məsələlə­rindən biri təsadüf kateqoriyasının obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir– birindən təcrid olunmuş halda, «saf» şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə obyektiv zəru­rət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərqləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsadüfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, zəruri proses da­xilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surət­lən­dirər, ya da yavaşıda bilər. Çox vaxt inkişafın gedişində təsadüf­lər zəruri prosesə o dərəcədə qarışır ki, özləri zərurətə çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də keçilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir– birinə təsir göstərir, bir– birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları qarşı– qarşıya qoymaq düz deyildir.
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determinə edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsadüf bu və ya digər ha­disənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Birin­cisi, determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik kateqoriyasının obyektiv idrakı əhəmiyyətini heçə endirir.

a) Azadlıq və zərurət, azadlıq və məsuliyyət
İnsanın iradə azadlığının sadələşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə əlaqələndirdiyinə görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız filosofu P.Hol­bax qeyd edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe olur. Onun iradə azadlığı xülyadır. Buxnerə görə, azadlıq– qolu bağlı insanın azadlığıdır, quşun qəfəsdəki azadlığıdır.
Doğrudanda da hər şey zəruridisə, əgər təsadüf, imkan yox­dursa, əgər insan yalnız robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu və ya digər zərurəti dərəketsə də bu dərketmənin özü də vəziyyəti dəişdirmir. cinayətkar həbsxanada qalmağının zərurətini «dərk etməklə» azad ola bilmir.
Lakin azadlığın başqa traktovkası da mövcuddur. Həmin traktovkaya görə, azadlıq necə istəyirsən elə hərəkət etmək imkanıdır. Azadlıq– iradə azadlığıdır. İradə– öz mahiyyətinə görə həmişə azad iradədir.
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir.
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu sındıran insanın məhkəməsindən söhbət gedir. Gü­nahkara ona görə bəraət verirlər ki, heç kim ona öz qolunun yellə­məyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əlaqədar məhkəməni qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qolunu yelləməyin hüdudu digər adamın burnunun yaxınlığında qurtarır.
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq çox vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. G.Dmitrov bir zaman demişdi ki, faşizm və hüquq sistemi tamamilə bir– birinin əksi olan şeyərdir. Faşizm– öz mahiyyətinə görə iri kapital bandasının özbaşınalığıdır. Bu, hakim cinayətkarlar rejimidir. «Azadlıq» və «özbaşınalıq» hakim cinayətkarlar üçün hər şeyə icazə verilməsi, xalqa qarşı terror və özbaşınalıqdır.
Fransız əfsanəsi bir daha sübut edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir.
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı say­mağımızdan ibarət deyil, ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qanunları planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə məcbur edilə bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir,– bunlar iki qisim qanunlardır ki, bunları biz bir– birindən, uzaq başı, öz təsəv­vürümüzdə ayıra bilərik, gerçəklikdə isə ayıra bilmərik. Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara gəlmək qabiliyyətindən başqa bir şey deyildir. Beləliklə, insan müəyyən bir məsələ haqqında nə qədər azad mühakimə yeridir, bu mühakimənin məzmunu da o qədər böyük bir zərurətlə müəyyən olacaqdır, halbuki bilməməkdən irəli gələn və imkan daxilindəki bir çox müxtəlif bi– birinə zidd qərarlar arasında guya istədiyini seçib götürən inamsızlıq özünün azad olmadığını, məhz özünün tabe edəcəyi şeyə tabe olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini dərk etmək əsasında özümüzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də azadlıq tarixi inkişafın zəruri məhsuludur (F.Engels).
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri müqabilində əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu və ya digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç bir əxlaqi və hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə alması faktı ilə də eyniləşdirmək olar.
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh olduğunu nəzərdə tutur.
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq məqsədəuyğun fəaliyyətin həyata keçməsi im­kanı­dır. Məsuliyyət obyektiv şəraitin diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur, məsuliyyət azadlığı istiqa­mət­ləndirir.
Elmi– fəlsəfi dünyagörüşünə görə həm azadlıq, həm də mə­suliyyət obyektiv səbəbiyyət determinizmin hökm sürdüyü dünyada mümkündür. Məsuliyyət ictimai şüurun inkişafı, sosial münasi­bətlərin səviyyəsi ilə mövcud sosial institutlarla şərtlənir.

b) Forma və məzmun
Dialektik fəlsəfənin mühüm qoşa kateqoriyalarından olan for­ma və məzmun haqqında danışarkən qeyd etmək lazımdır ki, məzmun məlum predmeti və ya hadisəni təşkil edən elementlərin və proseslərin məcmusudur. Forma məzmunun strukturu, quruluşu­dur, həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır.
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəy­yən forması olan məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim məzmunludur, o müəyyən məzmun olmasını nəzərdə tutur və bu məzmunun strukturunu, quruluşunu təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir. Məzmun özünə xas ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə, inkişafda olur. Məzmunun dəyişməsindən asılı olaraq, forma da dəyişir.
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir və məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına kömək edir və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma məzmunun inkişafına, irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən köhnə forma isə məzmunun inkişafına əngəl törədir.
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki, mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər.
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, məzmun ilə forma arasında müəyyən vaxtlarda kəsgin ziddiyyətlər də meydana çıxır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun inkişafın­dan daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onun­la toqquşur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar, maddi və «ideal» olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur.
Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal mü­na­sibət­ləri üstquruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə formadır. Forma və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prinsiplərlə aydınlaş­dırı­lır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rəngarəng­liyi; 3. Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı– formanın məz­munu və yaxud əksinə, məzmunun formaya müvafiqliyi.
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məz­mun və forma olmasın. Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də forma ilə məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmişə davam edir. Dialektika özü də bunu tələb edir.

c) Mahiyyət və təzahür
Fəlsəfi dialektikanın kateqoriyaları içərisində bir– birinə ya­xın olanları da vardır. Təsadüfi deyildir ki, mahiyyət anlayışından danışarkən onun məzmun anlayışına yaxın olduğu qeyd olunur. Lakin onlar bir– birinin eyni deyildir. Çünki məzmun müəyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda, mahiyyət predmetin başlıca daxili, nisbətən sabit tərəfidir və ya onun tərəfləri və münasibətlərinin məcmusudur. Mahiy­yət predmetin təbiətini müəyyən edir, predmetin bütün qalan tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Təzahür isə mahiy­yətin bilavasitə xarici vasitəsidir, onun meydana çıxması formasıdır.
Dialektik fəlsəfə elmi və əməli fəaliyyətin nailiyyətlərini ümumiləşdirərək, mahiyyət ilə təzahürün vəhdət təşkil etdiyini irəli sürür. Doğrudan da məzmun və formada olduğu kimi, mahiyyət ilə təzahür də qarşılıqlı əlaqədədir, qırılmazdır. Əslinə qalanda mahiy­yət təzahür edir, təzahür mahiyyətlidir. Təzahür eyni mahiyyətdir, lakin bilavasitə gerçəkliklə meydana çıxması cəhətdən götürülmüş­dür. Təzahür gerçəkliyin xarici, səth tərəfidir, şeylərin ayrı– ayrı xassələri, momentləri, cəhətləridir. Mahiyyət həmin təzahürlər, müxtəlif momentlər, tərəflərdir, lakin ən sabit, dərin, ümumi şəkildə götürülmüşdür. Bəzən mahiyyəti obrazlı şəkildə sürətli çayın nis­bətən sakit, güclü, dərin axını ilə müqayisə edirlər.
Maraqlı cəhətlərdən biri budur ki, bir təzahürdə hökmən mahiyyət aşkara çıxır, lakin tam şəkildə deyil, onun müəyyən bir hissəciyi aşkara çıxır. Əslində təzahür mahiyyəti tamamilə əhatə etmir, onu yalnız hər hansı bir tərəfdən səciyyələndirir. Bununla yanaşı, xalis mahiyyət, yəni heç bir şeydən meydana çıxmayan mahiyyət də yoxdur. Hər bir mahiyyət özünü bir sıra təzahürlərdə büruzə verir.
Bir məsələni də qeyd etmək lazımdır ki, mahiyyət ilə təzahür nəinki vəhdət təşkil edir, habelə onlar bir– birinə əksdir, bunlar heç zaman bir– birinə mütabiq gəlmir. Onların əksliyi gerçək pred­metlərinin özlərinin daxili ziddiyyətlərinin ifadəsidir. Çox vaxt mahiy­yət də üzdə olmur, yəni görünmür. O, gizlidir, bilavasitə müşahidə oluna bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli öyrənilməsi prosesində aşkara çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir– birinə bilavasitə müvafiq olsaydı, onda hər hansı bir elm gerçəksiz olardı (K.Marks). Bu, o deməkdir ki, elmin vəzifəsi məhz gerçəkliyin çoxlu təzahürləri, xarici tərəfləri, cəhətləri arxasında mahiyyəti, bunların əsasını təşkil edən daxili, dərin prosesləri axtarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip olur: 1. Adekvat təzahürlər və 2. Adekvat olmayan təzahürlər. Zahirilik qeyri– adekvat tipi kimi iki növə bölünür: a) mahiyyət daxili və b) mahiyyətlərarası.
Ümumiyyətlə, «təzahür» və «mahiyyət» kateqoriyalarının təhlili zamanı həmin tiplər onların hər ikisinə aid edilir. Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm proses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür.

ç) Determinizm. Səbəb və nəticə
Şeylərin təbii gedişinin obyektiv səbəbiyyətə, qanunauy­ğun­luğa tabe olması haqqındakı təlim determinizm (latınca– determinare» sözündən olub müəyyən etmək mənasını verir) adlanır. Deter­minizmə qarşı obyektiv səbəbiyyəti, zərurəti, qanunauyğunluğu inkar edən təlim– indeterminizm durur. Maddi aləmdə səbəbiyyət ən ümumi, universal xarakter daşıyır. Səbəbiyyətsiz bir hadisə yoxdur. Və ola bilməz. Fəlsəfədə determinizm obyektiv amillərin təsiri altında predmetin obyektiv əlamətlərinin yaranması və formalaşmasıdır. Səbəbiyyət gerçəkliyin özünə xasdır və insan tərəfindən idrak və praktika prosesində aşkara çıxarılır.
Determinizm– obyektiv hadisələrin ən ümumi asılılığı (şərt­lən­məsi) haqqında olan təlimdir. Dünya haqqında həmin təsəvvür­lərin əsasında bütün hadisələrin qarşılıqlı əlaqəsi durur ki, bu da bir tərəfdən, dünyanın substansional vəhdətinin təzahürü və onun real­laşdırılması üsulu, digər tərəfdən isə inkişafın universal xarakterinin ilk şərtləri və nəticəsidir. Determinizmin çıxış kateqoriyaları əlaqə və qarşılıqlı təsir anlayışlarıdır. Bütün hadisələrin ən ümumi qar­şılıqlı əlaqələrinin mövcudluğu determinizm prinsipinin çıxış şərtlə­ri­dir. Determinizm universal qarşılıqlı əlaqələrin mövcudluğunu etiraf edən və həmin universal əlaqələrdən kənarda bu və ya digər şey və hadisənin mövcudluğunu inkar edən ümumi təlimdir. Lakin determinizm prinsipinin məzmunu bununla bitmir. Fəlsəfi deter­minizm təbiətin müəyyən konsepsiyasını və səbəbiyyət, zərurət qanunauyğunluqları ilə ifadə olunan determinasiya münasibətl­əri­nin strukturunun bəzi cəhətlərini də əks etdirir.
Ümumiyyətlə, determinizm ümumnəzəri prisiplərinin bəzi tezislərini qeyd edək. Hər şeydən əvvəl, maddi sistem və proseslərin ən ümumi asılılığı, bir– birilə şərtlənməsi haqqında olan tezis ön planda göstərilməlidir. İkincisi, determinasiya şərtlənmə münasibət­lərinin bütün rəngarəngliyi əsasında genetik, səbəbiyyət asılılığı du­rur. Üçüncüsü, determinasiya tiplərinin rəngarəngliyi və determina­siya münasibətlərinin səbəbiyyətsiz mövcudluğu haqqında olan tezis nəzərdə tutulmalıdır. Dördüncüsü, şərtlənmə münasibətlərinin re­qul­yarlığı, yaxud da qanunauyğunluğu haqqında oan tezis də hə­min qəbildəndir. Şərtlənmə prosesi requlyar və qaydaya salınmamış xarakterə malikdir.
Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi kökləri də var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbə­biy­yət (kauzallıq)– hadisələrin ən ümumi qanunauyğun əlaqəsi for­ma­larından biridir. Bütün elmlər hadisələrin meydana gəlməsi, inki­şafı və məhv olması səbəblərini aydınlaşdırmaq istəyir. Bilik hər şey­dən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb və nəticə an­la­yış­larını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cə­hət­lərini təcrid edir. «Ayrı– ayrı hadisələri başa düşmək üçün, biz on­ları ən ümumi əlaqə içərisindən qoparıb götürməli və ayrılıqda göz­dən keçirməliyik, belə bir halda isə bir–birini əvəz edən hə­rə­kət­lə­rin biri səbəb kimi, digəri isə fəaliyyət kimi qarşımıza çıxır» (F.Engels).
Səbəb və nəticə bir– birilə bağlı anlayışlardır. Başqa bir ha­disəni doğuran hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal əlaqədir.
Səbəbiyyət münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında istehsal və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən əvvəl deyildir o, həmçinin nəticəni do­ğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqədir. Səbəbiyyət əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inan­dırıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki siqnal– proses və s. ilə əlaqədar olsun.
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin mövcudluğunun ikinci əlamətini göstərir. Burada səbəbiyyət müna­sibətləri bir istiqamətliliyi və yaxud zaman assimetriyası kimi səciy­yələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin formalaşması həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt olmur. Səbəbiyyət münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruri­li­yi, birmənalılığıdır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli həmin vaxt zəruri olaraq nəticə törənir. Bu isə məkan və zamanda səbəbiyyət münasibətinin lokal­laşmasından asılı olmur. Səbəbiyyət qanununu formulə etsək deyə bilərik: bərabər səbəblər bərabər nəticələri doğurur.
Səbəb– nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasi­bəti diqqətlə nəzərdən keçirilsə, faktiki olaraq səbəblərlə əlaqələn­dirilmiş hadisələrin müəyyən zənciridir. Əgər inteqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri mə­kanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır.
Əlbəttə, səbəb ilə nəticə arasındakı münasibəti funksional asılılıq formasında təsəvvür etmək olar: nəticə səbəbin funksiyası­dır, lakin burada səbəbiyyətdəki başlıca cəhət pərdələnmiş olur: real bir hadisə olmaq etibarilə səbəb başqa bir real hadisə olan nəticəni doğurur və şərtləndirir.

d) İmkan və gerçəklik
Dialektik fəlsəfə öyrədir ki, təbiət və cəmiyyət hadisələrinin çox müxtəlif qanunauyğun əlaqə formalarından biri imkanın gerçəkliyə çevrilməsidir.
Bu və ya başqa hadisələrin, proseslərin meydana gəlməsi im­kanı maddi aləmin obyektiv qanunlarının fəaliyyətindən irəli gəlir və müəyyən şəraitdə gerçəklik olur, yaxud gerçəkliyə çevrilir. Tə­sadüfi deyildir ki, çox vaxt gerçəkliyə imkanın həyata keçməsi deyirlər. Geniş mənada gerçəklik dedikdə obyektiv surətdə mövcud olan bütün dünya, obyektiv reallıq başa düşülür. İmkan hadisələrin qanunauyğun hərəkətinin müəyyən meylini ifadə edir. Lakin imkan təkcə zərurətlə deyil, təsadüflə də bağlı olur. Bu və ya başqa imkan nəinki bir sıra hadisələrin qanunauyğun, zəruri hərəkətindən, habelə təsadüfi məcmusundan ibarət olur.
İmkan ilə gerçəklik inkişafın iki tərəfi kimi, inkişafın çıxış momenti və nəticəsi kimi bir birinə nisbi surətdə əksdir. İnkişaf isə hadisələr silsiləsi təşkil etdiyinə görə bu silsilənin hər bir halqası birinə nisbətən çıxış momenti və digərinə nisbətən nəticədir: həm imkandır, həm də gerçəklik. İmkan və gerçəklik bir– birinə keçsələr də onları qəti fərqləndirmək lazımdır.
İmkanlar müxtəlif olur. İki növ imkanı– abstrakt (formal) im­kan ilə real imkanı bir– birilə qarışdırmaq olmaz. Müəyyən qanu­nauy­ğunluğun olması ancaq abstrakt, formal imkanı şərtləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ gerçəkliyə çevrilə bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait yoxdur, əməli fəaliyyətdə formal imkana arxalanmaq olmaz ki, guya hər şey mümkündür. Əməli fəaliyyətdə yalnız mövcud şəraitdən, mövcud olan və fəaliyyət göstərən qanunauyğunluqdan irəli gələn real im­kana arxalanmaq lazımdır. Lakin obyektiv qanunauyğunluğun möv­cud olması hələ heç də bu və ya başqa bir real imkanın mey­dana çıxması üçün kifayət deyildir. Həmin qanunauyğunluğun məhz müəyyən formada təzahürünə kömək edəcək şərait lazımdır.
İmkanlar eyni zamanda konkret olur. Konkret imkan maddi sistemin inkişafının müəyyən mərhələsində, müvafiq şəraitin olması sayəsində mövcud olan imkandır. Əgər bütün zəruri şərait olmazsa, hətta ən real imkan da əldən qaçırılır və bu imkan gerçəkliyə çevrilə bilmir. Məsələn, toxumda bitkiyə çevrilmək imkanı vardır, lakin bunun üçün ilin müəyyən bir vaxtında onu yumuşaldılmış nəm torpağa əkmək, müvafiq temperaturun olması və s. lazımdır. Bir çox toxumlar zəruri şərait olmadığına görə cücərmir.
İmkanlar içərisində elələri də vardır ki, onlar zəruri xarakter daşıyır və gec– tez reallaşır. İctimai həyatda imkanların gerçəkliyə çevrilməsi üçün insanların əməli fəaliyyəti olduqca zəruridir.


Tarix: 09.12.2014 / 14:12 Müəllif: Aziza Baxılıb: 263 Bölmə: Fəlsəfə