Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfüqar Qodmanlı

Əliyev Zülfüqar Mənsur oğlu — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964).

Həyatı

Zülfüqar Qodmanlı 1933-cü il iyunun 15-də Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. İbtidai təhsilini doğma kənddə almış, sonra Bakıda Buzovna qəsəbəsində tikintidə fəhlə işləmiş, həm də axşam fəhlə-gənclər məktəbində orta təhsil almışdır. Buzovna qəsəbəsində 1 saylı tikinti idarəsinin komsomol komitəsinin katibi (1953-1955) olmuş, Sumqayıt şəhər komsomol və partiya komitələrində təlimatçı işləmişdir.

1960-1965-ci illərdə Sov.İKP MK nəzdindəki ali partiya məktəbini bitirdikdən sonra Sumqayıt aşqarlar zavodunda kadrlar şöbəsinin rəisi, boru-prokat zavodunda məişət sexinin rəisi, 35 saylı məktəbdə ictimaiyyət və estetika, tibb məktəbində fəlsəfə müəllimi, 85 saylı texniki məktəbdə direktor olmuşdur.

1983-cü ilin avqust ayından Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində sosioloji tədqiqat və proqramlaşdırma baş redaksiyasında redaktor vəzifəsində işləmişdir.

Ədəbi fəaliyyətə "Sosialist Sumqayıtı" qəzetinin [1960]-cı il noyabr tarixli sayında çap etdirdiyi "Taxtabiti" adlı satirik şeri ilə başlamışdır. O zamandan dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.

Zulfuqar Qodmanli SSRİ Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü olmuşdur. Öz yaradıcılığında Sumqayıta və şəhərin zəhmət adamlarının tərənnümünə geniş yer ayırmışdır. Onun elmi əsərlərinin əksəriyyəti, o cümlədən dissertasiyası da Sumqayıta həsr olunmuşdur.

1998-ci il martın 24-də Sumqayıtda vəfat etmişdir.

Əsərləri
Sumqayıt axşamları. Bakı: Gənclik, 1969, 30 səh.
Zəminə. Bakı: Gənclik, 1972, 36 səh.
Sumqayıt nəğmələri. Bakı: Gənclik, 1979, 37 səh.
Gəl görüşək. Bakı: Yazıçı, 1983, 126 səh.
Şöhrət meydanı. Bakı: Gənclik, 1985, 126 səh.
Sənin taleyin. Bakı: Yazıçı, 1989, 230 səh.
Dağ yeli. Bakı: Gənclik, 1992, 202 səh.
Vaxt və inam. Bakı: Azərbaycan nəşriyyatı, 1993, 317 səh.
Sumqayıta qayıdıram. Sumqayıt nəşriyyatı, 1998


Tarix: 20.01.2013 / 15:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Şairlər və Yazıçılar
loading...