beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiavellinin dediklərindən

N. Makiavellinin ideyaları müasir sosioloji elita nəzəriyyəsinin (V. Pareto, Q. Moska, Ç. Mills ) əsasını qoymuş və menecer inqilabı nəzəriyyəsinin müəllifi C. Bernheymə təsir etmişdir. Bir nüfuzlu şəxs və sələf kimi ona bürokratiyanın(M. Veber, R. Mixels), postsənaye cəmiyyətinin və siyasi proqnozlaşmaların (D. Bell, Q. Kan) nəzəriyyəçiləri istinad edir.

Mütəxəssislər Makiavellinin müasir sosial idarəetməyə təsir edən 4 prinsipini xatırladırlar: 1) liderin nüfuzu və ya hakimiyyəti onun tərəfdaşlarının dəstəyindən kök alır; 2) tabe olanlar bilməlidirlər ki, öz liderlərindən nə gözləyirlər və anlamalıdırlar ki, liderləri onlardan nə gözləyir; 3) lider sağ qala bilmə iradəsinə malik olmalıdır; 4)lider- həmişə tərəfdaşları üçün müdriklik və ədalət nümunəsidir.

N. Makiavellinin ziddiyyətli mühakimələrini sistemləşdirsək, onun idarəetmənin sosial fəlsəfəsi tamamən müasir səslənər. Onları nəzərdən keçirək.Əldə etmək ehtirası və itirmək qorxusu. Öz təşəbbüslərində uğura nail olmaq istəyən rəhbər öz hərəkətlərini zəruriyyət qanunları və ona tabe olanların davranışına uyğunlaşdırmalıdır. Əgər o, insanların psixologiyasını nəzərə alırsa, onların xüsusiyyətlərini dəyər və çatışmazlıqlarını bilirsə, güc onun tərəfindədir. Aydındır ki, digər keyfiyyətlərlə yanaşı insanların hərəkətini şöhrətpərəstlik kimi bir hiss də idarə edir. Aydınlaşdırmaq lazımdır ki, kim daha şöhrətpərəst, bununla da hakim qüvvə üçün daha təhlükəlidir: malik olduqlarını saxlamaq istəyənlər, yoxsa ki, özlərəndə olmayanı əldə etməyə çalışanlar. Hakimiyyətə hər iki canatma motivinin arxasında dağıdıcı ehtiras dayandığı üçün, hər ikisi eyni dərəcədə qüsurludur. Tabeçiliyində hakimiyyət vasitələri olan varlılar və bu hakimiyyəti ələ keçirməyə çalışan kasıblar, prinsip etibarilə özlərini eyni cür aparırlar. Əxlaqsızlıq sosial mənşədən irəli gəlmir, hakimiyyət uğrunda mübarizə tərəfindən diktə olunur.Qalibləri mühakimə etmirlər. Çoxlarının səhv etdiyi yerdə heç kimi cəzalandırmırlar. Bir qayda olaraq kiçik təqsirlərə görə cəzalandırır, böyük günahlara görə-mükafatlandırırlar. Qələbə hansı qiymətə başa gəlməsindən asılı olmayaraq utanc hissi doğurmur.

Hakimiyyət əzmi. Hakimiyyətə istiqamətlənmə, onu əldə etməyə cəhd sosial rejim üçün potensial təhlükədir, bunun zamini yalnız hakimiyyəti əlində saxlayan şəxs ola bilər. Yuxarıya can atma xüsusiyyəti şəxsi dəyərlərdən və çatışmazlıqlardan asılı deyil, o, insanlara onların iradə və şüurlarından asılı olmayan bir qanun kimi təsir edir. Yuxarıya doğru hərəkətdə uğur hakimiyyətə istiqamətlənmədən daha çox, nağd vəsaitlərdən asılıdır ( pul, əlaqələr və s.). Çox şeyə malik olmaqla varlılar vəsaitlərindən sui-istifadə edirlər, buna görə də "varlı" şöhrətpərəstlik "kasıb" şöhrətpərəstlikdən daha qorxuludur, çünki, hakimiyyəti olmayan insanlarda onu və onunla bağlı hər bir şeyi - var-dövləti və mənsəbi əldə etmək hissi doğurur.

Azadlıq-insan hərəkətlərinin motivi kimi. Hakimiyyətlə yanaşı insanlar üçün şübhəsiz bir dəyər də azadlıqdır. Əgər hakimiyyəti zəbt etməyə daha çox can atırlarsa, azadlığı-itirməməyə çalışırlar. Bu halda insan hakimiyyəti, hətta siyasi azadlığını itirməsilə barışa bilər, amma mülkiyyət itkisi ilə o heç vaxt barışmır.

Kütlə zahiri uğur ardınca gedir. Kütlə-həmişə çoxluqdur, lakin hər bir çoxluq-kütlə deyildir. Zərurət və ya şüur iradəsinə tabe olan xalq kütlə deyildir. Kütləni yaxşı deyil, çox vaxt pis ehtiraslar idarə edir. İnsanlar adətən nankor, qeyri-sabit, yalançı, qorxaq və tamahkar olurlar. Qeyri-münasib vəziyyətə düşməmək üçün hakimiyyət illüziyalar qurmamalı və bütün insanları qəddar kimi təsəvvür etməlidir. Zahirən görünəni həqiqət kimi qəbul etmək, istənilən uğurun hakimiyyətin əlində olan haram vəsaitlərlə qazanıldığını hesab etmək xüsusiyyəti kütləyə xasdır.

Qorxu və sevgi. Qorxulan kimsə, sevilən kimsə kimi asan idarə edə bilər, çünki, insanların davranışını iki əsas motiv- qorxu və sevgi idarə edir. Qorxu daha möhkəm və sərt, sevgi isə çox incədir. Sevgi insan minnətdarlığı kimi çox davamsız bir əsasa malikdir. Amma minnətdarlıq çox tez dağılır və qəddar insan şəxsi tamahına görə hər vasitə ilə ona xəyanət etməyə hazırdır.

Vicdanlı daha çox səhv edir. Vicdanlı rəhbər daha çox fəlakətə uğrayır, o, insanları öz arşını ilə ölçür, yəni olduqlarından daha yaxşı təsəvvür edir. Ondan fərqli olaraq, ağıllı rəhbər həqiqətdə olanı öyrənir. Əgər rəhbər hakimiyyətə, liderliyə can atırsa, o, sevgi motivindən irəli gələn simvollardan istifadə etməlidir. Lakin onu yalnız qorxu motivinə əsaslanaraq qorumaq olar. Axı məqsədə çatmanın yalnız iki metodu vardır-qanun və zor. Rəhbər hər ikisindən istifadə etməyi bacarmalıdır.

Rəhbər səxavətli olmamalıdır.Rəhbər ona zərər vuracaq dərəcədə səxavətli olmamalıdır. Lakin o, qüsurlarına görə mühakimə olunmaqdan qorxmamalıdır. Ağıllı lider-hər zaman bütün vəziyyəti və öz hərəkətlərinin nəticələrini ölçüb-biçən hakimdir. Onun təhlil etdiyi hadisələrin dairəsi sadə modeli anlamaq üçün kifayət qədər geniş olmalıdır: Elə ləyaqətlər var ki, onlara malik olma məhvə aparıb çıxarır və elə qüsurlar vardır ki, onları mənimsəməklə təhlükəsizlik və firavanlıq əldə etmək olar. Əgər tərəzinin gözünə sosial rifah- nizam və stabillik qoyulubsa, hakim qəddar hesab olunmaqdan qorxmamalıdır. Gözünün odunu almaq üçün nə qədər gərəkdirsə o qədər edam etmək lazımdır, çünki edam-ayrı-ayrı şəxslərə aiddir, nizamsızlıq isə hamı üçün fəlakətdir.

Qorxuda saxlamaq daha faydalıdır. Lider üçün hansı daha yaxşıdır-qorxu, yoxsa sevgi təlqin etmək? Prinsipcə, hər iki motivi birləşdirmək daha yaxşıdır, həyatda belə bir şey əldəedilməz olduğuna görə, rəhbərin şəxsi mənfəətinə görə tabesində olanları qorxuda saxlaması daha faydalıdır. Amma elə etmək lazımdır ki, bu qorxu nifrətə çevrilməsin. Müəyyən ölçünü əldə etmək çətin deyil, yadda saxlamaq lazımdır ki, tabe olanların mülkiyyətinə və şəxsi hüquqlarına toxunmaq olmaz.

Səxavətli olmaq-asılı olmaq deməkdir. Daha bir qayda: ehtiyatlı rəhbər verdiyi bütün vədlərə əməl etməməlidir. O, bunu yalnız o halda etməlidir ki, yerinə yetirməmək ona ziyan toxundura bilsin. Xeyirxah olmaq- tabelilərdən asılı olmaq deməkdir. Asılılıq olan yerdə isə, qərarsızlıq, qorxaqlıq, yüngülxasiyyətlik və s. kimi rəhbərə yaraşmayan keyfiyyətlər var. Xalq ilk növbədə qəddarlara deyil , qorxaqlara nifrət edir. Nəticə: Hakimiyyəti əldə saxlamaq üçün nöqsanlı olmaq lazımdır.

Tədricən mükafatlandır, birdən cəzalandır. İnsanları idarə edərkən onları ya əzizləmək, ya da istismar etmək lazımdır. Bir qayda olaraq insanlar kiçik incikliklərə və təhqirlərə görə intiqam alırlar. Buna görə də istismar o qədər güclü olmalıdır ki, istənilən müqavimətə heç bir ümid qalmasın. Xoş əməllər və xeyirxahlığı damla-damla xərcləmək lazımdır ki, insanların buna minnətdarlıqla qiymət verməsi üçün kifayət qədər vaxtları olsun. İşdə mükafat və yüksəliş nadir hallarda olduqda, onların qədrini daha yaxşı bilirlər. Əksinə, cəzanı isə birdən və böyük dozada vermək lazımdır. Qıcıqlanma olan yerdə insanlarıan davranışını idarə etmək mümkün deyildir. Beləliklə, pislik birdən, yaxşılıq-tədricən edilməlidir, qorxu təlqin etmək sevimli olmaqdan daha etibarlıdır. Bir də ki: zülm insanlara ağrı bəxş edir, yaxşılıq isə yeyilib qurtarır, hər iki hiss də eyni nəticəyə aparıb çıxarır.

Şir keyfiyyətləri və tülkü xüsusiyyətləri. Rəhbər bütün yaxşılıqlara eyni anda malik deyildir. Ona görə də onun necə insan olması deyil, necə təbəə olması mühümdür. Kütlə məmnuniyyətlə zahiri uğur ardınca gedir. Müdrik lider özündə şir keyfiyyətləri (güc və vicdan) və tülkü xüsusiyyətləri (fırıldaq və süni yalançılıq), yəni anadangəlmə və qazanılma keyfiyyətləri birləşdirir. Bu zaman inadkar olmaq ehtiyatlı olmaqdan daha yaxşıdır.

Təbiət insanları elə yaradıb ki, onlar istənilən bir şey arzu edə bilərlər. Lakin heç də həmişə bunu əldə edə bilmirlər. İki qütb- arzuolunan və həqiqət -arasında təhlükəli gərginlik (narazılıq) yaranır, bu da insanı sındıra, paxıl, hiyləgər və xəsis edə bilər. Paxıllıq düşmənlər, inadkarlıq-tərəfdaşlar əmələ gətirir.

Qane olmamamq- hərəkətə bir stimuldur. Biz çox zaman, malik olduğumuzdan daha çoxunu əldə etmək istəyir, artıq qazandıqlarımızı itirməkdən qorxuruq. Buna görə də hərəkətə stimul müəyyən müddət sonra onun maneəsinə çevrilir: biz öz-özümüzə düşmən oluruq. Bax bu vaxt da qulyabanıların zamanı gəlir, pislik-yaxşılıq maskasnda görünür, yaxşılıq isə pisliyə istifadə olunur. Hamıya hədd lazımdır.

Əldə etmək istəyi-tam təbii xüsusiyyətdir. Onlar öz gücləri çatan səviyyədə buna can atanda digərləri paxıllıq etmir, tərifləyirlər. O zaman pis olur ki, bacarmadıqları halda nail olurlar, layiq olmadıqları halda əldə edirlər.

Şəxsiyyət və simasızlıq. Talenin sevimliləri çox azdır, vicdanlı və qədirbilən insanlar isə azlıqdadır. Onları şəxsiyyət adlandırmaq olar, çoxluq isə simasız kütlədir. Riyakarlıq- simasızların yalan və hiyləgərliklərini gizlətmək üçün taxdıqları maskadır. Buna görə də insanlar haqda demək olar ki, onlar riyakardırlar. Şəxsi ləyaqət hissi onlarda mütləq imperativ deyil, şöhrətpərəstlik və qazanc ehtirasının passiv ifadə formasıdır.

Nisbilik prinsipi. Əxlaqlı olub-olmamalarından asılı olmayaraq insanlar bir məqsədə - şöhrət və var-dövlətə doğru can atırlar. Bu məqsədə doğru hər kəsin öz yolunu seçməsinə baxmayaraq-bəziləri hiyləgərliklə, bəziləri cəsarətlə qazanır, digərləri riyaya, başqaları zora əl atır-onlar uğura nail olmağa qadirdirlər, əks olmalarına baxmayaraq hər iki hərəkət obrazı bir dəqiqənin şəraitinə uyğunlaşır. Məqsədin seçilməsi də vəziyyətdən asılıdır: əxlaqsız cəmiyyətdə demokratiya, əksinə azadlıqsevər cəmiyyətdə monarxiya qurmaq olmaz. Məqsədi vəsaitlərlə, vəsaitləri isə şərait və nəticələrlə uyğunlaşdırmaq lazımdır.

Nisbilik və həddqoyma prinsipi. İdarəetmənin nisbilik prinsipinə görə:vəsaitin seçimi vəziyyətlə, nəticənin qiymətləndirilməsi-vəsaitlərlə, nəhayət hamısı birlikdə-məqsəd, vəsaitlər və vəziyyət-bir-birilə uyğunlaşmalıdır. Siyasətçi əxlaq normalarını rəhbər tuta bilməz, çünki, siyasət -nisbilik, əxlaq-mütləqlik sahəsidir. Nisbilik prinsipi ilə siyasətin və mənəviyyatın həddqoyma prinsipi əlaqəlidir: siyasəti əxlaqi mövqedən mühakimə etmək olmaz. Hakimiyyətin siyasi və dini tərəflərə bölünməsi ideyası da bununla əlaqədardır.

Hakimiyyət formalarının dövriyyəsi. Onun əsasında dövlət formalarının dövri inkişaf konsepsiyası durur(demokratiya-oliqarxiya-aristokratiya-monarxiya).Monarxiya asanlıqla tiraniyaya, aristokratiya isə-oliqarxiyaya və s. çevrilir. Hakimiyyət formalarının dövri inkişafı xeyir və şərin qarşılıqlı dövriyyəsini xatırladır.Hərəkətdə və dövriyyədə praktiki olaraq hər şey olur-maddi obyektlər, hakimiyyət formaları, insan işləri. Təbiət şeylərə sakit qalmağa imkan vermir. Mükəmməllik həddinə çatdıqda dövlət əksinə hərəkət etməyə başlayır. Dövlətlər, xeyir və şər, insan hərəkətləri "yuxarı-aşağı-yuxarı" kəfkirvari hərəkət edir. Dövriyyə məhz bir-birinə zidd olan vəziyyətlərin- xeyir və şər, aşağı və yuxarı, eniş və yoxuş-gücü ilə mümkündür. Onlar asanlıqla bir-birlərinə çevrilirlər.

Hakimiyyətin üç yaxşı və ya əsas (monarxiya, aristokratiya və xalq hakimiyyəti) və üç pis (tiraniya, oliqarxiya və anarxiya) idarəetmə forması mövcuddur. İkincilər birincilərə o qədər oxşayır ki, asanlıqla biri digərinə çevrilir.Üç yaxşı formalardan birinin banisi onu yalnız qısa müddət ərzində qura bilir, çünki heç bir şey onu əks-formaya çevrilməkdən qoruya bilmir.

Qərarların qəbul olunma prinsipi. Hadisələrin dövriyyəsi təbiətdə və cəmiyyətdə onların vahid zəncirini əmələ gətirir. İnsani işləri nəzərdən keçirərək biz bir daha qanunun rəddedilməzliyindən əmin oluruq: heç bir narahatlığı digərinə səbəb olmadan aradan qaldırmaq mümkün deyil. Əgər xalqı güclü və möhtəşəm etmək istəyirsənsə, onda müəyyən keyfiyyətlər tərbiyə etmək lazımdır, bunlarla isə artıq xalqı istədiyin kimi idarə etmək mümkün deyil. Əgər rahat idarə etmək üçün xalqı zəif və azsaylı saxlasan, o qədər aciz olacaq ki, hakimiyyəti və firavanlığı qoruya bilməyəcək. İdarəetmə qərarları qəbul edərkən, lider diqqətlə ölçüb-biçməlidir ki, onların hansı tərəfində daha az narahatlıq var. Onu da əsas götürmək lazımdır, çünki qüsursuz qərar olmur. Digər bir yol- alternativləri götür-qoy edərkən daha çox fayda və rahatlıqlar vəd edəni seçmək- isə daha şübhəli görünür.

Xülasə

1. İtaliyalı siyasi xadim və tarixçi N. Makiavellinin ideyaları bir çox sosial-fəlsəfi və sosial elmlərin , ilk növbədə sosial idarəetmə nəzəriyyəsinin inkişafına səbəb olmuşdur. Onun fəlsəfəsinin əsas prinsipləri müasir menecmentin formalaşmasına təsir etmişdir. N. Makiavellinin sosial idarəemə texnologiyası insan davranışlarının sosial-psixoloji qanunauyğunluqlarının əsasında qurulmuşdur, lakin Konfusinin sosial idarəetmə konsepsiyasından fərqli olaraq o siyasəti mənəviyyatdan ayırır (ruhi və kübar hakimiyyətin ayrılması ideyası).

2.Hakimiyyətə can atma obyektiv olaraq insanlara xasdır, lakin hakimiyyət uğrunda mübarizədə iştirak əxlaqa ziddir. Buna görə də N. Makiavelli bir sosial mütəfəkkir kimi hakimiyyətin effektiv texnologiyasını təsvir edərkən, bundan öz təcrübi fəaliyyətində və insanlarla münasibətlərdə istifadə etmək hüququnu oxucuların ixtiyarına buraxır.

3. Hakimiyyət formalarının dövri inkişaf konsepsiyası dövri və kəfkirvari formalardan ibarətdir: silki formaların (monarxiya-aristokratiya-demokratiya) əvəzlənməsi dövri tipdə, silkdaxili formaların (monarxiyanın -tiraniyaya, aristokratiyanın-oliqarxiyaya, demokratiyanın-anarxiyaya çevrilməsi) əvəzlənməsi isə kəfkirvari tipdə baş verir.


Tarix: 05.12.2014 / 15:28 Müəllif: Aziza Baxılıb: 245 Bölmə: Ümumi Psixologiya