Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hafizə....

1. Hafizə haqqında anlayış.
2. Hafizə növləri və tipləri.
3. Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan "əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı."(İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.

2-ci sual. Hafizənin növlərini ayrı-ayrı meyarlara görə təsnif etmək olar:
1. Genetik meyara, yəni mənşəyinə görə hafizənin 4 növünü qeyd etmək olar: 1) surət hafizəsi və ya obrazlı hafizə (ardıcıl surətlər, əyani (eydetik) surətlər, təsəvvür surətləri); 2) hərəkət hafizəsi; 3) emosional hafizə; 4) sözlü-məntiqi hafizə.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır.
Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanılması, hifz olunması və yada salınmasıdır.
Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yadda saxlanılması və yada salınmasıdır.
Sözlü-məntiqi hafizə fikirlərin, anlayışların yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.
2. Fəaliyyətin məqsədindən və hafizənin ixtiyari surətdə tənzimedilmə səviyyəsindən asılı olaraq hafizənin qeyri-ixtiyari və ixtiyari növlərini fərqləndirirlər.
Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa bu qeyri-ixtiyari hafizə adlanır.
Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərirsə, üsul və qaydalardan istifadə edirsə bu ixtiyari hafizə adlanır.
3. Materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq hafizənin qısa müddətli, uzun müddətli və operativ növləri qeyd edilir. Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Qısamüddətli hafizə çox az müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən bir prosesdir. İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa qısamüddətli hafizə deyilir.
Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş və əməliyyatlara xidmət edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyatlar qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Uzunmüddətli hafizə isə qavranılan materialın möhkəm və uzun müddət yadda saxlanılması ilə xarakterizə olunur. Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar göstərir ki, onun həcmi və müddəti demək olar ki, hüdudsuzdur.

Hafizənin tipləri. Hər bir insanın hafizəsinin fərdi xüsusiyyətləri hafizə tiplərində özünü daha aydın göstərir. Adətən, psixologiyada əyani-obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olanlar ən çox gördüklərini, eşitmə tipinə malik olanlar eşitdiklərini, hərəki tipə mənsub olanlar hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Ancaq bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.

3-cü sual. Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada salınması və tanınması hafizə prosesləri adlanır. Yaddasaxlama -gerçəkliyin cisim və hadisələrin təsiri ilə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təəssürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Yaddasaxlamanın üç əsas forması var: əksinialma və ya nəqşləndirmə, qeyri-ixtiyari və ixtiyariyaddasaxlama. İxtiyari yaddasaxlamanın xüsusi bir növü öyrənmədir. Öyrənmə planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.
Unutma olduqca mürəkkəb bir prosesdir. Unutma əyrisi hər şeydən əvvəl materialın yadda saxlanılmasından dərhal sonra ilk saatlarda sürətlə aşağı düşməklə xarakterizə olunur. Məlum olmuşdur ki, mənimsənilmiş informasiya ilk 9 saatda daha nəzərə çarpacaq dərəcədə azalır. O, ilk 9 saatda 100% -dən 35%-dək enir, informasiya itkisi əvvəlki həcmin 2/3-dən çoxunu təşkil edir. Bu baxımdan Q.Ebbinhauzun təcrübəsi maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40%-i yarım saat sonra, 66%-i bir gündən sonra, 75%-i üç gündən sonra, 79%-i bir aydan sonra unudulur.
Psixologiyada unutmanın 3 növünü ayırd edirlər:
1. İstifadə edilmədiyi üçün informasiyanın itkisi
2. İnterpretasiya nəticəsində informasiyanın itirilməsi
3. Motivasiya ilə şərtlənmiş unutma
Unutma ilə reminissensiya prosesləri fərqlidir. Unutma zamanı keçmiş təcrübənin ümumiyyətlə yada salınması qeyri-mümkündür. Reminissensiya zamanı isə keçmiş təcrübə qısa müddətdə sanki unudulur, amma sonradan yada düşür.
Yadasalmanın 3 səviyyəsini qeyd etmək olar:tanıma, xüsusi yadasalma və xatırlama. Tanıma cismin təkrarən qavranılmasına istinad edir. Əgər material xüsusi çətinlik çəkmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. Yadasalma niyyətli və niyyətsiz olur. Xatirə keçmişimizin məkan və zamanla məhdudlaşan surətlərinin yada salınmasıdır. Bunun mərkəzində şəxsin özü və onun başına gələn hadisələr durur.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007 ilini yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə yeni olduğuna görə yadda saxlayırıq.


Tarix: 27.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Ümumi Psixologiya
loading...