beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürəkli inkişaf

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.
Müsbət dinamika, başqa sözlə müsbət istiqamətə yönəlmək çətin bir işdir. Bunun üçün iradəli və çalışqan olmaq lazımdır. Narahatlıq və əlavə başağrısı verdiyi üçün əksər insanlar dəyişməyə meylli olmurlar.
Uğur qazanmaq üçün dəyişmək lazımdırmı? Uğursuz olmaq üçün, əlbəttə ki, lazım deyil. Müsbət yöndə dəyişmək bizim uğurumuzu zəmanət altına almasa da, uğurlu yoldan çıxmamaq üçün bizə kömək edir. Son mənzilə çatıb-çatmayacağımız isə həmin yolda maşınımızı necə sürəcəyimizdən asılıdır.
Dəyişkənliyə müqavimət göstərməkdənsə, onunla necə rəftar etməyi öyrənmək daha məntiqli addımdır. Bunun üçün vərdiş və gərdişi-dövranımızı dəyişməyi bacarmalıyıq. “Ən böyük axmaqlıq işi həmişə eyni tərzdə görərək ondan fərqli nəticələr gözləməkdir”. Əməli fəaliyyət görmədən işlərin dəyişəcəyini gözləyiriksə, deməli artıq gecikmişik. Digər tərəfdən hər çalınan havaya oynasaq, enerjimizi lazımsız yerə xərcləmiş və israf etmiş olarıq.

Yaponların “kaizen” düşüncəsi daimi, sürəkli inkişaf deməkdir. Sürəkli inkişafı sürətli inkişafdan fərqləndirmək lazımdır. Sürəkli inkişaf dedikdə yavaş, amma fasiləsiz inkişaf başa düşülür. İnkişaf yolunu tutan birisi mütləq bir gün uğur əldə edəcəkdir. Onlar müvəqqəti uğursuzluqlarını düzgün qiymətləndirərək daim daha yaxşı vəziyyətə doğru irəliləyirlər. Bob Dilan: “doğumla məşğul olmayan ölümlə məşğuldur”, – deyərək uğurlu olmaq istəyənlərə düzgün yol göstərməyə çalışır.
Ani dəyişikliklərə insanlar sərt reaksiya ilə cavab verirlər. Ani dəyişkənliyə misal olaraq, qurbağa üzərində aparılmış təcrübəni göstərə bilərik. Bir ləyənin içində qaynar sobanın üstünə qoyulan qurbağa elə o saniyə tullanaraq ləyəndən çıxır. Amma ləyən sobanın üstünə qoyulduqdan sonra sobanı yandırdıqda və soba tədricən isindikdə qurbağa istilikdən həzz alır və ölüm anında belə kənara tullanmağa cəhd eləmir.
Sürətlə dəyişən müasir dünyamızın inkişaf tezliyi gələcəkdə daha da artacaqdır. Qarşıda bizi hansı dəyişikliklərin gözləməsindən asılı olmayaraq, birinci növbədə öz-özümüzlə mübarizə aparmalıyıq. Təcrübələr də sübut edir ki, uğur qazanmaq üçün əsas təkanverici qüvvəni rəqiblərlə mübarizədə yox, özümüzü müsbət yöndə dəyişdirmək üçün etdiyimiz cəhdlərdə axtarmalıyıq.

“Heç nədən qorxma! Gəmini yüklə və yola çıx. Gəminin sağ-salamat limana çatıb-çatmayacağını heç kim bilmir. Dəryalar aşmağa cəsarət etməyən tacirlər kimi olma. Bu, pul qazanmaq və ya itirməkdən daha əhəmiyyətlidir”, – deyən Mövlana hələ orta əsrlərdən bəşər övladını cəsarətli olmağa çağırmışdır.


Tarix: 05.12.2014 / 15:16 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Ümumi Psixologiya