beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təxəyyül və yaradıcılıq

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi məna­sın­da nə isə yeninin yaradılmasıdır.
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maşın, mexanizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».
Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hər bir ədəbi–bədii əsər ideya məzmuna malik olur. Sənətkar yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq konkret obrazların vasitəsilə əks etdirir.
Ob­­­­­ra­­z­ları yaradan isə yazıçının bədii təxəyyülüdür. Bədii təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan ibarətdir. Məhz bu obrazlar yazıçının ideyalarının, fikirlərinin, düşüncələrinin daşıyıcısı funksiyasını yerinə yetirir.
Ədəbi-bədii yaradıcılıqda mühüm rol oynayan təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyati reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, onlar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə, özünün ideyasına uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir, yenidən işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər. S.Rəhimov «Saçlı» romanındakı Kosa surətinin yaradılması haqqında yazır ki, «bir kosa kənddə uşaqlıq yaşlarından ona tanış idi, sonra bu kosanın birini də mən Laçında gördüm, daha sonra bir kosaya da Noraşen rayonun Qıvraq kəndində rast gəldim. Lakin bu üç kosanın heç biri hələ də «Saçlı»dakı Kosa deyildir, üç kosa mənə ancaq zahirən material vermişdir.
Bəs, «Saçlı»dakı kosanın daxili aləmi? Qulluq mərəzi, dolaşıq imza yaratmaq həvəsi haradan gəlmişdir? Deməliyəm ki, bu bir lopabuğ kişidən, bizim raykomda xidmət edən, bir çox adamın başına ağıl qoymaq istəyən bir adamdan gəlmişdir».
Yəni, üç kosadan, bir lopabuğdan «Saçlı»dakı Kosa düzəlmişdir. Bütün bu dedikləri­­miz belə düşünməyə əsas vermir ki, bədii yaradıcılıqda yaradıcının təxəyyül fəaliyyəti heç zaman obyektiv reallıqdan uzaqlaşa bilməz. Əgər belə olsaydı, onda bizim nağıllarımız, əfsanələrimiz yarana bilməzdi. Lakin insanın təxəyyülü nə qədər əcayib, qərayib, fantastik obraz yaradırsa yaratsın, onun ayrı-ayrı bütün elementləri real həyatdan götürülür. Bu cür təxəyyül obrazları həyatın müəyyən tərəfini vasitəli şəkildə əks etdirir. Yazıçının təxəyyül fəaliyyəti yazıçıya gələcəyə baxmaq, gələcəyi qabaqcadan xəbər vermək imkanı verir. Böyük S.Vurğun «Bakının dastanı» poemasında təxəyyülünün yaratdığı obrazlarla gələcəyə belə baxır:

Bakı! Gecə! Yadımdadır üç il qabaq
Sahil boyu şölə saçan çırağbanlar!
Yanacaqdır! Yanacaqdır yenə onlar.
Ulduz kimi qatar-qatar alışaraq,
Yenə hilal şəklindəki qızıl kəmər
Dolanacaq kərdəninə bu dənizin.
O vaxt bu sahilin ağ şamları
Min toy qurub neçə gəlin köçürəcək.
Ah, o zaman bizim Bakı axşamları
Bir ilahi əfsanə tək görünəcək!

Təxəyyül təkcə ədəbi-bədii yaradıcılıqda deyil, elmi yaradıcılıqda da zəruri olan bir prosesdir. Fransız psixoloqu Rıbonun fikrinə görə, hətta təxəyyül fəaliyyətinin yeri elmi, texniki yaradıcılıqda bədii yaradıcılıqda olduğundan da artıqdır.
Təbiidir ki, alimin, ixtiraçının fikri prosesində anlayışlarla yanaşı əyani obrazlar da bu və ya başqa şəkildə iştirak edir. Lakin qavrayış, eləcə də hafizə obrazlarının mövcudluluğu təfəkkürün qarşısında duran məsələni həll etməyə imkan vermir. Belə olduqda qavrayış, hafizə obrazları dəyişdirilir ki, bu da yeni bir nəzəriyyənin, kəşfin meydana çıxması ilə nəticələnir. Bu prosesdə hakim rol təxəyyülün üzərinə düşür.


Tarix: 27.11.2014 / 13:12 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Psixologiya