beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qala...

Abşeron yarımadasının şimal-şərqində, Bakının Xəzər rayonunda yerləşən Qala kəndi qədim yaşayış məskənlərindəndir. Burada e. ə. III minilliyə aid tarixi mühiti hiss etmək mümkündür. 1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. 156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Qala Tarix - Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk muzey - Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb və bərpa olunub.
Qala Tarix - Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayevin sözlərinə görə, muzey kompleksinin yaradılması konsepsiyası iki istiqaməti özündə ehtiva edir: 1) Bakı-Abşeron ətrafı ərazilərdəki tarixi maddi-mədəni irsi nümayiş etdirmək; 2) İnteraktiv turist mərkəzi yaratmaq: «Muzeyimizə xüsusi turist marşrutları açılıb. İnteraktiv turlar vasitəsilə turistlər buradakı emalatxanalarda işləyə, müxtəlif sənətlərlə, xalçaçılıq, dəmirçilik, dulusçuluqla tanış ola bilərlər. Hazırda ekoturizm üzərində işləyirik. Gələcəkdə bu ərazilərdə aqroturizmin inkişafını planlaşdırırıq. Bir neçə istiqamətdə marşrutlar açılacaq. Şərqi Abşeron arxeoloji abidələrinə xüsusi marşrutlar olacaq. Burada da interaktiv turizmi nəzərə almışıq, turistlər arxeoloji qazıntılarda iştirak edə biləcəklər. Muzeyə turistlərin böyük marağı var. Ötən il 10 minədək insan muzeyi ziyarət edib. Burada müxtəlif tədbirlər, etnoqrafik ekoloji bayram, Qala festivalı keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyevanın iştirakı ilə keçirilən festivalda 2500-dən çox uşaq iştirak etdi. Bu festivalı ənənəvi olaraq keçirmək barədə düşünürük”.

Muzey təəssüratları
1.2 hektar ərazisi olan muzey kompleksində qədim kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görkəmində olduğu kimi qurulub. Qədim yaşayış evləri xüsüsilə diqqəti cəlb edir. Plan quruluşuna görə evlər iki otaqdan ibarətdir: biri qonaq otağı, digəri isə mətbəx. Mətbəxdə təndir, yemək və su qızdırmaq üçün ocaq olurdu.
Qonaq otağı əsasən taxçalar, ləmələr, cumaxatanlardan ibarət dekorativ elementlər vasitəsilə bəzədilirdi. Ləmələrdə adətən divar boyunca uzanaraq kasalar, mis qablar, sinilər düzülərdi. Taxçalarda sandıq və yorğan-döşəklər yığılırdı. Dekorativ elementlərdən biri də çıraq və “Quran” qoymaq üçün divarlarda açılmış taxçalardır.
Ən maraqlısı isə otaqların qızdırılması üçün istifadə olunan kürsülərdir. Ailənin qızınması üçün xörək bişirildikdən sonra ocaqdan yığılan kömür manqala tökülür, ailə manqalın ətrafına yığılaraq onun üstünə örtülmüş yorğanın altında qızınırdı. Bu yorğan “kürsü yorğanı” adlanırdı və məxsusi kürsü üçün sırınırdı. Arxeoloji Etnoqrafik Muzey Kompleksi ərazisində yerləşən dulusçu və tacir evləri məhz belə dekorativ elementləri ilə diqqət çəkir.
Muzey ərazisindəki qədim kurqanlardan biri “Dübəndi kurqanı” adlanır. Onun əsasını halqaşəkilli daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir, cənub-qərb-şimal-şərq xətti üzrə dörd həcmli daş piltədən təşkil olunub. Burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunurdu. E. ə. III minilliyə aid edilən kurqanlar yalnız dəfn abidələri deyil, eləcə də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətlərinin, dini inanclarının öyrənilməsi üçün zəngin mənbədir.
Abşeron yarımadasında tapılmış, e. ə. III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nikah və s. səhnələr təsvir olunub. Təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O, ayaqüstə, əlləri göyə uzanmış vəziyyətdə göstərilib.
Arxeoloji qazıntılar Qala kəndində 5 min il əvvəl - tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də, kəndin müasir dövrümüzə qədər gəlib çatmış tikililəri XVI-XIX əsrlərə aiddir. Buradakı qəbiristanlıqda islamaqədərki türk təfəkkürünə xas olan qoç heykəllərə rast gəlinir. Memorial abidələr üzərində «Quran»dan surələr, qafiyəli sətirlər, yaxud mərhum haqqında şeirlər verilirdi.
2008-ci ildən fəaliyyətdə olan Qala kəndinin Mədəniyyət evində müxtəlif kurslar, dərnəklər fəaliyyət göstərir. Mədəniyyət evinin rəhbəri Faiz Qəmbərov: “Mütəmadi olaraq poeziya müsabiqələri, xalq teatrlarına baxış keçiririk. Özfəaliyyət kollektivlərimiz müxtəlif tədbirlərdə diplomlarla, fəxri fərmanlarla təltif olunublar”.


Toy koloriti
Qala kəndində olduğum gün oğlan toyu qeyd olunurdu. Kənd sakini Cəmil Əliyev toy adətlərindən danışır: “Adətən bizim kənddə bu vaxtadək oğlan-qız toyu ayrılıqda qeyd olunub. Qalalıların özünəməxsus bir toy adəti var. Gəlini evə gətirəndə ayağının altında qurbanlıq qoyun kəsərlər. Bəy hamamından gələn bəyin başının üstündə çörək kəsib, üzərlik yandırarlar. Əvvəllər bəyin başına pul da atardılar. Kişi toyunda qadın, qadın toyunda isə kişi heç vaxt iştirak edə bilməz. Burada toylarımız həmişə çadırda keçirilir”.


Tarix: 09.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 344 Bölmə: Ümumi Melumat