Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan" adının etimologiyası

Bir neçə ay əvvəl, "Gülüstan" sarayında ABUC-un "Qızıl qılınc" mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu. Atropat da Azərbaycan üzrə satrap idi. İskəndərin qəfil ölümündən sonra onun satraplıqları özlərini müstəqil dövlət elan etdilər, Atropatena canıyanmış isə hətta ölkənin də adını dəyişib öz adını qoydu. Məlikməmmədin nağılına oxşayır. Bu fikirlər mənə hətta orta məktəb illərindən xoş gəlmirdi. Lap belə tutaq ki, o qoymadı, başqaları hakimi olduğu ölkəni onun adı ilə adlandırmağa başladı. Bəs bu ənənə Atropatın Vətəni və tabe olduğu Makedoniyada vardımı? Olardısa, ölkəsinin adını Aleksandrın (İskəndərin) şərəfinə dəyişərdilər. Amma İskəndər özü ölkəsinin adını öz adına ( Makedoniyalı) qoşmuş, şərafətləndirmiş və məşhurlaşdırmışdı. Deməli, Atropat üçün addəyişmə ənənəsi yox idi. Əgər ölkə hökmdarın və yap belə sülalənin adı ilə adlanması dəbi vardısa, bəs niyə bu dəb Şərqin digər və daha böyük, daha qüdrətli ölkələrində olmamışdı? Ya da ki, əgər bu xalqın öz canında bu xüsusiyyət vardısa, bəs nədən sonra ölkəni daha uzun müddətə buranın hakimi olmuş daha qüdrətli hökmdarların (Eldəgizlərin, Səfəvilərin, Nadir şahın, A.M.Şah Qacarın və sair) adına verməmişdilər? Söhbət əgər bu xalqın yadellilərə daha böyük ehtiramından gedirsə, hülaki, monqol, ərəb mənşəli hökmdarlar da az olmamışdı. Deməli, ölkənin adının Atropatena ilə bağlanması super-cəfəngiyyatdan başqa bir şey deyildi. Atropatdan əvvəl də bu ellərin, obaların hakimliyi, dövləti mövcud olmuşdu. Hələ eramızdan əvvəl, 3-cü minilliyin əvvəllərində, yəni Atropatdan 2 min il əvvəl, Urmiya gölünün cənub və cənub-şərqində elə bizim "A" səsi ilə başlayan qədim Aratda adlı dövlətimiz vardı. Baxmayaraq ki, onun qonşuluğundakı Şummer şəhər dövlətləri də türk mənşəli idi, amma aramızdakı özümüzəməxsus fərqlilik önəmli sayılırdı. Sonra bizim ərazimizdə Lulubi adlı dövlət yarandı. Eləcə də ərazimizdə yaranan daha bir dövlətimiz Kuti adlanırdı. Sual yarana bilər: tafrixin bu məqamında indi sinəsinə döyən ingilisin, rusun, fransızın dövləti vardımı? Sonradan bizim bu dövlətlər tarixin tələblərinə riayət edib böyəlmək, digər əraziləri tutmaq barədə düşünmədi və nəticədə tədricən süquta uğradı və xırda vilayətlərə parçalandı. Bu isə onların zaman-zaman qonşu Assuriya hökmdarlarının hücumlarına məruz qoydu.
Nəhayət, yalnız eramızdan əvvəl IX əsrdə bu vilayətlər birləşib Manna dövlətini yaratdılar. E.ə. VIII əsrdə Manna hökmdarı İranzu, ondan sonra isə AZA adlı şəxs oldu. Diqqət verirsinizmi, A-Z-A! Biz Azərbaycan sözünü Azanın adı ilə bağlasaydıq yenə dərd yarı idi. Bu Atropatdan daha münasib mənbə olmazdımı? Amma yox, bizi qondarma həqiqətlər maraqlandırmamalıdır - erməni deyilik ki! Sözün baş və bir neçə səsinin eyni olması heç də həmişə tam ciddi arqument sayıla bilmsəz.
Bu lap talış mollası Sərdar Hüseynovun bəzi dünya ölkələrinin və şəhərlərinin adlarında talışca nəsə bir məna verən oxşar hecalar, hərflər tapmasına əsasən anomastika üzrə alimlik etməsindən və dünyanın əksər xalqlarının və yerlərinin adlarının talış dilindən yaranmasını bildirməsini xatırladar. O yenə də, sağ olsun, özünün "İdrakda gizlənən dərketmə" adlı əsərciyəzində heç olmasa oxşar hecalara üstünlük verirdi. Nə qədər məzəli olsa da, "Azərbaycan" sözünün də talışcadan yarandığını və "a" - "üstü örtülmüş", "zər" - "sarı qaz", "boy" - "gəl", "con"- nazlanmaq mənasını verdiyini, yəni "gizlədilmiş sarı qaz, gəl" mənası daşıdığını bildirmişdir. Lakin ölkənin səf-səf düzülüb bir hərbi briqada yarada biləcək qədər sayda olan tarixçi alimlərinin böyük əksəriyyəti nə "Atropatena", nə də "Azərbaycan" sözlərinin hansı mənalar daşıdığını bilmir və bu barədə müzakirələrdə ictimai fəallıq göstərmirlər.
Halbuki məhz "Azərbaycan" sözünün obyektiv və dəqiq linqivistik təhlili həqiqətin üzə çıxmasında mühüm rol oynaya bilər. Hörmətli professor Firudin Cəlilov bu sözün etimalogiyasını da çox dəqiq ifadə etdi və onunla razılaşmamaq mümkün deyil. Professor bu sözün Xəzər dənizinin adı ilə bağlı olduğunu bildirdi. Ondan eşitdiklərimə öz əlavələrimi də qoşaraq deyə bilərəm ki, Azərbaycan adının bu açması tam məntiqə və tarixə müvafiqdir. Çünki, ərazisi böyüdükcə və dövrün iqtisadi-siyasi tələblərinə uyğun olaraq regionda dəniz faktoru önə çıxırdı. Xəzərin əsas istifadəçiləri və daha çox sayda sahil sakinləri kimi tarixən onun qərb hissəsində yaşayanlar götürülürdü. Bu dəniz gah onların bir qisminin - qədim kas türk tayfalarının adı ilə Kaspi, ya da bütün qərb sahilli toplumlar dənizin adı ilə ("kas"? "xas" səslənişi) "kasarlar"? "xasarlar"? "xazarlar" kimi tanınırdı. Sonradan buna "boy" sözü də əlavə olundu. 1400 illik tarixi olan Dədə Qorqud dastanında "boy" ifadəsini xatırlayırsınızmı? "Boy" həm də böyük soy kökü mənasını verir. Deməli, "xəzərboylar", yəni "xəzər sahilində yaşayan ellərin sakinləri". Ərəblərin əlavə etdiyi "qan" ifadəsi isə məkan anlayışını bildirir və nəticədə "Xazarbayqan" ifadəsi "Xəzər boyunda yaşayanların yeri" anlayışını formalaşdırır. "X" səsinin tədricən sıradan sıxması, sondakı "q" hərfinin isə "c" ilə əvəzlənməsi dilin fonetik xüsusiyyətlərinə görə dəyişə bilir. İndi də türkmən və qazax ellərində bizim ölkə bəzən "Xazarbaycan" adlanır. Burada yaşayan əsas toplumun "xazarbaycanlılar"? azərbaycanlılar, yəni bu yerin sakinləri adlanması anomastika ilə məşğul olan alimlərin nəzərində tam məntiqə uyğun araşdırma kimi qəbul edilə bilər. Bu adın tədricən daha uzaqlara da şamil olunması hakimiyyətdə "xazarbayqanlılıran" olması ilə bağlıdır. Əlbəttə, o hansı ölkədir ki, onun sakinləri min illərdir məhz indiki kimi adlanır. Buna nə ABŞ, nə İngiltərə, Fransa, Çin, Yaponiya, Rusiya, Almaniya tarixində də rast gəlməzsən.
Tarix, zaman, dilin inkişaf qanunları, ölkələrin, xalqların bir-birinə inteqrasiyası təbii ki, çox şeyin dəyişməsinə, inkişafına, qısaldılmasına və ya dildə daha səlis, daha rəvan ifadə uyarlığına səbəb olur. Hansı xalqın, dilin, ölkənin, millətin adının etimalogiyasına, tarixinə nəzər salsan eyni mənzərəni görərsən. Hələ bilmək olmaz ki, daha min ildən sonra bu adlar nə qədər dəyişəcək. Adi "Badi-kubə" adı son minillik ərzində dəyişib "Bakı" olubsa, digər toponimlərin də dəyişə biləcəyinə ağıllı adamlar zərrəcən şübhə etməməlidir. Amma bu dəyişkənlik heç də bu ərazilərdə yaşayanların yeni olmasını, yenicə yaranıb formalaşdığını ifadə edə bilməz. Bəzən insanlar müxtəlif səbəblərdən adını, soyadını dəyişəsi olurlar. Məsələn, məşhur müğənni Murtuza Məmmədovun adının dəyişib Bülbül qoyulması heç də o demək deyil ki, bu kişi yeni adından əvvəl mövcud olmayıb. Eləcə də Xəzərin qərb sahillərində, eləcə də qərbə və cənuba doğru ərazilərdə yaşayan toplumlar necə adlanmaqlarından asılı olmayaraq, yeni deyillər, buraların ən qədim sakinləri kimi çox böyük tarixə, xarakterə, psixologiyaya, milli-mənəvi dəyərlərə, qan yaddaşına malikdirlər. Onların əcdadları qədim türklər olduğu, dili türk dilinin oğuz qrupuna daxil olduğu, oxşar mədəniyyətə və xarakterə malik olduğu üçün onları Azərbaycan türkləri və ya azəri ( "xazari") türkləri də adlandırmaq olar. Lakin azərbaycanlı adlandırmaq daha gözəl. Çünki bu ad minilliklərdən süzülüb gəlmişdir. Bu ad eramızın VII əsrinə məxsus qədim ərəb yazılı mənbələrində də özünü göstərir. Hər halda onu ərəblər uydura bilməzdi və deməli onlara kimi bu ərazinin və burada yaşayan xalqın formalaşmış adı vardı. Ərəblər bunu "Adərbayqan" kimi qeyd etmişlərsə, bu onların dilinin xüsusiyyətlərindən irəli gəlir. Beləliklə də, ortada qədim dövrlərdə su mənbələrinin çox mühüm faktor olmasına görə ölkənin adının Xəzər (Hazar, Azar,..) sözündən qaynaqlandığını daha əsas hesab edə bilərik. Nümunə olaraq, rus xalqının və Rusiya adının onların qədim Ros çayı ətrafında yaşaması ilə əlaqədar olduğunu göstərmək olar.

Məqalə "OLAYLAR" qəzetində dərc olunmuşdur

Şərhçi: Hafiz Mirzə (yazıçı-publisist)



Başqa yozumlarda:

Farsca yozumlar:

Atarbadkan (an-tar-bad-kan) “mağlar yurdu”, “atəşpərəstlər ölkəsi”

Atarpatqan (atar-büt-qan) “tanrı odunun bulağı”, “od tanrısının yeri”

Azərbaykan (azər-baykan) “od evi”, “od qoruyucusu” (Yaqut əl-Həməvi)

Adərbadkan (adər-abadqan) “odla abadlaşmış ölkə (yaxud torpaq)

Türkcə yozumlar:

Azərbayqan (azər-bayqan) “böyüklərin/bayların uca yeri”

Adirpati (andir-pat-i) “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi düzəni”

Azərbayqan (az-ər-bay-qan) “uğurlu, yaxşıistər Günəş, varlı ata”

Azəribayqan (az əri-bayqan?) “azəri yurdu”

Azərbiqan (az-ər-bi-qan) “azər boylarının ölkəsi”


Tarix: 09.12.2014 / 16:48 Müəllif: Aziza Baxılıb: 254 Bölmə: Ümumi Melumat
loading...