Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir Azərbaycanda dinlər

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.


Yəhudilik


Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır.

Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər. Meşədə yaşayan, hamilə qadınların ürəyini və ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları himayə edən İlan-Əjdəha (Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər, habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq ayini yəhudiliklə deyil, yerli inanclarla bağlıdır.

Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar.

Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.


Xristianlıq


Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi "ayin kitablarında" verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.


Alban-udi kilsəsi


Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, "xristian kilsələrinin anası" hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə" çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı qismən də olsa bərpa edilmişdir.


Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.


İslam


SSR-i dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ildə şeyxülislam seçilmiş axund Allahşükür Paşazadənin sədrliyi altında öz fəaliyyət dairəsini daha da genişləndirir, Azərbaycanın müstəqilliyi illərində Qafqaz Müsəlmanları İdarəsi adı altında nüfuzunu bütün Qafqaza yaymağa cəhd göstərir. 1998-ci ildə Qafqaz müsəlmanlarının Bakıda keçirilən X qurultayında bu cəhdləri reallaşdırmaq istiqamətində addımlar atılır. QMİ-nin Gürcüstanda və Dağıstanda nümayəndəliklərinin açılması da bu sahədə diqqəti cəlb edən addımlardandır.

QMİ-nin sədri İdarənin beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaratmağa nail olur. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəri qayda-qanunların düzgün yerinə yetirilməsinə nəzarət edir, 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti vasitəsilə ruhani kadrların yetişdirilməsi sahəsində xeyli işlər görür, ölkənin dini həyatında gedən proseslərin məsuliyyət yükünü daşıyır. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və islamşünas mütəxəssislər hazırlanır.

Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə təmsil olunmuşdur. Son zamanlar ölkənin açıqlığı bir sıra digər məzhəblərin və sufi təriqətlərinin də bölgəyə yol tapmasına şərait yaratmışdır.

Müstəqillik illərində Azərbaycanda gedən islamlaşma prosesində müqəddəslərə pərəstişin gücləndiyi müşahidə olunur - ənənəvi pirlərlə yanaşı təzə pirlər də yaradılır. Bəhailik öz məhfəlini yaratmış və fəaliyyətini ildən-ilə genişləndirir.

Ölkəyə qeyri-ənənəvi dinlərin nüfuzu güclənir. Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Bir sıra protestant təmayüllü dini icmalar ilk dəfə Azərbaycanda 90-cı illərin ortalarında dövlət tərəfindən qeydiyyata alınaraq öz dini ideyalarını yayırlar.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.


Tarix: 27.08.2012 / 22:03 Müəllif: [Ram] Baxılıb: 1681 Bölmə: Ümumi Melumat
loading...