beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikasının Gerbi

Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.
Müsabiqə XalqCümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydana çıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış "Molla Nəsrəddin"çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin, R.Telinqaterin yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb edir.
Azərbaycan gerbi1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.
Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.
Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir.
Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və or­namentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.
Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini,xalqın qəhrəmanlıq əzmini ifadə edir.
Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.
Gerbimizin mərkəzində şölə saçan alovun mahiyyəti M.Ə.Rəsuilzadənin Milli Cümhuriyyət Parlamentinin ilk açılışındakı nitqində aydın ifadə olunmuşdur: "Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman kəndisinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi-ümid və inam təşkil eyləmişdir... Qəni bir atəş. Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə börkü yaxan bu atəş əbədiyyən sönməz bir məşələ təşkil edib də hüriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın!"
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il19 yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ

l. Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır".
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına,məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
e) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b)Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu əsasnamənin3-cümaddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində;
d)Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.
6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər.
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir.


Tarix: 09.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Ümumi Melumat