beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Metropoliteni

üstəqil Azərbaycan Respublikasının paytaxtı olan müasir Bakı şəhəri Yaxın şərqdə ən iri şəhərlərdən biridir. Təbii amfiteatr şəklində 150 kv.km qədər sahəni əhatə edən Bakı şəhəri, Xəzər dənizinin sahilində 20-km-ə kimi körfəzboyu uzanır.


Bakı və neft bir-birilə əlaqəli, biri-birini tamamlayan iki məfhum. Hələ qədimdən Abşeron yarımadasında, aşkar edilmiş neft yataqları, XIX əsrin axırı, XX əsrin əvvəllərindən başlayaraq burada, bir sıra iri müəssisələrin, o cümlədən neftçıxarma və neftemalı, enerji, maşınqayırma, kimya, metaltökmə və başqa müəssisələrin yaranmasına və bunların yüksək templə inkişafına səbəb oldu. Həmin istehsal müəssisələrinin ətrafında fəhlə qəsəbələri və yaşayış sahələri durmadan inkişaf edir artırdı. 30-cu illərin əvvəlləri, iri istehsal sahələri, sıx əhalisi və durmadan inkişaf edən elmi-texniki və mədəni mərkəzə çevrilən Bakı şəhəri təkcə Qafqazda deyil, o cümlədən keçmiş SSRİ ərazisində iri şəhərlərdən birinə çevrilir. Bu səbəbdən keçmiş SSRİ-nin iri şəhərləri olan Moskva və Leninqrad şəhərlərindən sonra 1932-ci ildə Bakı şəhərinin Baş planında yerüstü nəqliyyatın işini yüngülləşdirən və şəhər nəqliyyatında gərginliyi aradan qaldıran rahat nəqliyyatın - metropolitenin layihələndirilməsi və tikilməsi nəzərdə tutulmuşdu.


Lakin 1941-1945-ci illərdə baş vermiş ikinci Dünya müharibəsi bu planların həyata keçirilməsinə mane oldu. Yalnız müharibədən sonra 1947-ci ildə SSRİ Nazirlər Soveti Bakıda metro tikilməsi barəsində qərar qəbul edir və Bakı metroploitenin tikintisi intensiv sürətlə aparılır, bir neçə tikinti şaxta sahələri yaranır və xeyli tunellər tikilir. Metropolitenin ayrı-ayrı sahələrini tezliklə istifadəyə vermək məqsədilə onun tikintisi bir neçə növbəyə bölündü.

1967-ci ildən metropolitenin növbələri istifadəyə verilməyə başlandı.


I-ci növbə "Bakı Soveti - Nərimanov" sahəsi, uzunluğu 9,92 km və Depo 1967-ci ilin noyabrın 6-da istismara verildi. Bundan bir az sonra 1968-ci ilin aprel ayında, uzunluğu 2,2 km olan "28 May-Xətai" təhvil verilir.


Şəhərin sərnişin daşıma nəqliyyatına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin daimi qayğısı və diqqəti nəticəsində şəhər nəqliyyatının inkişafı sxemi hazırlandı, bu da metropoliten tikintisinin II-ci növəbəsinin istiqamətini təyin etdi.


Bakı şəhəri 8-ci kilometr qəsəbəsi əhalisini ən sürətli və rahat nəqliyyatla tezliklə təmin etmək məqsədilə şəxsən Azərbaycan xalqının ümummilli lideri Heydər Əlivevin tapşırığı ilə metronun "Nərimanov-Neftçilər" sahəsinin uzunluğu 6,3 km olan tikintisi irəli salındı və bu sahədə yerləşən "Ulduz" stansiyası 1970-di ildə, qalan üç stansiyası "Əzizbəyov", "Qara Qarayev" və "Neftçilər" isə 1972-ci ildə istismara verildi.


Tikintini işləri "Şimal" sahəsi istiqamətində davam etdirilərək, 1976-cı ildə "Nizami" stansiyası və ona bitişik 2.2 km uzunluğu olan tunellər istismara verildi.


1979-cu ildə şəhərin Cənub-Şərq hissəsində iri istehsalat müəssisələri, o cümlədən Bakı kondisionerlər zavodu, "Elektroştamp" və s. olan ərazidə "Bakmil" stansiyası istifadəyə verildi.



Metropolitenin II-ci növbəsinin tikintisi 1985-ci ildə başa çatdı, "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" və "Memar Əcəmi" stansiyaları istismara verildi.


1972-ci ildə I-ci növbənin 3-cü sahəsinin istismara verilməsindən sonra əhalisi 300 mindən çox artmış Əhmədli yaşayış massivini sürətli və rahat nəqliyyatla təmin etmək məqsədilə şəxsən cənab Heydər Əliyevin qərarı ilə Şərq sahəsinə aid III-cü növbənin, uzunluğu 5,1 km olan "Neftçilər-Həzi Aslanov" xəttinin tikintisi başlandı.


Əhmədli yaşayış sahəsinin yüksək sürətli və rahat nəqliyyatla təmin edilməsini sürətləndirmək məqsədilə bu sahənin birinci buraxılış kompleksi olan "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarını ilk növbədə tikilib istismara verilməsi qərara alındı və 1989-cu ildə həmin stansiyaların tikintisi başa çatdırıldı.


Bakı metropoliteninin tikintisinin gedişatı və onun vaxtında istismara verilməsi Heydər Əliyevin təşəbbüsü ilə dəfələrlə Mərkəzi Komitənin bürosunda müzakirə edilmiş və Nazirlər Kabinetinin qərarlarında öz əksini tapmışdır.


Metropolitenin başqa bir sahəsi olan "28 May" stansiyasının yenidən qurulması obyektində I-ci buraxılış kompleksi olan "Cəfər Cabbarlı" stansiyası 1993-cü ildə istismara verildi.


1990-cı illərin əvvəlində SSRİ-in süqutu və respublikada yaranmış vəziyyətlə əlaqədar Şərq sahəsini tamamlamalı olan "H.Aslanov" stansiyasının tikintisinə kapital qoyuluş ayrılmadığı üçün kompleksin tikintisində durğunluq yarandı.


1993-cü ildən ulu öndərimiz Heydər Əliyevin Respublika rəhbərliyinə qayıtması ilə əlaqədar olaraq, tikintiyə münasibət dəyişmiş, Bakı metropoliteninin tikintisini davam etdirmək üçün maliyyə vəsaiti mənbələrini müəyyənləşdirmək və investisiya almaq məqsədilə danışıqlar aparılması barədə müvafiq tapşırıqlar verildi.


Azərbaycan hökuməti rəhbərlərinin Avropa Birliyi ilə apardığı intensiv işgüzar danışıqları öz müsbət nəticəsini verdi və "Həzi Aslanov" stansiyasında yarımçıq qalmış işləri başa çatdırmaq üçün Avropa Birliyi tərəfindən, 4,1 mln. avro ayrıldı.


Bu stansiyanın 2002-ci ildə təhvil verilməsi Prezident Heydər Əliyev tərəfindən Bakı metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin kollektivinin qarşısında vəzifə kimi qoyuldu.


Stansiyanın tikintisinə Bakı metropoliteninin və Səhmdar Cəmiyyətin bütün qüvvələri səfərbər edildi və respublikada fəaliyyət göstərən xüsusiləşdirilmiş müəssisələr tikintiyə cəlb edilərək qarşıya qoyulmuş vəzifə vaxtında yerinə yetirildi.


"Həzi Aslanov" stansiyası və ona gələn tunellərin istismara verilməsindən sonra Bakı metropoliteni 20 stansiya və uzunluğu 31,5 km xətlərdən ibarət oldu.


Tarix: 27.08.2012 / 21:07 Müəllif: [Ram] Baxılıb: 1279 Bölmə: Ümumi Melumat