Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda din

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.


Bütpərəstlik


Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.


Zərdüştilik


Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.


Yəhudilik


Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.

Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.


Xristianlıq


Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.


Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.

Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.


Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.


Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.


İslam


VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində - ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda "rəbəd" adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı - 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.


Tarix: 27.08.2012 / 22:02 Müəllif: [Ram] Baxılıb: 3360 Bölmə: Ümumi Melumat
loading...