Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu...Gulumseyen Qiz..10dekabr

Başdaşlarının arasına çökən bürkü onu əldən salır, istidən öləzimiş yovşanların tünd, acı qoxusu başını gicəlləndirirdi, yovşanların belə tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. Balıqqulağı, göbələk bitirmiş, yağışdan, günəşdən bozarmış daş hasar günəşin yandırıcı şüalarından qorumasaydı, ayaq üstə qala bilməz, yıxılardı.
Etinasız baxışlarla ətrafı nəzərdən keçirirdi, bir az aralıdakı qara mərmərdən yonulmuş başdaşının üzərində cavan qız şəkli var idi, qız olduqca gözəl idi, gur saçları, baxışlarında ilğımlanan fani dünyanın iztirabları, həsrət onu daha da gözəl göstərirdi. Belə gözəl qızın dünyasını tez dəyişməsinə heyfisləndi, görəsən nəymiş ölümünün səbəbi, bir vaxtlar gəzirmiş, gülürmüş, dünyaya gözəllik, fərəh səpirmiş. İndisə bürküdən boğulan qəbrstanlıqda uyuyurdu. Birdən başında tüklərinin biz-biz durduğunu hiss elədi, qız ona gülümsəyirdi. Gözlərinə inanmadı, başını silkələyir, özünü ələ almağa çalışırdı, yox, səhv görməmişdi, qız gözlərini süzdürərək gülümsəyirdi, sanki baş daşı üzərindəki şəkil yox, canlı insan idi. Cansız sükutla uyuyan qızın şəkli gülümsəyə bilməzdi, sadəcə onu isti vurmuşdu.
Molla adamları getməyə çağıranda dirçəldi, əməllicə sevindi. Getməmişdən əvvəl bir də dönüb geri baxdı, özüydü ki vardı, qız gülümsəyirdi. Adamların arasından keçib, günəşin yandırdığı, göydən-yerdən alov ələnən meydançaya çıxdı, istidən az qala huşunu itirəcəkdi. Maşınına keçib matoru işə salan kimi də sərinkeşi qoşdu, günün altında qızmış maşın hələm-hələm soyumurdu. Dostu da gəlib çıxdı, istidən şikayətlənirdi.
Yerini dəyişib dostuna dedi ki, maşını sür, mən özümü yaxşı hiss eləmirəm. Dostu da hamısı istidəndir deyirdi, rəng-ruhun ağarıb, istiyə dözümün yoxdusa, gərək çölə çıxmırdın. Əlbəttə çıxmamalıydım, hirslə dedi, əl çəkmədin, qonşuluq borcunu verməsəymişəm, dünya dağılacaqmış, bu qocanı qəbrə qoyub üstünü torpaqlaya bilməyəcəklərmiş. Dostu maşını yerindən tərpətdi, şəhərə doğru istiqamət götürdü. Maşın gur axına qarışandan sonra istəməsə də fikirlərini dostuyla bölüşməyə ehtiyac duydu.
- Bilirsən, orda, qəbrstanlıqda…
- Nə olub? – dostu sözünü axıra kimi deməyə imkan vermədi.
- Qız mənə gülümsəyirdi.
- Harda, qəbrstanlıqda?
- Dənizdə! – hirslə qışqırdı.
Dostu bir şey başa düşə bilməyib, başını yırğaladı, o isə qızğınlıqla inandırmağa çalışırdı. Orda, başdaşının üzərində cavan bir qız şəkli vardı, qız mənə gülümsəyirdi. Əvvəlcə inanmadım, elə bildim məni qara basır, şəkil gülümsəyə bilməzdi. Dəfələrlə baxdım, yanılmırdım, qız doğrudan da gülümsəyirdi. Hətta qəbirstanlıqdan çıxanda belə geri boylanıb baxdım, yanılmamışdım. Dostu inanmırdı, hamısı istidəndir, deyirdi, gün vurub səni.
Döndər maşını geri, dedi, gedib baxaq, görək mən deyəndir, ya yox? Öz gözlərimlə gördüyümü deyirəm, sənsə istidən dəm vurursan. Dostu qayıtmaq istəmirdi, məcbur elədi, geri qayıtdılar. Alov püskürən həmən meydanda maşını saxlayıb düşdülər, yerdən-göydən ələnən istidən başı hərləndi, istidə çox qalmamaq üçün iti addımlarla qəbirstanlığa getdilər, hələ uzaqdan yovşan qoxusu vurdu onu. Hər nəydisə bu gün yovşan qoxusuna dözə bilmirdi, həm də dözülməz istidə yovşan çox tünd qoxuyurdu.
Baş daşlarının arasından keçib onun dediyi qəbrə yaxınlaşdılar. Üzərində gözəl qızın şəkli əks olunmuş başdaşının qarşısında dayanmışdılar, qız gülümsəyib eləmirdi, baxışlarından kədər, ələm yağırdı.
- Gülümsəyir? – dostu istehza soruşdu.
- Yox, – istəməsə də təsdiq eləməli oldu.
- Mən deyəndi, səni qara basıb.
- İnan, gülümsəyirdi.
- İndiki kimi?
- Yaxşı, gedək, – mübahisə eləmək fikrində deyildi.
Geri qayıtdılar, qəbrstanlıq qapısından çıxanda geri boylandı, başında tükləri biz-biz durdu, qız yenə də ona gülümsəyirdi, ancaq bu acı gülüş idi, istehza, kinayə var idi bu solğun gülüşdə. Daha dostuna heç nə demədi, qorxdu deyə, bax, qız gülümsəyir, dostu da baxanda qız gülümsəyib eləməyə.
Evə qayıtdı, fikri-zikri qəbrstanlıqdaydı, mərmər baş daşının üzərində gülümsəyən qız varlığına hakim kəsilmişdi, ona rahatlıq vermirdi. Özünü tamam unutmuşdu, neylədiyinin fərqində deyildi, bircə anın içində hissiz, duyğusuz, etinasız adama çevrilmişdi. Yuxulu aləmdə yaşayırdı, solğun gülüşlə gülümsəyən qız gözləri önündən getmir, qarşısı alınmaz bir maraqla bu sirri açmaq istəyirdi. Başdaşı üzərindəki şəkil necə gülümsəyə bilərdi, həm də niyə ancaq ona gülümsəyirdi?
Açarı burub matoru söndürdü, başını qaldırıb ətrafa baxanda gözlərinə inanmadı, qəbrstanlıq qapısının qabağındakı günəşin yandırıb qarsadığı balaca meydançada dayanmışdı. Nə vaxt dostu düşmüş, özü sükan arxasına keçib maşını bura sürmüşdü, xəbəri olmamışdı. Maşından düşdü, getmək istəmirdi, ancaq iradəsinin əleyhinə olaraq ayaqları onu irəli aparırdı. Acı yovşan qoxusunu ciyərlərinə çəkərək bu istidə belə rütubət, yanıq qoxusu verən baş daşlarının arasından keçib qızın şəkli olan başdaşına yaxınlaşdı. Qız gülümsəyirdi, ancaq getdikcə bu gülüş daha kinayəli, istehzalı olurdu. Bir az aralıda qoca kişi cığırlarda bitmiş dəvətikanlarını, qanqalları bellə dibdən vurub bir yerə yığırdı. Səslədi, qoca dikəlib başını yuxarı qaldıranda, bura gəl deyə əliylə işarə elədi. Qoca bir söz demədən ona yaxınlaşdı, baxışlarında sual, maraq var idi. Başdaşını qocaya göstərib, üzərindəki şəklə baxmağı qocadan xahiş elədi.
- Baxdım, nə olub?
- Bir şey hiss eləmirsən?
- Yox, – qoca başını yırğaladı, – şəkildi də.
- Gülümsəyir, görmürsən? – səsini qaldırdı.
- Neyləyir?
- Gülür!
- Sən dəlixanaya ged, yerin oradı. Burda ölülər yox, dirilər də gülmürlər.
- Qoca sarsaq! – nifrətlə dedi.
- Necə dedin?!
Qoca hərləyib beli onun başına vurmaq istədi, vaxtında geri sıçramasaydı, bel başını iki yerə böləcəkdi. Qocanın əl çəkmək fikri yox idi, arxasınca düşmüşdü, hərləyir, fırlayır, bellə ona vurmaq istəyirdi, bel torpağa, daşa dəyir, cingildəyirdi. Bir təhər canını qurtara bildi, qaçıb küçəyə çıxcaq taksi saxladı, oturan kimi də sürücüyə sürməsini tapşırdı. Yalnız taksi yerindən tərpənib on-on beş addım aralanandan sonra öz maşınının arxada qaldığını hiss elədi. Taksini saxlatdırıb geri boylandı, güzgüdə əlində bel olan qocanın maşının yanında dayandığını gördü, qayıda bilməzdi, hirsli qoca beli ilə axırına çıxardı. Yalnız qoca çıxıb gedəndən sonra taksini geri sürdürdü, maşınına minənə kimi qorxu hissi onu tərk eləmədi, qocanın indicə hardansa çıxıb beli başına vuracağını gözləyirdi. Maşını yerindən tərpətdi. Sərinkeş işləyir, soyuq hava axını onu ağuşuna alır, ancaq qəlbini didən fikirlərdən yaxa qurtara bilmirdi. Nə qədər çox düşünürdüsə, bir o qədər labirintə düşür, dalana dirənirdi. Nahaq gəldi. Nəyisə aydınlaşdıra bilmədi, ondan başqa kimsə qızın gülümsədiyini görə bilmirdi. Ən qəribəsi də getdikcə bu gülüş acı, kinayəli olurdu.
Bu sirrə aydınlıq gətirmək üçün dəfələrlə, həm də günün müxtəlif vaxtlarında qəbrstanlığa gedir, başdaşının üzərindəki şəklə baxır, hər dəfə də yanılmadığını görürdü, qız istehzalı, kinayəli gülüşlə gülümsəyirdi. Xoşbəxtçilikdən bircə dəfə də olsa hirsli qoca ilə rastlaşmırdı. Qəbrstanlıqda o qədər vaxt keçirirdi ki, yovşanın kəsif qoxusu üst-başına, paltarlarına hopurdu, bunu hiss eləyən anası, ay oğul, deyirdi, nə işdisə son zamanlar üst-başından yovşan qoxusu gəlir. O da gününü qəbirstanlıqda keçirdiyini deyə bilmirdi.
Dostu onun qəbrstanlıqdakı şəkillə maraqlanmasından hansı yollasa xəbər tutumşdu. Bir gün işdən qayıdanda dedi, gəl gedək qəbrstanlığa, görüm səni ora çəkən nədir. Dostu psixoloqdu, deyirdi, insanda bu kimi hallar olur, kişinin fotoşəkillərlə, ikonlarla, heykəllərlə cinsi istək arzusunda olması piqmalionizm adlanır. Baş daşının üzərindəki şəklə vurulmaq isə kişilərldəki psixi pozğunluğun başqa təzahürüdü, bu daha çox şizofrenik əlamətdir. Hirsləndi, özündən nələr uydurursan, mən o qıza, ya da onun şəklinə vurulmamışam. Mən adi bir sirri açmaq istəyirəm, niyə bu qızın şəkli mənə gülümsəyir, ən çox da təklikdə olanda.
Maşına oturub birlikdə qəbrstanlığa getdilər, qəbrstanlıqda dostu yaxınlaşıb qızın şəklinə əlini sürtdü, bilmək olmurdu nəyi aydınlaşdırmaq istəyir, sonra da fotoaparatını çıxarıb daşın şəklini çəkdi. Geri qayıdanda ondan soruşdu, sən qızlarla qeyri adi hadisələr yaşamayıbsan ki? Yox, dedi, həyatda qeyri adi hadisələr yaşadığım olub, qızlara gələndə isə, onlarla bir qayda olaraq adidən adi hadisələr yaşamışam. Üç dost idik, kafe işlədirdik, içəridə beş-altı yataq otağı da var idi. Hər yerdən qızlar gəlir, orda müştərilərlə görüşürdülər. Yazırlar e, guya qızları zorla bu işlərə cəlb eləyirlər, şəxsən mənə təsadüf eləməyib. Kimsəni ora zorla gətirmirdik, əksinə, on dörd, on beş yaşlı qızları ordan qovduğum çox olub. Yalvarır, yaxarır, əl çəkmir, onlara müştəri tapmağı xahiş eləyirdilər. Atasından küsən, ailəsindən inciyən, dolanmaq, yemək üçün pul tapa bilməyənlər, aldananlar, sevgililərindən ayrılanlar, boşanmış ailələrdə yaşayanlar bizə gəlirdilər. Aralarında hər cür qızlar olurdu, hansını istəyirdim, onunla da vaxt keçirirdim. Nəyə görə də qeyri adi hadisə yaşamalıydım?
Yalnız həyətdə nəyisə xatırlayıb dostuna; qeyri adi hadisə olub, dedi, amma qızlarla bağlı deyildi. Təxminən üç ay bundan əvvəl birdən hiss elədim ki, daha o kafeyə getmək istəmirəm. Neylədimsə, özümü orda işləməyə məcbur eləyə bilmədim, öz payımı dostlarıma satıb ordan getdim və bir daha ora qayıtmadım.
- Hər şeyi orda axtarmaq lazımdı! – dostu dedi.
- Yəni harda?
- O qızın nə vaxt öldüyünü bilirsənmi?
- Hə, başdaşının üzərində ölüm tarixi yazılıb. Bu ilin aprel ayında.
- Yəni üç ay bundan əvvəl, – dostu mənalı tərzə dedi.
Lənət şeytana, psixoloq nə demək istəyirdi? Hər halda qəribə bir uyğunluq var idi, düz üç ay bundan əvvəl kafeni satmış, ordan getmişdi. Qız da üç ay bundan əvvəl ölmüşdü. Bu tarixlər arasında nə əlaqə ola bilərdi?
Dostu belə olmayacaq, deyirdi, özün heç, məni də işə salıbsan, ancaq bu haqda fikirləşirəm. Ağlı başında olan, sağlam bir adam niyə belə cəfəngiyyat danışmalıdı? Gecə gedək qəbrstandığa, qəbri qazıb, qızı çıxaraq, onda bir çox suallara cavab taparıq. «Necə? – qışqırırdı. – Yoxsa qızın alnına yazılıb niyə və nədən ölməsi, niyə mənə gülümsəməsi? Ya bəlkə qədimilərdə olduğu kimi qızın həyatını daş, gil lövhələrə yazıb, özüylə birlikdə basdırıblar?» Dostu əl çəkmədi, nə sirr varsa o qəbirdədir, deyirdi, qazıb meyiti çıxarandan sonra hər şey aydınlaşacaq. Məcbur qalıb dostunu qovdu, yatmamışdan qabaq Allaha dua da elədi:
- İlahi, məni psixoloqlardan qoru!
Səhər anası onu oyatdı, dostu ölmüşdü, meyitini qəbrstanlığın qapısı ağzında tapmışdılar. Geyinib küçədəki uşaqların yanına getd, məlum oldu ki, psixoloq nədən ötrüsə ling, bel götürüb gecə qəbrstanlığa gedib, üç ay bundan əvvəl ölmüş bir qızın qəbrini qazmaq istəyib, linglə bir-iki daşı yerindən də tərpədib, amma nə baş veribsə lingi, beli orda ataraq geri qaçıb. Necə qorxubsa, özünü ancaq qəbrstanlığın qapısına qədər çatdıra bilib, orda isə bağrı çatlayıb ölüb. Hər şey ona aydın oldu, dostu qəbri qazıb qızın meyitini çıxarmaq istəyirmiş, ancaq birdən necə olubsa, qızın şəklinə baxıb və qız da yəqin ki, ona gülümsəyib. O da qorxub qaçıb, amma ürəyi dözməyib, gecəyarısı qəbrstanlıqda belə mənzərə ilə rastlaşmaq hər bir adamı vahiməyə salardı. Adam dəliymiş, vəssəlam, sənin gecə qəbrstanlıqda nə işin vardı, qızın meyitini çıxarıb neyləmək istəyirdin?
Xəstə olduğunu bəhanə gətirib dostunun dəfninə getmədi, böyük qardaşı deyəndə ki, belə omaz, gedək, qonşuluq borcunu verək, etiraz elədi. Sən get, ver qonşuluq borcunu, mən isə vermək istəmirəm, hər nədirsə qonşuluq borcunu vermək mənə baha başa gəlir. Bir şey başa düşməyən qardaşı da başını yırğalayaraq getdi.
İki-üç gündən sonra təzədən maşina oturub qəbrstanlığa sürdü, giriş qapısının ağzında maşını saxlayıb düşdü, həmən başdaşının yanına getdi. Qız şəkildən yenə də kinayə ilə gülümsəyirdi, açıq-aşkar, bu boyda illuziya, qarabasma ola bilməzdi. Yaxınlaşıb bir daha başdaşının üzərindəki yazıları oxudu. «Ağayeva Gülarə Çapar qızı». Aşağıdan olum-ölüm tarixləri də yazılmışdı. «13/lV-1989, 18/lV-2007». Düşünmədən birbaşa qəbrstanlığ müdiriyyətinin yanına getdi, müdir yerində idi. Onu yaxşı qarşıladı, suallarına da həvəslə cavab verirdi. Müdir qızın dəfn gününü olduğu kimi xatırlayırdı, çünki qızı zorlayıb öldürmüşdülər, qohumları, qonşular hirsliymişlər, ata-anası isə özlərini öldürürmüşlər. Müdir bununla da kifayətlənmədi, qızın ünvanını da ona verdi, burda basdırılanların ünvanlarını da yazırmışlar.
Müdirin yanından çıxanda bir az da heyrətlənmişdi, demək, qız öz əcəliylə ölməyibmiş, zorlayıb, işkəncə ilə öldürmüşdülər. Elə isə faciəli taleyi olan bu qız şəkildən ona niyə gülümsəyirdi. Niyə məhz ona?
Maşına oturandan sonra matoru işə salıb, bir müddət fikirli halda oturdu. Hədsiz yorulmuşdu, başı ağrıyır, gicgahları zoqquldayırdı. Maşını yerindən tərpədib birbaşa müdirin verdiyi ünvanı axtarmağa getdi. Qız yaxınlaqdakı qəsəbədə olurmuş, ona görə də verilən ünvanı tapmaq çətin olmadı. Maşını xaki rəngli qoşa lay qapının ağzında saxlayıb düşdü. Qapının zəngini basanda həyəcandan əlləri titrəyirdi, yaxşı, atası, ya da anası çıxdı, nə deyəcəkdi? Deməyəcəkdilərmi sənə nə lazımdı? Olmaya onlara deyəcəkdi bəs üç ay bundan ölmüş qızınızın başdaşındakı şəkli mənə niyə gülümsəyir? Azından soruşacaqdılar ki, sənə nə lazımdı, nə istəyirsən, niyə gəlibsən?
Nəhayət qapı açıldı və başının tükləri biz-biz durdu. Qapını açan həmən qız idi, başdaşının üzərində şəkli olan, dizdən cins şalvar, nazik qırmızı parçadan kofta geymişdi, gur saçları çiyinlərinə səpələnmişdi.
- Gülarə? – heyrətlə soruşdu.
- Hə, – qız başı ilə təsdiq elədi.
- Ağayeva?
- Aha!
- Siz sağsız?
- Necə yəni? – qız qaşlarını çatdı.
- Ölübsüz axı!
- Başın xarabdı?
Qız dedi və onun nə deyəcəyini gözləmədən qapını çəkib bağladı. Qapının ağzındaca donub qalmışdı, özünü ələ ala bilmirdi. Nələr baş verirdi, bu yuxuydu, ya reallıqdı? Qızın qəbri qəbrstanlıqdaydı, ölmüşdü, özü də müdirin dediyinə görə faciəli surətdə, zorlayıb öldürmüşdələr. Bu günsə qız özü qapını onun üzünə açdı. Maraq hər şeyə üstün gəldi, təzədən qapının düyməsini basdı, bu dəfə də qız açdı qapını, hirsliydi.
- Yenə nə lazımdı?
- Bağışlayın, inanmayacaqsız, amma qəbrstanlıqda sizin qəbriniz var. Yəni ordakı başdaşının üzərində öldüyünüz yazılıb. Ünvanınızı müdirdən alıb bura gəlmişəm.
- Nağıl danışırsan? – qız ona inanmırdı.
- İnanmırsan?
- Sən olsan inanarsan?
- İnanmaram, - etiraf elədi.
- Elə isə mən niyə inanmalıyam?
- Həqiqətdi, ona görə. İstəyirsən, gedək baxaq. Burdan on dəqiqəlik yoldu.
- Gedək, – heç gözləmədiyi halda qız razılıq verdi.
Qız onun maşınına əyləşdi, bu təklifi qəbul eləməyəcəyini gözləyirdi, qızın isə indiyə kimi tanımadığı, bilmədiyi birisinin maşınına fikirləşmədən minməsi onu çaşdırsa da, sevindirdi. Bəlkə elə qız öz qəbrinə baxandan sonra hər şey aydınlaşacaqdı. Hər halda qəbr sahibindən daha yaxşı bu sirrə aydınlıq gətirəcək birisini tapmaq olmazdı. Qəbrstanlığa kimi dinib danışmadılar, qız fikirli idi, pəncərədən çölə baxır, heç nə soruşmurdu.
Yalnız öz qəbrinin qarşısında qız canlandı, əvvəlcə gülürdü, ancaq yaxınlaşıb başdaşına baxandan sonra həyəcanlandı, nəsə demək istəyir, ancaq dili söz tutmurdu. Birdən dönüb ona baxdı və sapsarı saraldı, tir-tir əsirdi, gözləri alacalanmışdı.
- Sənə bir şeymi oldu? – qızın qolundan yapışmaq istədi.
- Yaxın gəlmə! – qız qışqırıb geri çəkildi.
- Nə olub axı?
- Qatil! Əclaf!
Qızın qolundan yapışdı, heç nə başa düşə bilmirdi, birdən-birə buna nə oldu? Niyə ona qatil deyirdi, qızın çiyinlərindən yapışıb silkələyir, ancaq qız özünə gələ bilmirdi, tora düşmüş quş kimi titrəyir, onun əlindən qurtarmaq istəyir, çapalayırdı. Qızı bir təhər dilə tutub maşına gətirdi, soyuducudan su şüşəsini götürüb üz-gözünə soyuq su çilədi. Qız özünə gəlsə də, dili söz tutmurdu, nəhayət özünü ələ alıb danışmağa başladı. «Mən başdaşına, sonra da sənə baxan kimi hər şeyi xatırladım. Yağışlı bir axşam ad günündən çıxmışdım, küçənin işıqları sönmüşdü, avtobus da yox idi. Bir maşının gəldiyini görüb, taksi olduğunu zənn eləyərək əl elədim, maşın saxladı və mən də mindim. Həmən bu maşın idi, səndən başqa da iki nəfər var idi. Biri uzun, arıq, daz, o birisi də orta boylu idi, gözləri işıldayırdı. Düşmək istədim, qolumdan yapışıb qoymadız, qışqırmayım deyə ağzımı tutduz. Sən deyirdin, buraxaq getsin, orda bəs qədər qız var, dostların isə razılaşmırdılar, nə danışırsan, birinci dəfədi belə gözəl qız görürük. Öz xoşuyla minib, zorla mindirməmişik ki? Nə qədər çalışdım, çapaladımsa, onların əlindən qurtara bilmədim, məni bir kafeyə gətirib, orda növbə ilə zorladız».
Lənət şeytana, qız doğrudan da dostlarını görübmüş kimi danışırdı, dediyi əlamətlər eynən dostlarına uyğun gəlirdi. Onun təkidi ilə qız yenidən danışmağa başladı. Uzun dedi ki, bunu belə buraxmaq olmaz, yerimizi-yurdumuzu bildi, bizi tanıdı, gedib satacaq. Öldürməkdən başqa çərəmiz yoxdu. Orta boylu oğlanla sən məni boğub öldürdüz. Uzun sənə dedi ki, basdırmaq qaldı sənin boynunda, aparıb xarabalıq bir yerdə basdırarsan.
Sən bunları yuxuda görübsən, qızı inandırmağa cəhd eləyirdi, yaxşı, biz səni zorlayıb öldürmüşüksə, sən necə sağsalamat ola bilərsən? Olmaya öləndən sonra dirildin? Ölmüşdünsə, bizim danışdıqlarımızı necə eşidirdin? Amma bu qəbir məsələsi məni də çaşdırır, ölməyinə ölməyibsən, bəs bu qəbir kimindi? Kim səninlə belə zarafat eləmək fikrinə düşüb? Nəyə görə başdaşının üzərindəki şəklin mənə gülümsəyirdi? Bu suallara cavab tapmaq istəyirdim, tapa bilmədim, kələf bir az da dolaşdı. Bir qədər özünə gələn qız da çaşıb qalmışdı, sağsalamatdısa, demək, kimsə onu öldürməmişdi, bayaq danışdıqlarını da yuxuda görmüşdü. Yuxuda niyə məhz onları görməsi, həm də olduğu kimi, qızın özünə də qəribə gəlirdi.
Gedək səni aparım evinizdə qoyum, qıza dedi, unudaq bütün bunları. Bu dolaşıq işlərdən onsuz da bir şey başa düşmədim.
Qızı qapılarının qabağında düşürtdü.
- Yenə görüşəkmi? – qızdan soruşdu, əslində isə ürəyində bir daha bu qızla görüşmək istəyi yox idi.
- Yox! – qız hirslə deyib, qapını açaraq içəri keçdi, arxaya belə baxmadan qapını çəkib bağladı.
Bir müddət də dayanıb gözlədi, heç nə başa düşə bilmirdi. Soyuducudan soyuq su götürüb içdi, qərara aldı ki, işlərini qaydaya salıb, ucqar bir yerə çıxıb getsin, paytaxtın səs-küyündən uzaqda heç olmaya beş-on gün dincəlsin. Əsəbləri qaydada deyildi, bu son hadisə isə onu büsbütün yordu, əldən saldı.
***
Bu hadisədən bir həftə keçmişdi, artıq işlərini qaydaya salmışdı, istirahətə yola düşmək üçün hazırlıq görürdü. İşdən qayıdıb evə gedəndə maşınını polislər saxladı, özünə gəlməyə imkan vermədən qollarını qandallayıb polis şöbəsinə apardılar. Onu burda dindirən müstəntiq dedi ki, Ağayeva Gülarə Çapar qızı bir həftə bundan əvvəl yoxa çıxıb. Onu son dəfə sənin maşınına minən görüblər, gedib və bir daha qayıtmayıb.
- Qayıdıb! – inamla dedi.
- Hara?
- Evlərinə. Mən onu gətirib qapılarının ağzında maşından düşürtmüşəm.
- Bəs sən onu hara aparmışdın?
- Qəbrstanlığa.
- Ora niyə? – müstəntiq inamsızlıqla səsləndi.
- Qəbrini göstərməyə.
- Göstərdinmi? – müstəntiq istehza ilə gülümsəyirdi.
- Göstərdim!
Başına gələnlərin hamısını, o cümlədən qızın ona dediklərini də müstəntiqə danışır, müstəntiq isə ona inamsızlıqla qulaq asırdı. Qızın hansı qəbirstanlıqda dəfn edildiyini öyrənib getdi və axşam təzədən onu yanına çağırdı. «Sən danışanda mən inanmamışdım, amma doğrudan da qəbrstanlıqda qızın qəbri var idi. Birinci dəfəydi hansısa manyakın zorlayıb öldürdüyü qızı belə təntənə ilə dəfn eləməsinin şahidi olurduq. Qəbri açdıq. Qızın meyiti ordaydı, ilkin ekspertiza təsdiq elədi ki, qız doğrudan da zorlanıb, sonra da boğularaq öldürülüb. Dostlarını da həbs elədik, bu qızı tanımadıqlarını, indiyə kimi haqqında belə eşitmədiklərini deyirlər, amma ortalıqda təkzib edilməz fakt var. Yeri gəlmişkən dostların bu qızdan əlavə də xeyli qızı aldadıb, yoldan çıxararaq öz kafelərinə aparıb, orda onları zorlayıb, sonra da digər müştərilərə xidmət eləməyə məcbur eləyirmişlər. Onları polislə hədələyən iki qızı öldürüb yarımçıq bir tikintinin həyətində basdırıblar. Meyitləri də çıxarmışıq, şahidlər bu faktı təsdiq eləyiblər, ən qəribəsi isə dostların hər şeyi boyunlarına alsalar da, bu qızı tanımadıqlarını, öldürmədiklərini inadla deyirlər. Halbuki bir meyidin az, ya çox olması onların halına fərq eləməz. Bu işdə başqa qəribəliklər də çoxdu. Ekspertiza qızın üç ay bundan əvvəl öldüyünü deyir, qəbirstanlığın müdiriyyəti də bu faktı təsdiq eləyir. Di gəl qızın valideynləri qızlarının bu üç ayı onlarla birgə yaşadığını, cəmisi bir həftə bundan əvvəl yoxa çıxdığını deyirlər. Qızlarını basdırmadıqlarını, bu məqsədlə qəbirstanlığa getmədiklərini desələr də, gözətçi də, qəbirstanlığın müdiri də üzləşmədə dəfnə gələnlərin çoxunu tanıdı. Biz bu gün axtarıb başdaşının hansı emalatxanada hazırlandığını öyrənmişik, üzləşmə keçirəcəyik, əyər daşı sifariş verənlərin qızın atası, qohumları olduğu təsdiq olunarsa, sənə kömək eləyəcəyəm».
- Demək, qız qəbrdəydi? – heyrətlə soruşdu.
- Hə də.
- Həm də üç ay bundan əvvəl öldürülüb?
- Elədi.
- Onda mənimlə bir həftə bundan əvvəl qəbrstanlığa gedən qız kim imiş?
- Səninlə qəbrstanlığa gedən elə həmən qız imiş. Bir həftə bundan əvvəl onu sənin maşınına minən görüblər.
- Bəs onda üç ay bundan əvvəl öldürülən qız kimdi? İndi bu qızların hansının ölümünü mənə sırıyırsız?
- Bu qızların yox, bir qızın. Sadəcə, nəyə görəsə şahidlər, xüsusi ilə də qızın ata-anası tarixlərdə dolaşıqlığa yol verirlər.
Müstəntiq dediyi kimi də elədi, bir azdan onu geniş bir otağa apardılar, ondan başqa da burda on beş-iyirmi adam var idi. Müstəntiq daşyonanın gətirilməsinə göstəriş verdi. Qapqara şəvə saqqalı olan, sağlam bədənli cavan oğlan içəri girəndə sanki çiyinlərindən yük götürüldü. Bu oğlanı tanımırdı, ilk dəfəydi görürdü, demək, oğlan da onu tanıya bilməzdi. Oğlan isə içəri girib adamları nəzərdən keçirən kimi də, gəlib onun qarşısında dayandı.
- Buydu! – inamla dedi.
- Səhv eləmirsən ki?
- Yox, – oğlan başını yırğaladı, – pulumu qabaqcadan verdi, başdaşını da gəlib vaxtında apardı. Təzə model BMV-si də var idi.
Porlislər onu güclə qızın qohumlarının əlindən ala bildilər, qəzəblənmiş adamlar onu didib parçalamaq, öldürmək istəyirdilər. Saçını yolur, paltarlarını cırıb dağıdır, harası gəldi təpik-yumruq ilişdirirdilər. Kameraya gətiriləndən sonra belə bir müddət özünə gələ bilmədi, bu adamlar ondan nə istəyirdilər, axı bu cinayətdən xəbəri yox idi. Di gəl buna kimisə inandıra bilmir, yanıb yaxılırdı.
Onu qəbrin üstünü götürən usta, orda işləyən fəhlələrlə də üzləşdirdilər, hamısı bir ağızdan işi onun gördürdüyünü deyirdilər. Hətta usta bir xeyli də razılıq elədi, guya haqlarını artıqlaması ilə veribmiş, elə buna görə də istəsə belə onu unuda bilməzmiş. O isə bu adamları həyatında ilk dəfəydi görürdü.
Sonra da onu xəstəxanaya tibbi müayinəyə göndərdilər, müstəntiq ağlının, şüurunun qaydada olmadığı qənaətinə gəlmişdi. Həkimlər isə hərtərəfli müayinədən sonra tamami ilə sağlam, normal adam olduğunu dedilər. Həkimlər haqlı idilər, indiyə kimi xəstələnməmiş, nə vaxtsa həkimə müraciət eləməmişdi.
Müstəntiq onu yanına çağırdı, sənə köməyim dəyməyəcək, dedi. Fakt ortalıqdadı, deyək ki, qızı sən öldürməyibsən, bəs öldürmədiyin qız üçün niyə başdaşı sifariş verirdin? Nəyə görə tanımadığın, bilmədiyin qızı dəfn eləməliydin? Qaldı tarixlərdəki dolaşıqlığa, qəbrstanlıq işçilərinin dedikləri ilə qızın qohumlarının, qonum-qonşularının dediklərinin üst-üstə düşməməsinə, belə düşünürəm, biz bu məsələləri heç vaxt sona qədər aydınlaşdıra bilməyəcəyik, onu da düşünürəm ki, heç lazım da deyil. Ortalıqda cinayət və qatillər var, cinayət açılıb, qatillər həbs olunub. Bunları aydınlaşdırmışıq, kifayətdir. Sənə yalnız bir köməyim dəyə bilər, tapşıraram nə lazımsa, versinlər.
Müstəntiq gedəndən sonra acı-acı düşünürdü, mənə nə lazım olacaq, verələr, ya verməyələr. İşləmədiyim bir cinayətdən ötrü ittiham olunuram, məni öldürmək istəyirlər. Yaxşısı həmən gün dəfnə getməmək idi, getməsəydim, qızın şəklini görməsəydim, ağılsızlıq eləyib qızı axtarmasaydım, indi burda deyildim, sən də tapşırmazdın ki, mənə nə lazım olsa versinlər.
Böyük qardaşı onunla görüşə gəldi, bağlaması var idi, bağlamanı verdi.
- Çörəyin arasında lezva var, – pıçıltı ilə dedi.
- Nə? – inamsızlıqla soruşdu.
- Lezva.
- Nəyimə lazımdı, olmaya boğazımı kəsməliyəm?
- Boğazını yox, ay qoyun, venanı!
- Niyə, nədən ötrü?
- Niyəsini bilmirsən?
- Bilmirəm! – səsi gəldikcə qışqırırdı.
Qardaşı nifrətlə başını yırğalayırdı, camaatın qızını zorlayırsan, öldürüb basdırırsan, amma niyəsini bilmirsən, hələ bir böyürürsən də. Bu maddə ilə türməyə düşəndə bilirsənmi neyləyəcəklər? Alçaldıb, işkəncə verə-verə öldürəcəklər. Orda yatanların anaları, bacıları, qızları çöldədi və sənin kimi manyakı əsla bağışlamazlar. Sağ olsun müstəntiq, bizi ikinci rüsvayçılıqan qurtardı. Qardaşına qulaq asır, başa düşürdü ki, taleyi artıq həll olunub, kimsənin ona köməyi dəyə bilməz. Yer üzündə onu qurtaracaq, xilas eləyəcək qüvvə yoxdu. Əslində qardaşı ağıllı təklif eləyirdi.
- Sənə bir şey lazım olacaq? – qardaşı soruşdu.
- Hə, – dedi.
- Nə?
- Araq və yovşan.
- Gətirərəm, – qardaşı söz verdi.
- Qəbrstanlıq yovşanı olmasın,- arxadan qışqırdı, amma bilmədi, qardaşı onu eşitdi, ya yox.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 362 Bölmə: Sevgi varmı?
loading...