Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ideal Aile

"" İdeal ailə ""

Həyat yoldaşının seçimi hər bir insan üçün ən önəmli məsələlərdən biridir. Əgər bir gənc oğlan hansısa bir xanıma ailə qurmaq təklifini irəli sürsə, hər şeydən öncə onun mənəviyyatına diqqət yetirməliyik. Əgər imanlı, əxlaqlı, şərəfli bir şəxsdirsə, onunla ailə həyatı qurmaq olar. Gələcək ər seçimində var-dövlət qətiyyən əsas götürülməməlidir. Çünki sərvət heç bir vaxt səadət qaynağı olmayıb. Maddiyyat üzərində qurulan binalar yenə də maddiyyat üzərində davam edər və sonralar yuvanı yıxan da elə bu maddi səbəblər olar. Mənəviyyat üzərində qurulan neçə-neçə yuvalar isə tam əksinə, həmişə möhkəm və sarsılmaz olub və olacaqdır. Gözəllik, sərvət, var-dövlət və zənginlik maddiyyata daxildir. Belə bir söz var: "Əxlaqsız qadınlar özlərini hər gün pula satırlar, pula görə ərə gedən qız isə bir dəfə özünü satar və sonra bu yolu davam etdirməyə çalışar".Hər bir qız ailə quracağı insanda ilk növbədə iman, təqva və əxlaq axtarmalıdır. Qız oğlanın var-dövləti ilə deyil, özu ilə ailə qurmalıdır. Təqvalı ər qadını sevsə, qiymətini biləcək, sevməsə də ona zülm etməyi rəva bilməyəcəkdir.

Çox zəngin ərlər var ki, heç də xanımlarına, uşaqlarına lazımi diqqət və qayğını, hətta onların maddi tələbatlarını da ödəməyə həvəs və istək göstərmirlər. Belələri üçün pul hər şey deməkdir...

Əgər oğlan xoş xasiyyətə, mənəviyyata və əxlaqa sahib olmazsa, evlilikdən qabaq düşünüb-daşınmayan, bəzən pul üçün, bəzən də bir anlıq sevgi və ya keçici eşq üçün özünü doğruluğuna inandığı ərinin qollarına atan təcrübəsiz qızlar böyük bəlalar ilə üzləşə bilərlər.Ailə həyatının təməli qoyulduğu an bir mühüm məsələni də unutmaq olmaz. İki evlənən insan arasında sevgi olması çox zəruridir. Çünki bir-birini sevən ər-arvad ailə həyatlarında yaranan problem və çətinlikləri daha asan və rahat həll edə bilir. Bir-birlərinə güzəştə getməyi bacarırlar, qarşı tərəfi sevindirmək, xoşbəxt etmək üçün fədakar olurlar. Bu isə ailə həyatında çox mühümdür! Bir-birinə sevgi, mərhəmət və ehtiram duyan valideynlərin uşaqları da xoşbəxt, kompleksiz və sağlam olur, onları əhatə edən insanlara və cəmiyyətə çoxlu fayda və sevgi verməyi bacarırlar. ALLAH-Təala ər-Rum surəsinin 21-ci ayəsində belə buyurur:

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"

Ailə həyatı qurmağa hazırlaşan əziz bacı-qardaşlarımız! Bütün qeyd olunanları nəzərə alaraq özünüzü layiqincə qiymətləndirməyi bacarın. Uzun həyat yoluna çıxacağınız insanın seçimində diqqətli və ehtiyatlı olun. Çünki xoşbəxt ailəyə sahib olmaq həyatda hər şeyə sahib olmaq deməkdir. Xoşbəxt ailə həyatı isə yalnız və yalnız ALLAH-Təalanın qoyduğu qayda-qanunlar çərçivəsində mümkün ola bilər. Odur ki, həyat yoldaşınızın seçimində yuxarıda qeyd olunan şərtlərə əməl etməyi unutmayın! ALLAH hər bir ailə qurmaq niyyətində olan insanı əsl mənada xoşbəxt etsin!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi varmı?
loading...